Ölkə 17:20 19.12.2013

"Mən kiminsə qapısında yıxılacam..."

Mövlud Mövlud

Müəllimlik müqəddəs peşədir


Onda biz keçmiş "İnqilab" - indiki Həsən Əliyev küçəsində yaşayırdıq. Atam məhəlləmizlə üzbəüz 36 nömrəli məktəbdə müəllim işləyirdi. Mən hələ məktəbə getməmiş, demək olar ki, bütün müəllimləri tanıyırdım. Onlar tez-tez atamla bir yerdə bizə gəlirdilər. Direktor Yusif müəllimdən tutmuş əmək təlimindən dərs deyən Zöhrab müəllimə kimi. Mən də burnunun suyu getməmiş bir uşaq...

Sonra məktəbə getdim. Bizdə çörək yeyən, atamla zarafatlar edən, daha doğrusu, atamın zarafatları qabağında duruş gətirməyə çalışan bu kişilərin həm də müəllim olduğunu bildim. 5-ci sinfə kimi dərsdən çıxanda məni yolu keçirən Zöhrab müəllim 5-ci sinifdə bizə əmək təlimindən dərs deməyə başladı. Dünyada indiyə qədər gördüyüm ən sakit adam idi. Dindirməsən, dinməyən, başıaşağı bir adam. O vaxtlar atam müəllim maaşı ilə dolana bilmədiyimizi görüb, ev təmirinə girişdi. Əvvəl qonum-qonşunun, şöhrəti hər yana yayılandan sonra da Bakının müxtəlif yerlərindəki evlərin təmiri ilə bizi böyüdürdü. Böyüyüb düz-əməlli oğul olacaqmışıq kimi.

Bizim sinfimiz məktəbin dördüncü mərtəbəsində idi. Uşaqlar tənəffüsdə pəncərənin qabağına yığışıb həyəcanla gözləyirdilər: "İndi Mövludun papası fəhlə paltarında çıxacaq, Zöhrab müəllim də arxasınca!".

Elə ki, atam əlində dəmir-dümürü çıxdı qapının ağzına, paho, gülüşmə başlayırdı, nə başlayırdı. Açığı, o qədər də utanmırdım. O vaxtlar artıq namaz qıldığıma, bədii kitablar oxuduğuma görə zəhmətkeşliyin hikmətini bir az da olsa, başa düşürdüm. Bircə şeyə görə narahat olurdum. Bizim sinfimizdə Aytac adında bir qız var idi, Dmanisinin Səfərli kəndindən. Güləndə yanağı çuxura düşən bir qız... Bircə ona görə pis olurdum ki, o qız atamı görməsin. Nədənsə, həmin qız uşaqlara qoşulub güləndə pis olurdum.

Atam harda iş götürürdüsə, Zöhrab müəllimi də özü ilə aparırdı. İki zəhmətkeş müəllim dərslərdən vaxt tapan kimi balalarını dolandırmaq üçün qollarını çırmalayırdılar. Sonra atam məktəbdən birdəfəlik ayrılıb Xarkova işləməyə getdi. İllər sonra ordan qayıdıb, Bakıda əvvəlki işinə - anamın təbirincə desək, "onun-bunun qapısında zülm çəkmək" işinə davam eləyəndə Zöhrab müəllimi də çağırdı. Yenə də onunla birlikdə işləməyə başladı. O vaxtlar atam Zöhrab müəllimə tez-tez deyirdi: "A kişi, o məktəbdən nə maaş alırsan? Yalandan vaxtını alır. Gəl bir yerdə iş götürək, dolan!"

-Yox ay İsmayıl, bunun sabah pensiyası var.

Atam güləndə sərxoş və yorğun gözləri balacalanırdı:

-Ay kişi, sən ki, bu zülmlə yaşayırsan, çətin pensiya yaşına kimi yaşayasan.

-Elə demə, yazıqdı, balası var - Bunu da anam deyirdi.

***

Zöhrab müəllimin ölüm xəbərini ANS-dən aldıq. Elə dərsdəcə ürəyi tutub. Dərs otağında uşaqların qabağındaca yıxılıb. Çox sevdiyi məktəbdə tapşırıb canını...

Yas yerindən bir həftə keçəndən sonra eşitdik: Məktəbin direktoru Zöhrab müəllimdən sentyabrda 200 manat rüşvət alıbmış. İki saat artıq fizika dərsi yazmaq üçün...

Atam hamını söydü: məktəbi, müəllimliyi, rüşvət alan direktoru... Arağı başına çəkib dedi: "Yenə Zöhrab məktəbdə öldü. Mən kiminsə qapısında yıxılacam".

Anam içini çəkdi:

-Elə demə, sən canın, balaların var!

teleqraf.com