Siyasət 13:28 23.03.2013

"Müxalifətin adından biznesmenlərdən pul alırlar" (MÜSAHİBƏ)

Mehman Əliyev: "Yenə də yerlərdə icra hakimiyyəti özbaşınalıq edir, insanlarla kobud davranır, təzyiqlər, təqiblər baş verir, korrupsiya davam edir"

Son dövrlər Azərbaycanın ictimai-siyasi arenasında aktivlik müşahidə olunmağa başlayıb. Həm müxalifət, həm də siyasi mənsubiyyəti olmayan təbəqə nümayəndələrinin narazılığı artıq açıq şəkildə hiss olunur. Yəqin elə bu səbəbdəndir ki, hakimiyyət həm siyasi, həm də ictimai qüvvələrlə dialoqa hazır olduğunu bəyan edib. Turan İnformasiya Agentliyinin direktoru, tanınmış politoloq Mehman Əliyevin fikrincə, bundan sonrakı proseslər danışıqlar istiqamətində davam edəcək: 

- Hesab edirəm ki, artıq hakimiyyətin cəmiyyətlə dialoqu qaçılmazdır. Ötən il bu proses başlamışdı, hakimiyyət bir sıra QHT-lərlə dialoq apardı, ancaq sonradan proses dayandırıldı. Mənim fikrimcə, bu proses yenidən başlayacaq. Çünki cəmiyyət artıq öz gücünü, israrlı olduğunu göstərə bilib. 

Son dövrlər aktivlik də kifayət qədər artıb. Hakimiyyət də bunu görür və başa düşür ki, ya zor yolu olmalıdır, ya da dialoqa gedilməlidir. Hazırda zor yolu alınmır. 10 mart aksiyası da göstərdi ki, ölkədə kifayət qədər narazılıq var, özü də öndə olan narazı kəsim əsasən gənclərdən ibarətdir. Bu arada "El" hərəkatının yaranması da aktivliyin göstəricisidir. Bütün bunlar onu deməyə əsas verir ki, hakimiyyət yaxın vaxtlarda dialoqa getməli olacaq. Çünki başqa variant yoxdur. 

- Bundan əvvəlki illərdə də hakimiyyətdən bu cür çağırışlar olsa da, nəticəsiz qalırdı. Bu dəfə prosesin davamlı olacağına əminlik hardandır?

- İş ondadır ki, ötən il hakimiyyətin dialoqa getməsinin təşəbbüskarı Amerika idi. 2011-ci ildə Metyu Brayza təklif eləmişdi ki, dialoqa getmək lazımdır. Sonra ABŞ-ın başqa nümayəndələrindən də təkliflər gəldi. Məncə, onlar Azərbaycandakı real vəziyyəti bizdən daha yaxşı bilirlər. Bizim hakimiyyət özünə o qədər güvənir və gözünü pərdə elə örtüb ki, elə bilirlər, ölkədə hər şey yaxşıdır, hamı vəziyyətdən razıdır. 

Keçənilki yarımçıq dialoq da tövsiyyələr əsasında baş tutmuşdu. Ancaq Azərbaycan hakimiyyəti imitasiya elədi və dayandı. İndi isə cəmiyyətin özü fəaldır. Hesab edirəm ki, bu fəallıq hakimiyyəti dialoqa getməyə məcbur edir. Ona görə də seçkiyə qədər mütləq dialoqa gediləcək. Seçkinin nəticələrindən asılı olaraq, sonrakı dövrdə də proses davam edə bilər. 

- Belə çıxır ki, artıq hakimiyyətin imitasiya limiti bitib?

- Bəli. Çünki cəmiyyət hakimiyyətin imitasiyalarından bezib. Bunu son etirazlar da göstərdi. Hakimiyyət bunu çox gözəl anlayır, ona görə də vəziyyətdən çıxış üçün hələlik dialoqa getməyi məqsədəuyğun sayır. 

- Bu dəfə siyasi qüvvələrlə dialoq aparılacaq, yoxsa... 

- Əgər biz əvvəlki illərdəki dialoqdan danışarıqsa, onda demək olar ki, siyasi qüvvələrlə, müxalifətlə danışıqlar aparılacaq. Ancaq bu gün dialoq daha geniş spektri əhatə etməlidir. Çünki o vaxt narazılıq müxalifət və digər qrupları əhatə edirdisə, bu gün narazı kəsimin əhatə dairəsi daha da genişlənib. Hazırda "El" hərəkatı, Ziyalılar Forumu, qeyri-partiya təşkilatlarının sayı da çoxalıb. Ona görə də hakimiyyət daha geniş qruplarla danışıq aparmağa məcbur olacaq.

- Mehman bəy, dialoqla yanaşı, hakimiyyət müəyyən islahatlar da aparmalıdır. Necə düşünürsünüz, hakimiyyətin islahatlara getmək iradəsi varmı?

- Sözün düzü, bu hakimiyyətdən islahatlar gözləmək yersizdir. Çünki bunlarda islahat aparmaq qabiliyyəti və iradəsi yoxdur. Bu rejim elə bir sistem üzərində qurulub ki, islahatlar edə bilməz. Məsələn, Prezidentin keçirdiyi son iclasdakı çıxışı hamının yadındadır. O, İsmayıllı hadisələrinə toxundu, məmur özbaşınalıqlarından danışdı. Bununla yanaşı, məmurlara xəbərdarlıq elədi, vətəndaşlarla necə davranmaqla bağlı çağırışlar etdi. Ancaq bununla belə, ümumi vəziyyətdə hər hansı dəyişiklik yoxdur. Mən, İmişlidən, Zaqataladan və digər bölgələrdən olan insanlarla görüşmüşəm, vəziyyətlə maraqlanmışam, onlar deyirlər ki, yenə də yerlərdə icra hakimiyyəti özbaşınalıq edir, insanlarla kobud davranırlar, təzyiqlər, təqiblər baş verir, korrupsiya davam edir. Ona görə də hesab edirəm ki, bu çağırışlarla heç nəyi dəyişmək mümkün deyil. Amma ölkədə elə bir vəziyyət hökm sürür ki, köklü islahatlar aparılmalıdır. 

- İslahat aparılmayacaqsa, onda cəmiyyətlə dialoqun nə mənası var? 

- Danışıqlar ona yönəlir ki, bir "Yol xəritəsi" qəbul olunmalıdır. Cəmiyyətdə narazılıq var, bu narazılığı hansısa yolla aradan qaldırmaq lazımdır, bunu aydınlaşdırmaq vacibdir. Bu mənada dialoq çox önəmlidir. Bunun üçün mövcud sistemi dəyişmək lazımdır. Əgər ölkədə sistem dəyişəcəksə, avtomatik olaraq hakimiyyət dəyişəcək. İndiki hakimiyyətdən kimlər qalıb işləyəcək, kimlər gedəcək, o başqa məsələdir. Yəni, burada söhbət fərdlərdən yox, sistemdən, onun quruluşundan, ideyasından gedir. 

Bəs biz hansı dövləti quracağıq, hansı prinsiplərlə yaşayacağıq? Yenə də oliqarx məmur sistemi, korrupsiya olacaq, yoxsa fərqli bir cəmiyyət formalaşacaq? Bizə azad parlament lazımdır, yoxsa Gülər Əhmədova "üsulu" ilə deputatlar? Bütün bu məsələləri qeyd etdiyim dialoq müstəvisində müəyyənləşdirmək lazımdır. Yəni bu, keçid dövrüdür və biz bu körpünü keçməliyik. Bu gün hakimiyyətdə də başa düşüblər ki, bu dəyişikliklər qaçılmazdır və bu yolu getmək lazımdır. Kimlərsə pullarını götürüb başqa ölkədə yaşamağı seçəcək, kimlərsə qalacaq, bu başqa məsələdir. Ancaq hamıya məlumdur ki, indiki durum davam edə bilməz. 

- Bir tərəfdən deyirsiz ki, vəziyyət dəyişməlidir, bir tərəfdən də hakimiyyətdə belə bir iradənin olmadığını bildirirsiniz... 

- Bəli, hakimiyyət dəyişikliyə getmək istəmir. Bu günə kimi tutduğu mövqe ilə də islahat istəmədiyini göstərib. Ancaq indi məcburiyyət qarşısında dialoqa gedir. Ola bilər ki, bu il də, bir müddət keçəndən sonra dialoqu dayandıracaqlar və zor tətbiq etməyə başlayacaqlar. Bu, hakimiyyətin seçimidir, qoy eləsin. Amma ondan sonra hansı proseslər başlayacaq, onu bəri başdan demək çətindir. İki yolu var, dialoq uğurlu keçə də bilər, keçməyə də... 

- İkinci variant gündəmə gələrsə, yəni dialoq nəticə verməzsə, hansı proseslər başlaya bilər? 

- Əgər iqtidar bu dəfə də dialoqu yarımçıq saxlayıb demokratik dəyişikliklərin əleyhinə gedərsə, ölkədə qarşıdurmalar qaçılmaz olacaq. Bu qarşıdurmaların nə ilə nəticələnəcəyini demək isə çox çətindir. Fakt odur ki, cəmiyyət indiki idarəçiliklə razılaşmaq istəmir. Özü də razılaşmayan kəsim təkcə müxalifət düşərgəsi deyil, daha geniş spektrdir. Eyni zamanda, gənclərin real qüvvə kimi meydana çıxması çox ciddi məsələdir. 

- Ancaq hakimiyyət gənclərə qarşı da kəskin mövqe sərgiləyir... 

- Vəziyyət ondan ibarətdir ki, biri var, qəlbən dəyişikliklərə getmək istəməyən hakimiyyət, biri də var, məcburiyyət qarşısında dəyişikliklərə getmək istəyən hakimiyyət. Hakimiyyətin daxilində baş verən ziddiyyətlər də vəziyyətin kritik olduğunu göstərir. Bir tərəfdən Əli Həsənov deyir ki, dialoqa hazırıq, danışıqlara gedirik, o biri tərəfdən isə "facebook"un bağlanmasından, "facebook" inqilabından danışırlar. 

Bəli, siz düz qeyd edirsiz ki, gənclərə qarşı da kəskin mövqe tutulur. Ən pisi odur ki, heç kəs gənclərin meydana niyə çıxması ilə maraqlanmır. Ќiyə İsmayıllıda, Qubada insanlar ayağa qalxdı? Niyə əsgər ölümlərinə bu şəkildə reaksiya verilir? Bu sualların cavabını heç kəs araşdırmaq istəmir. 

SSRİ-nin dağılmasında "Amerikanın səsi"ni, "Azadlıq" radiosunu suçlayırdılar, indi isə "facebook"u. Amma SSRİ-nin dağılmasının səbəbləri sistemin xəstəlikləri ilə bağlı idi. İndi də Azərbaycandakı sistemin xəstəliklərini tapa bilmirlər, "facebook" inqilablarından danışırlar. Azərbaycanda hakim sistemin xəstəlikləri üzə çıxmağa başlayıb. Bu sitem neftin üzərində qurulub. İndi isə neft hasilatı düşməyə başlayıb, qeyri-neft sektoru korrupsiya bataqlığına dönüb və insanların narazılığı artıb. 

Təsəvvür edin, hakimiyyətin elan etdiyi strategiyada göstərilir ki, minimum əmək haqqı 235 manat olacaq. Bu, dəhşətli bir şeydir. 235 manat indi pul deyil, 7 il sonra nə olacaq? Bu, o deməkdir ki, hakimiyyətin perspektiv üçün planları sıfıra bərabərdir. 

- Mehman bəy, yeni yaranan "El" hərəkatı bütün narazı təbəqələri öz ətrafında birləşdirməyi hədəf götürüb. Bu qurumun perspektivi barədə nə düşünürsünüz? 

- "El" hərəkatı ayrıca bir qurum kimi meydana çıxmayıb. Bu gün Azərbaycanın siyasi arenasında bir boşluq var, "El" hərəkatı o boşluğu doldurmağı hədəf götürüb. Bu gün ölkədə xeyli narazı insanlar var ki, ənənəvi müxalifətin ardınca getmək istəmir. "El"in rolu ondan ibarətdir ki, bütün narazı elektoratı birləşdirsin, müxalifətlə, cəmiyyətlə körpü yaratsın, ziyalılar və başqa qrupları özünə cəlb eləsin. Bütün narazı qüvvələri bir araya gətirəndən sonra seçkiyə getmək məsələsi qoyula bilər. Ancaq onu da unutmayaq ki, burada seçki əsas məsələ deyil. Seçkidən sonra hansı addımların atılacağını müəyyənləşdirmək lazım gələcək. Azərbaycanda bütün qrupların, klanların, siyasi qüvvələrin maraqlarını nəzərə alıb ortaq məxrəci tapmaq məsələsi var. "El" hərəkatı əsasən bu istiqamətdə işləyəcək. Mən də bu proseslərin içindəyəm və bilirəm ki, əsas məqsəd bundan ibarətdir. 

- "El" hərəkatının qarşıya qoyduğu hədəflərə çatmaq imkanları nə dərəcədədir?

- Hesab edirəm ki, imkanları böyükdür. Bir məqamı diqqətinizə çatdırıram ki, mitinqdə iştirak etdiklərinə görə cərimələnən gənclərlə bağlı 5 qəpik aksiyası keçirildi və lazım olan pul toplandı. Bu dəfə də bir neçə gənc cərimələndi, indi də pul axını var. Yəni bu gün söhbət ondan gedir, hazırda Milli Demokratiya İnstitutundan pul, filan lazım da deyil. Bu gün Azərbaycanda xeyli adam var ki, demokratik dəyişikliklər istiqamətində hərəkata pul qoymağa hazırdır. Çünki Azərbaycandakı mövcud vəziyyət təkcə hansısa yoxsul təbəqənin problemi deyil. İndiki sistemdən narazıların sayı artıb, onların arasında pullu adamların da sayı çoxdur. O mənada, hesab edirəm ki, ölkədə dəyişiklik etmək istəyən qüvvələrin pul problemi olmayacaq. 

- Yəni "El" hərəkatı imkanlı təbəqənin nümayəndələrini də öz tərəfinə cəlb edə bilər? 

- Mən, bunu "El" hərəkatı ilə məhdudlaşdırmaq istəmirəm. Bu mübarizəyə bütövlükdə Azərbaycan cəmiyyəti qoşula bilər. Hakimiyyətin daxilindəki narazı qüvvələrin də dəyişiklik istəyən böyük kütlənin içərisində olması mümkündür. 

Bu gün hakimiyyətin daxilində də narazılıq çox böyükdür. İndi kimsə qorxusundan danışmır, ancaq öz aralarında narazılıqlarını ifadə edirlər. Həmin narazılıqlardan biri idi ki, Əli İnsanov, Fərhad Əliyev nümunəsində özünü büruzə verdi. İndi də hakimiyyət daxilində analoji formada narazı olanlar var. Məqamı çatanda, dəyişikliklər prosesinə hakimiyyətin içindən də xeyli adam dəstək verəcək. 

Bu günlərdə bir məlumat əldə etmişik. Belə ki, bəzi adamlar müxalifətin adından biznesmenlərdən pul alırlar ki, sabah sizə arxa olacağıq. Təbii ki, həmin biznesmenlər pul da verirlər. Ola bilsin, pul alanlar hansısa juliklərdir, amma bunun o biri tərəfi də var ki, müxalifətə pul verənlər var və bu da onu göstərir ki, proses başlayanda əvvəlki dövrdəki kimi maliyyə problemi olmayacaq. 

/Reytinq qəzeti/