Siyasət 11:45 05.08.2014

"Qarabağ münaqişəsinin hərbi yolla həlli ola bilməz" - ABŞ


“ABŞ Dövlət Departamenti iyulun 31-dən bəri Qarabağ cəbhəsində artan gərginlikdən dərin narahatdır, hər iki tərəfdən ölənlərin ailələrinə başsağlığı verir və tərəfləri bir daha atəşkəsə riayət etməyə çağırır”.

APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, bunu qurumun rəsmi nümayəndəsi Cennifer Psaki keçirdiyi son brifinqdə deyib.
 
C. Psaki bildirib ki, bu münaqişənin hərbi həlli ola bilməz: “Qarşıdurma və ölümlərin davam etməsi yalnız sülh danışıqlarını çətinləşdirməyə xidmət edəcək. Biz ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin sona çatması üçün bütün tərəflərə dəstək verməyə çalışmışıq. Mən bu məsələ ilə bağlı komandamızla danışdım, bizim mövqeyimiz belədir ki, mövcud problemin həlli üçün dialoqların təşkilində hər cür səy göstərməyə, yardımçı olmağa həmişə hazırıq”.
 
C. Psaki Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ-da görüşəcəyi və danışıqların növbəti raunduna Vaşinqtonun rəhbərlik edəcəyi barədə bir ay əvvəl amerikalı həmsədr Ceyms Uorlikin bəyanatından sonra prezidentlərin Rusiyanın Soçi şəhərində görüşəcəyinə dair xəbəri də şərh edib: “Rusiya da gərginlikdən narahatlığını ifadə edib. ABŞ-da görüşün rəsmi olaraq planlaşdırılmasından məlumatım yoxdur, bu barədə bizə bildirilməyib. Prezidentlərin görüşü barədə məlumatlar sadəcə şayiə də ola bilər”.

Qaynar.info