Siyasət 12:14 26.06.2013

"İndi azadlıqdır, kim hara istəyir getsin"

“İndi də ABŞ-a gedib hansısa senator və ya konqresmenin 7-ci köməkçisi ilə görüşəcək və şəkil çəkdirəcəklər”.

Bu açıqlamanı APA-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Şura liderlərinin ABŞ-a nəzərdə tutulan səfərlərinə münasibət bildirərkən deyib.

YAP rəsmisi qeyd edib ki, Milli Şura liderlərinin ABŞ-a səfəri sadəcə şou xarakterlidir və ictimai rəyi çaşdırmağa hesablanıb: “Azərbaycanda hər kəs istədiyi ölkəyə gedə bilər. İndi azadlıqdır, kim hara istəyir getsin. Sadəcə olaraq, bunlar şou göstərirlər. İndi bunlar ora gedəcək, hansısa senator və ya konqresmenin 7-ci köməkçisi ilə görüşəcək və şəkil çəkdirib mətbuata verəcəklər. Yəni biz bunları görmüşük. Onlar burada görüş keçirib nə ediblər ki, orada da nə isə etsinlər”.

S. Novruzov deyib ki, vaxtı ilə Rəsul Quliyev də bu işlə məşğul olub: “Rəsul Quliyev gedib onunla-bununla yalandan bir görüş keçirirdi, sonra da şəklini çəkdirib göndərirdi ki, ABŞ məni dəstəkləyir. Ona görə də belə işlər mənasız bir şeydir. Bu insanları ümumiyyətlə qəbul edən yoxdur”.

Qeyd edək ki, Milli Şurada təmsil olunan partiya sədrlərinin iyulun 10-da ABŞ-a səfəri nəzərdə tutulur.

Qaynar.info