Siyasət 13:20 01.08.2013

"O, Milli Şuranın vahid namizədi ola bilməz" - MÜSAHİBƏ

Vurğun Əyyub: "Heç bir halda seçkiləri boykot etməkdən söhbət gedə bilməz"

Müsavat Partiyasının Divan üzvü, tanınmış siyasətçi Vurğun Əyyubun Qaynar.info-ya müsahibəsi:


- Vurğun bəy, düşünürdük ki, Azərbaycanı birdəfəlik tərk edib Türkiyəyə getmisiniz. Çünki orada iş də tapmışdınız. Amma yenidən Azərbaycana döndünüz. Hətta müxalif cameədə belə fikirlər səslənir ki, sizin Azərbaycana dönüşünüz seçkilərlə bağlıdır və hətta geri dönməyinizi Müsavat başqanı İsa Qəmbər də istəyib. Yəni o, seçkiyə etibar etdiyi yaxın adamlarla, komanda ilə getməyi planlaşdırıb...

- Bu, mənim üçün yeni xəbərdir. Hər bir mülahizənin söylənilmək və müzakirə edilmək haqqı var. Əvvəla onu deyim ki, mən niyə Azərbaycandan getmişdim. Ümumiyyətlə, bu barədə danışmağı sevən adam deyiləm. Məni tutduğum vəzifədən azad etdilər, hərçənd heç bir səbəb göstərmədilər. Özüm də bilirdim ki, bu hakimiyyətlə işləyə bilməyəcəyəm. Amma digər dostlarımız kimi fəalliyyətimi dondurmaq fikrində deyildim. Bilirdim ki, gec-tez məni vəzifədən azad edəcəklər. Elə də oldu, heç bir səbəb göstərmədən işdən azad etdilər. Sağ olsunlar. İş burasındadır ki, məni fəaliyyət göstərdiyim Azərbaycan Dövlət Pedaqoji Universitetindən də qanunsuz kənarlaşdırdılar. 2009-cu ilə qədər mənə nəinki auditoriyalarda dərs deməyə imkan vermədilər, hətta Akademiya sistemində elmi işlə məşğul olmağa da imkan yaratmadılar. Buna görə də çox böyük maddi çətinliklər qarşısında idim və Türkiyədən gələn təklifi qəbul etdim. Açığı deyim, orada mənim maddi imkanım kifayət qədər yaxşı idi. Amma ömrünün böyük bir hissəsini siyasətdə keçirmiş, milli azadlıq hərəkatının önündə dayanmış adamlardan biri kimi Azərbaycanda baş verən proseslərə laqeyd yanaşa bilməzdim. Ona görə də ilk imkan yaranan kimi Azərbaycana gəldim. Bu baxımdan sizin dediyiniz fikri söyləyənlərin müəyyən bir əsası da var.

- İki gündür ki, Rüstəm İbrahimbəyov Tiflisdədir və qonşu ölkədə Milli Şuranın toplantısı keçirilib. Həmin toplantıya Milli Şuraya üzv şəxslər və partiya təmsilçiləri, o cümlədən Müsavat başqanı da qatıldı, hətta görüşdən razı qaldığını açıqlayıb. Amma Müsavat Partiyası İsa Qəmbərin namizədliyini irəli sürüb və seçkidə ehtiyat namizədin olmasını zəruri hesab edir...

- Müsavat Partiyasının mövqeyi onun səlahiyyətli orqanları tərəfindən ifadə olunub. Müsavat Partiyasının qərarlarında İsa Qəmbərin ehtiyat namizəd kimi irəli sürülməsi yoxdur. Partiya qərarlarında Milli Şuranın yaradılması, vahid namizədin Rüstəm İbrahimbəyov olması açıq şəkildə göstərilir. Milli Şurada təmsil olunan partiya üzvləri də bu qərarı ifadə ediblər. Müsavat Partiyası Rüstəm İbrahimbəyovun Azərbaycana gəlişi ilə bağlı hakimiyyətin hansısa problemlər yarada biləcəyini əvvəlcədən görür və ona görə də İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə Məclisin qəbul etdiyi qərarı İbrahimbəyovun Azərbaycana gəlişi və qeydiyyatdan keçməsinə qədər qüvvədə saxlayıb. Bunlar tamamilə fərqli anlayışlardı. Ehtiyat namizəd, İsa Qəmbərin Milli Şuranın vahid namizəd olması məsələsi Müsavat Partiyasının mövqeyində əks etdirilməyib. Tiflisdə baş tutan görüş də Azərbaycan hakimiyyətinin öz rəqiblərinə qarşı apardığı qeyri-qanuni mübarizə nəticəsində yaranıb. Yoxsa Milli Şura üzvlərinin elə də çox vaxtları yoxdur ki, Tiflisə getsinlər. Güman edirəm ki, İbrahimbəyov özü bir çox məsələlərə aydınlıq gətirəcək.

- İbrahimbəyovun ölkəyə qayıtmaq ehtimalı nə qədərdir?

- İnanmaq istəyirəm ki, hakimiyyət qanunsuz əməllərindən əl çəkəcək və Milli Şuranın vahid namizədinin ölkəyə dönməsinə imkan yaradacaq. Amma hakimiyyətin mahiyyətini yaxşı bildiyimiz üçün Milli Şurada toplaşan qüvvələr bütün variantları nəzərə almalıdırlar. Təbii ki, ən böyük arzumuz odur ki, Rüstəm İbrahimbəyov Azərbaycana dönsün. Müsavat Partiyası bu dönüş üçün əlindən gələni etməyə hazırdır.

- Belə ehtimal da var ki, İbrahimbəyov seçkiyə qatılmayacaqsa, əlavə namizəd təklif edəcək. Məsələn, Eldar Namazovun adı hallanır…

- Bunlar təbii ki, mülahizələrdir. Bu mülahizələrin nə dərəcədə əsası olub-olmadığı hər kəsin öz düşüncəsinə görədir. İnanmıram ki, Rüstəm müəllim bu cür oyun qurmaq niyyətindədir. Rüstəm İbrahimbəyovun Azərbaycana dönə bilməyəcəyi təqdirdə, Milli Şuranın seçkilərdə iştirak etməsini və müstəqil bir ziyalının, tutaq ki, Mehman Əliyev, Cəmil Həsənli, Rafiq Əliyev kimi namizədlərin irəli sürülməsinin tərəfdarıyam.

- Yəni İsa Qəmbəri təklif etmirsiniz...


- Bizim düşüncəmizdə belə bir şey yoxdur. Milli Şura üzvlərindən kimlərsə bu fikirdə olacaqlarsa, o zaman müzakirə edə bilərik. Biz Milli Şura yaradılması fəlsəfəsini bir daha xatırlayaq: Milli Şura ona görə yaradıldı ki, siyasi qüvvələrə daxil olmayan müstəqil bir ziyalının namizədliyi irəli sürülsün və müdafiə edilsin. Müsavat Partiyası da Milli Şuranın yaradılma prinsipinə sadiqdir.

- Bəzi müxalifətçilər iddia edirlər ki, Rüstəm İbrahimbəyov seçkilərdə iştirak edə bilməyəcəksə, seçkilər boykot etmək lazımdır. Çünki indidən ehtiyat namizədin olması hakimiyyətə seçim imkanı verəcək və İbrahimbəyovu qeydiyyata almayacaq. Bunu bölüşürsünüz?


- Deyə bilmərəm ki, onların dediklərində həqiqət yoxdur. Amma ehtiyat namizədi irəli sürənlərin də çox ciddi arqumentləri var. Müsavatın bu məsələdə mövqeyi aydın və qətidir. Heç bir halda seçkiləri boykot etməkdən söhbət gedə bilməz. Rüstəm müəllimlə bağlı problemlər ortalığa çıxacaqsa, Milli Şura digər namizədlə seçkilərdə iştirak etməlidir.

- Rəsul Quliyev də vahid namizəd olmağa iddialıdır. Hətta belə bir təklif də verib. Bəlkə, onun namizədlik iddiası İsa Qəmbərə görədir? Çünki son günlər Müsavata qarşı kəskin ittihamlar səsləndirir...


- Rəsul Quliyevin Müsavat Partiyası və onun başqanına qarşı ittihamları yeni bir şey deyil. Hesab edirəm ki, bu ittihamların arxasında Milli Şuranın işinə zərbə vurmaq niyyəti dayanır. Ona görə də Rəsul Quliyevə lazım bildiyimiz və ona layiq olan cavabı vermirik. O, Milli Şuranın vahid namizədi ola bilməz. Milli Şuranın prinsiplərini bilə-bilə öz namizədliyini irəli sürməsi sadəlövhlükdən xəbər verir. Rüstəm İbrahimbəyov heç olmazsa, Azərbaycanın qonşuluğuna gələ bilir. Rəsul Quliyev heç ora da gələ bilmir. Ona görə də hesab edirəm ki, bu, qeyri-ciddi söhbətdir.

- Hakimiyyət Milli Şuraya qeyri-ciddi yanaşır. Məsələn, 
Siyavuş Novruzov müxalifətin Tiflis səfərini  "turist səfəri" adlandırıb...

- Siyavuş Novruzovun dediklərinə şərh vermək fikrim yoxdur. Novruzovun atmaca atmaqdan, mənasız danışmaqdan başqa əlindən nə gəlir ki?

- Seçkilərə 3 aydan az vaxt qalıb. Xalqda seçkiyə sanki həvəs yoxdur. Cəmiyyətdə nəsə böyük ruh düşkünlüyü müşahidə olunur. Sizcə, bunu necə aradan qaldırmaq olar?


-Təbii ki, zahirən belə görünür. Bununla haradasa razılaşmaq olar. Amma diqqətli müşahidəçilər görə bilər ki, cəmiyyət içərisində narazılıq günbəgün artmaqdadır. Qanunun verdiyi imkanlar çərçivəsində biz o aktivliyi görəcəyik. Çox təəssüf ki, bu müşahidələrini dilə gətirən adamlar unudurlar ki, seçki qanunvericiliyinə görə seçki prosesinin vaxtı 2 aya endirilib. Yəni hələlik seçkiyə start verilməyib. Seçkiyə start veriləndən sonra cəmiyyətin nə dərəcədə aktiv olmasını görə bilərik.

- Tutaq ki, Rüstəm İbrahimbəyov ölkəyə buraxılsa və seçkilərdə iştirak etsə, müxalifət seçkidə hansı uğurları qazana bilər?


- Biz uğuru görməsəydik, proqnozlaşdırmasaydıq, nə Milli Şura yaratmağa, nə də mülahizələrə ehtiyac qalardı. Hər halda hadisələri qabaqlamaq istəmirəm. Qarşımızda dayanan problemlərin - Rüstəm İbrahimbəyovun Azərbaycana gələ bilməsi, qeydiyyata alınması istiqamətində fikrimizi cəmləməyin tərəfdarıyam.

- Bir müddət öncə Lənkəranda Müsavat başqanının müşaviri Yadigar Sadıqov "Qarabağ əlilini döyüb" ittihamı ilə həbs edildi. Bu hadisəyə münasibətiniz necədir?

- Azərbaycan hakimiyyəti istər bölgələrdə, istərsə də mərkəzdə olan fəal, sözü keçən, ətrafındakı adamlara təsir göstərə bilən adamları müxtəlif üsullarla şərləyib həbsə salır. Yadigar Sadıqovu uzun müddətdir, tanıyıram. Onun intellektual səviyyəsi, əxlaqlı davranışı hər kəsə bəllidir. Bunu təbii ki, hakimiyyət də görür. Yəni Yadigar Sadıqova "korrupsioner", “narkoman” damğası vura bilməz ki?  Ona görə də bu cür ucuz, hansısa "əlili döyməsi" kimi şər atır. Deyəsən, bir şeyi unudurlar, ipin də, rezinin də bir dartılma nöqtəsi var. Həmin nöqtəyə qədər onu dartmaq olar, sonra qırılır. Hakimiyyət hesab edir ki, guya onun qanunsuz həbslərinə qarşı cəmiyyətdə yalnız siyasi qüvvələr etiraz edirlər və ona görə də o istədiyini edə bilər. Bu, onun ən böyük yanlışlığıdır. Cəmiyyət içərisində ədalətsizliyə qarşı qəzəb hissi toplanır və bu qəzəbin odunda yananlar hər halda, qanunsuzluğu edənlər olacaq.


Şəmşad AĞA
Qaynar.info