İdman 17:28 24.04.2013

"Mən türk deyiləm" deyən əfsanə (ARAŞDIRMA)

Hakan Şükür: "Təriqətçi deyil, Atatürkçüyəm"

Hakan Şükür - hamının tanıdığı, qürur duyduğu bir futbolçu... O, indi futboldan uzaq olsa da, dünya futboluna adını qızıl həriflərlə yazdırmış, unudulmaz bir türk futbolçusu kimi tarixə düşüb. İndinin özündə də azərkeşlər milli komanda da böyük bir boşluq kimi qalan Hakan Şükür üçün darıxacaqlar…

Uşaqlığı

Hakan Şükür sentyabrın birində Sakaryada dünyaya göz açıb. Dediyinə görə, uşaq vaxtı hər şeyini dostları ilə paylaşmağı sevən biri idi. Həm yaramaz, həm də macərapərəst balaca Hakanı dostları çox sevirdi. Anasına, atasına çox əziyyət çəkdirdiyini deyən Hakan sonralar bütün səhvlərini düzəltməyə, “ağıllı oğlana” çevrilməyə başladı. Atasının adı Selmet, anasının adı isə Nərmindir.

Məktəb vaxtı çalışqan bir şagird olmuşdu. “Ahmet Akkoç” məktəbində ilk olaraq basketbola maraq göstərən Hakan sonralar futbol adamına çevrilir. İdman həyatı adı çəkilən məktəbdə başlayıb. Boyunun uzun olması onun basketbol marağına təsir etmişdi. Məktəb vaxtlarında unutmadığı anlardan biri basketbolda Sakarya çempionu olması və Mərmərə birinciliyi üçün yarışmasıydı. Sonra isə Hakanın basketbol klubu finalda Bolu komandasına məğlub olaraq ikinci yer tutur. Uduzmalarına baxmayaraq, finala qədər çox gözəl anlar yaşadıqlarını deyir. Hakan uşaq yaşlarında həm oxuyur, həm də işləyib ailəsinə kömək edirdi.


İlk maaşına paltaryuyan maşın alan Hakan

Hakan Şükür kariyerasına 8 yaşında doğulduğu Sakaryada başlamışdı. O, həm "Qalatasaray"ın, həm milli komandanın, həm türk klublarının, həm də türk futbol tarixlərində ən çox qol vuran yeganə futbolçudur. Bundan əlavə, dünyanın ən çox qol vuran türk futbolçularından biridir. Uşaq yaşlarında evə yardım edən Hakan futbolda qazandığı ilk maaşına anasına paltaryuyan maşın almışdı.

Proffesional olaraq ilk qolunu 1987-1988-ci il mövsümündə Türkiyə kubokunda Zonquldakspora vurmuşdu. Türkiyədə Sakaryaspor, Bursaspor və "Qalatasaray" klublarında forma geyinən Hakan Avropada isə İnter, Parma, Torino və Blekbörn Rovers formaları da geyinmişdi. 1992-ci ildə Hakan Şükürün milli komanda ilə ilk çıxdığı oyun Lüksemburq millisinə qarşı oyunu olub. Xatırladaq ki, o oyunda Türkiyə millisi Lüksemburq millisini 3-2 hesabı ilə məğlub etmişdi.

Bəli, o, Türkiyə milli komandasının 85 illik tarixində ən çox qol vuran futbolçudur. Milli komanda ilə çıxdığı 112 oyunda 51 qola imza atan Hakan  U-16 Milli komandanın  1987-ci ildə Polşa ilə 1-1 bərabərə qaldığı Avropa çempionatı qrup mərhələsinin ilk oyununda ilk dəfə milli formada çıxış etmişdi. Dünya kuboku 2002-ci ildə bir qol və iki assist edən ulduz futbolçu, heç şübhəsiz, "Qalatasaray"la qazanılan Türkiyə çempionluqları və UEFA kuboku unudulmaz bir hadisə olaraq tarixə keçdi.

Dünyanın ən erkən qolu

Futbol həyatına 1987-ci ildə Sakaryada qədəm qoyan Hakan bu klubda 3 il oynadıqdan sonra  birinci liqa komandalarından Bursaspora keçid alır. Nəhayət, o, 1992-ci ildə "Qalatasaray"a transfer olunur. “Cimbom”da bir çox uğurlar qazanan Hakan 1995-ci ildə italyan klubu Torinoya keçir. Torinoda özünü lazımı səviyyədə göstərə bilmədiyindən "Qalatasaray"a geri dönür. Bundan əlavə, 1998-ci ildə FİFA tərəfindən ilin futbolçusu mükafatına layiq görülür. İllər 2000-ci ili göstərəndə Hakan UEFA kubokunu "Qalatasaray"la qazanır və daha da diqqət mərkəzində olur. Hakan Avropanın nəhəng klubu sayılan İnterin də formasını geyinib. İtalyada Parma klubunda da oynayan istedadlı oyunçu burada İtaliya kubokuna yiyələnir.

2002-ci il dünya çümpionatında Türkiyə milli komandası forması altında dünya üçüncülüyü və Cənubi Koreya oyununda 9-cu saniyədə vurduğu  ən erkən qolla  dünya futboluna  adını yazdırır. Bundan başqa, İngiltərə çempionatında Blekbörn Rovers klubunda da forma geyinib. Karyerasını isə doğma klubu ""Qalatasaray""da başa vurar. Daha sonra TRT 1 kanalında futbol şərhçisi  kimi çıxış edən Hakan Şükür 2011-ci il seçimlərində AKP pariyası millət vəkili də seçilmişdi.

Unudulmaz anlar

Hakan Şükürün ən böyük xəyallarından biri ""Qalatasaray" forması geyinmək idi. Oynadığı ikinci klub olan Bursasporda məşq əsnasında "Qalatasaraylı" menecerlərin onu izlədiyini zənn edərək daha da yaxşı oynamağa çalışırdı. Dediyinə görə, gözəl günlərin birində Bursadakı evinin eyvanında çay içirmiş. O vaxtlar Hakan dayısı ilə bərabər yaşayırdı və evlərində telefon yox idi. Aşağıdakı dükandan telefon səsi gəlir, zəng edən şəxs "Qalatasaraylı" menecer olduğunu deyir.

Həmin günü Hakan Şükür daha sonra  anladacaqdı: “O anda inana bilmədim ki, xəyallarım gərçək olur. Amma daha sonra tələsmədim, nikbinliyimi qorudum. Zəng edən şəxs cimbomlu menecer Ökkeş Polatdı. Bir neçə gündən sonra onunla milli komandanın kampına yollandıq. Menecerin şəxsi otağında "Qalatasaray" haqda danışmağa başladıq. Mənim üçün danışılan sözlər, rəqəmlər heç də vacib deyildi. Ona görə də imza atmadım, amma gərəkən hər şeyə söz verdim. Milli komanda da çox yaxşı bir performans göstərdim və bir çox klubun diqqət mərkəzinə düşdüm. Lüksemburq oyunundan sonra ""Qalatasaray""la anlaşdıq. Gecənin bir vaxtı hələ də inana bilmirdim ki, sabah mən ""Qalatasaray""ın oyunçusu kimi ilk məşqimə çıxacam”.
 
Hakanın İtaliyada unuda bilmədiyi maraqlı hadislərər olub. Torino klubuna transfer olduqdan sonra oteldə ona doğum günü sürprizi verilir, işqlar sönür və böyük bir tort gəlir. Doğum günü tortunun üstünə isə türkcə  belə yazılmışdı: “Ailənlə sənə İtaliyada uğurlar, sağlıqlı, hüzurlu günlər”

- Bu, Hakanın unutmadığı və tez-tez xatırladığı anlardan biridir.

Hakan Şükür boş vaxtlarında ailəsi ilə birgə Torinonun müzeylərinə, abidələrinə, turistlik mərkəzlərinə baş çəkərdi…

Kral. Evlilik.

Futbol üzrə Türkiyə çempionatları tarixində ən çox qol vuran futbolçuların adları açıqlanıb.  Hakan Şükür karyerası ərzində Türkiyə çempionatları tarixində 249 qol vuraraq ən sərrast futbolçu olub. Türkiyə çempionatları tarixinin ikinci ən məhsuldar futbolçusu isə Tanju Çolakdır. Bu futbolçu karyerası ərzində rəqib qapılarından 240 top keçirib. Sonrakı yerlərdə müvafiq olaraq Hami Mandiralı (219), Metin Oktay (217) və Aykut Kocaman (200 qol) qərarlaşıb.

Türk xalqı həmişə Hakanla qürür duyub. Çox qol vurduğundan Hakanın ləqəbi də “Kral” idi. İki dəfə evlənən Hakan Şükür ilk evliliyini 1995-ci ildə Esra Elbirliklə qurmuşdu. Ancaq bu evlilik qısa vaxt ərzində, yəni  4 ay sonra başa çatır. Esra Elbirlik 1999-cu ildə zəlzələ nəticəsində həyatını itirir. İkinci evliliyi 1999-cu ildə Beyda Sertbaş ilə baş tutub. Bu evlilikdən isə Hakanın üç uşağı olur: iki qız və bir oğlan.

“Mən türk deyiləm…

Türkiyə millisinin keçmiş kapitanı, "Qalatasaray"ın əfsanəsi, hazırda isə İstanbul üzrə millət vəkili olan Hakan Şükür tələbələrlə görüş zamanı maraqlı açıqlamalar verib. Mehmet Akif  Ersoy Universitetində təşkil olunan tədbirdə çıxış edən Hakan Şükür tələbələrdən birinin kürd problemi ilə bağlı sualını cavablandırarkən "Əslində, mən də milliyyətcə albanam. Bu baxımdan yanaşanda, mən türk deyiləm” cavabını verib. H.Şükür qeyd edib ki, buna baxmayaraq, o, Türkiyəni sevidiyini açıqlayıb: "Mən bu torpaqların çörəyini yeyib suyunu içmişəm. Bu torpaqlarda yaşayıram. Ölkəni, bütövlüyü, məzhəbi, dini, dili, irqi bərabər şəkildə yaşamaq çox önəmlidir. Daha çox problemləri danışaraq dostluğumuzu, qardaşlığımızı pozmamalıyıq", – deyə o qeyd edib.

Bundan sonra bütün televiziyalar,  jurnalistlər, mütəxəsislər Hakanın ünvanına coxsaylı iradlar, qınaqlar səsləndirmişdi. Bu sözlərə Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoğandan da cavab gəlmişdi. O, Hakanın türk olmamasına normal baxdığını, onun milli komanda da qazandığı uğurları, Türkiyənin ən çox qol vuran oyunçusu olduğunu və vurduğu qollarla tarix yazdığını dilə gətirmişdi. Əslində, baş nazir bunu deməklə Hakan Şükürə sahib çıxmışdı.

“Mən təriqətçi yox, Atatürkçüyəm”

"Qalatasaray"da oynadığı vaxtlarda onun haqqında çıxan yalançı xəbərlərə cavab verən Hakan Şükür həmişə qəzet manşetlərində görünürdü: "Zaman-zaman kədərləndim və bir anlam verə bilmədim. Ortada bir səbəb yox ikən niyə mənimlə uğraşdıqlarına bir məna verə bilmirəm". 

Hər yeni yalan xəbərdən sonra Hakan Şükür bu cür açıqlamalarla gündəmə gəlirdi: “Məqsədləri nədir bilmirəm. Gündəmi dəyişdirməkmi? Mənim təriqətlərə baxış stratejim onsuzda bilinir. Müsəlman bir ölkədə yaşamağa çalışan Atatürkçü bir insanam, təriqətçi deyil, Atatürkçüyəm”.

Oğuz Ayvaz
Qaynar.info