Siyasət 13:22 29.07.2013

"Proporsional seçki sistemi partiya siyahısına əsaslanır"

“Majoritar seçki sistemi Azərbaycan seçki mühiti üçün daha məqbuldur”.

APA-nın məlumatına görə, bu fikirləri  dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda “Siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkilərdə (referendumda) iştirakının hüquqi əsasları” mövzusunda çıxışı zamanı Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov məruzəsində Azərbaycanda majoritar seçki sisteminin tətbiqinin səbəbləri haqqında da danışıb: “Azərbaycanda 2002-ci ilə qədər proporsional və majoritar seçki sistemləri tətbiq olunub. Majoritar seçki sistemi Azərbaycan seçki mühiti üçün daha məqbuldur. Proporsional seçki sistemi partiya siyahısına əsaslanır. Ancaq vətəndaş bu halda partiya siyahısına səs verir. Siyahıda istəmədiyi adam da olsa, ona da səs vermiş olur. Lakin majoritar seçki sistemində vətəndaş birbaşa istədiyi namizədə səs verir. Proporsional seçki sistemində rayonların təmsilçiliyi şübhə altında qalır. Ancaq majoritar seçki sistemində bu problem yaşanmır”.

Z. Əsgərov qeyd edib ki, müəyyən ölkələrdə səsverməyə gəlməyən insanlar üçün cərimələr, davamlı seçkidən yayınanlar üçün isə bəzi ölkələrdə cəzalar nəzərdə tutulub: “Azərbaycanda buna ehtiyac yoxdur, çünki əhalimiz siyasi cəhətdən fəaldır”.

Qaynar.info