Siyasət 15:46 26.07.2013

"Putin Kremlə "əliboş" dönmür" - ŞƏRH

"Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən səfərini şərh edib. 

E. Xalidbəyli Qaynar.info-ya açıqlamasında bildirib ki, Rusiya prezidentinin Bakıya səfəri çox ciddi siyasi hadisədir.

Siyasi analitikin fikrincə, Putin qarşıya qoyduğu məqsədlərə nail olmadan da səfərini yekunlaşdıra bilər: 

Rusiya prezidenti Vladimir Putinin Bakıya rəsmi səfər etməsi kifayət qədər ciddi siyasi hadisədir. Düzdür, bu səfərlə bağlı hələ hazırlıq prosesi getdiyindən bəzi məqamlar tam aydınlaşmayıb. Bununla belə, səfərin, həqiqətən, reallaşdırılacağı təqdirdə, Azərbaycan və ümumiyyətlə, Cənubi Qafqaz regionu ilə bağlı hansısa önəmli siyasi anlaşmalar əldə edilə bilər. 

Məsələ ondadır ki, Rusiya prezidenti adətən rəsmi səfərlərə "əliboş" çıxmır və geriyə Kremlə də qətiyyən "əliboş" dönmür. Yəni Vladimir Putinin "Bakıya gedim və filan məsələni nəhayət ki, həll edim" anlayışıyla səfərə çıxacağını düşünmək sadəlövhlük olardı. 

Adətən, Kreml sahibinin səfərlərindən öncə onun getdiyi ölkədə müzakirə ediləcək mövzuların siyahısı və hətta bəzi hallarda qəbul ediləcək bəzi qərarlar da əvvəlcədən hazır olur. Ancaq biz Rusiya prezidentinin Bakıya "portfel"inə hansı məsələləri yığıb gəldiyini bilmirik. 

Ona görə də, Vladimir Putinin Bakı səfərinin Dağlıq Qarabağ məsələsinə necə təsir göstərəcəyini müəyyənləşdirmək mümkün deyil. Adətən, istənilən belə yüksək görüşlərdə Dağlıq Qarabağ problemi mütləq müzakirə edilən mövzular sırasında yer alır. Ancaq bu mövzunun müzakirəsi sadəcə, diplomatik jest xarakteri daşıyır. 

Yəni problemin nizamlanması prosesində elə bir ciddi irəliləyiş olmur. Bu dəfə də Dağlıq Qarabağ münaqişəsiylə ilə bağlı fərqli nəticələrin əldə oluna biləcəyindən danışmaq üçün hələlik elə bir ciddi əsas yoxdur. 

Xüsusilə də, Rusiya üçün Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqaz regionunda əsas istinad mexanizmlərindən biridir. Ona görə də Kreml sahibinin bu məsələnin həllinə töhfə vermək niyyətinə düşəcəyinə inanmaq çətindir. 

Əslində, indi Rusiyanı narahat edən Dağlıq Qarabağ problemi deyil. Rusiya indi daha çox Azərbaycanı Qərbə inteqrasiyadan yayındırmaq barədə düşünür. Və Kreml sahibinin Bakıda Azərbaycanın Rusiya üçün taleyüklü məsələyə çevrilmiş Avrasiya İttifaqına və Gömrük İttifaqına üzvlüyə razılaşdırmağa çalışacağını ehtimal etmək olar. 

Rəsmi Bakının Avrasiya İttifaqına və Gömrük İttifaqına münasibətinin müsbət olmadığını nəzərə aldıqda, Rusiya prezidentini Bakıda gərgin müzakirələrin gözlədiyini düşünmək olar. Böyük ehtimalla Rusiya prezidenti Vladimir Putinin Bakı səfəri qarşıya qoyulmuş hədəflərə çatmadan da yekunlaşa bilər.

Qaynar.info