Ölkə 21:31 07.08.2017

"Qarşıda Rusiyaya qarşı daha dağıdıcı addımlar atılacaq"

Asim Mollazadə: "Yaxşı olar ki, Kreml rus xalqının maraqlarını nəzərə alaraq inadkar siyasətdən vaz keçsin"

"Dünya iqtisadiyyatının ümumi məhsulunda Amerikanın payı 23-24 faizdir, ancaq bu rəqəm Rusiyada 0.1 faiz təşkil edir. Müqayisə üçün bu fakt kifayətdir"

ABŞ Konqresinin Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyalarla bağlı hazırladığı qanun layihəsi əksər səs çoxluğu ilə qəbul edilərək Senata göndərildi. Prezident Donald Trampın sənədə veto qoymaq imkanı fiaskoyla nəticələndi və avqustun 2-də Amerikanın dövlət başçısı qanun layihəsini imzalamaq məcburiyyətində qaldı. Lakin Tramp bildirdi ki, qanun layihəsi Amerika biznesinə, Vaşinqtonun dostlarına və müttəfiqlərinə ziyan verəcək.

ABŞ Prezidentinin rəsmiləşdirdiyi bu addıma ilk reaksiya Rusiyanın Baş naziri Dmitri Medvedyevdən gəldi. Rusiyanın hökumət başçısı Trampın bu qərarını Moskvaya qarşı genişmiqyaslı ticarət müharibəsinin başlanğıcı kimi dəyərləndirdi. Baş nazir bəyan etdi ki, Tramp Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanunu imzalamaqla Moskva ilə Vaşinqton arasında münasibətlərin yaxşılaşmasına olan ümidlərin üstündən xətt çəkdi: "Bu, Rusiyaya qarşı genişmiqyaslı ticarət müharibəsinin başlanğıcını göstərir". Rusiya analitikləri isə hesab edirlər ki, qanun Rusiyadan daha çox, Donald Trampa qarşı yönəldilib. ABŞ-Rusiya gərginliyi ilə bağlı "Şərq"in suallarını cavablandıran millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə sanksiyaların sonuncu olmadığını və Rusiyaya qarşı daha ağır addımların atılacağını deyib.

- ABŞ Prezidenti Donald Tramp sanksiyalarla bağlı sənədi imzalasa da, qanun layihəsini pislədi. Ağ Ev rəhbəri hesab edir ki, qarşı ölkələr Vaşinqtona qarşı birləşəcəklər. Sizcə, Tramp narahatlıqda haqlıdırmı?

- Rusiya, Çin və İran ABŞ-a qarşı dəfələrlə birləşməyə cəhd ediblər və bir neçə dəfə birgə hərəkət ediblər. Amma Amerikaya hansısa ciddi təhlükə yarada bilməyiblər. Hər ehtimala qarşı Vaşinqton gözlənilən təhlükələri nəzərə alaraq ciddi və qabaqlayıcı addımlar atmalıdır. İstənilən tərəddüd və gecikmə ABŞ-ı çıxılmaz vəziyyətdə qoya bilər.

- Rusiya rəhbərliyi adekvat addımlar atacağını dedi. Sizcə, Moskva ABŞ-a qarşı hansı addımları atacaq?

- Rusiya siyasi şou göstərməklə məşğuldur. Ötən gün rus rəsmiləri 700-dən artıq amerikalının Rusiyadan çıxarılacağı təhdidini gündəmə gətirdilər. Ancaq reallıq odur ki, həmin diplomatlar arasında sadəcə 30-40 nəfər ABŞ vətəndaşıdır, qalanları isə Rusiya vətəndaşıdır. Onların Amerika ilə heç bir bağı qalmayıb. Moskva ancaq buna bənzər, ciddi əhəmiyyət kəsb etməyən addımlar ata bilər. Bir şeyi də xatırladım ki, dünya iqtisadiyyatının ümumi məhsulunda Amerikanın payı 23-24 faizdir, ancaq bu rəqəm Rusiyada 0.1 faiz təşkil edir. Müqayisə üçün bu fakt kifayətdir. Belə şəraitdə tərəflərdən hansının daha güclü təsir imkanına malik olması bəllidir.

- Sanksiyalardan bezən Rusiya geri addım ata bilərmi? Xüsusən, Ukrayna məsələsində hansısa yumşalma gözlənilirmi?

- Əgər Rusiya ağıllı hərəkət edərək geri addım atarsa, bu qərar Moskvanın maraqları üçün daha əlverişli olar. Həm Suriyada, həm Ukraynada, həm də keçmiş SSRİ ərazisində təcavüzlərə, hədə-qorxulara son qoyularsa, bundan ancaq Rusiya qazanar. Eyni zamanda dostyana siyasətdən rus xalqı da məmnun qalar.

- Hesab edilir ki, budəfəki sanksiyalar əvvəlkindən daha ağır olacaq və Rusiyaya ciddi təsir edəcək. Bu ehtimalı necə dəyərləndirirsiniz?

- Mən də düşünürəm ki, indiki sanksiyalar ağır olacaq. Ən əsası isə odur ki, bu sanksiyalar paketi sonuncu deyil. Qarşıda Rusiyaya qarşı daha dağıdıcı addımlar atılacaq. Bu baxımdan yaxşı olar ki, Kreml rus xalqının maraqlarını nəzərə alaraq inadkar siyasətdən vaz keçsin. İndiki dövrdə inkişafın və uğurlu münasibətlərin yolu qarşıdurmalardan yox, əməkdaşlıqdan və kompramislərdən keçir.

- Sizcə, Rusiyanın sanksiyalara məruz qalması Cənubi Qafqaz regionuna, konkret Azərbaycana təsir göstərəcəkmi?

- Rusiyaya qarşı istənilən təzyiq və sanksiya Moskvanın çox sərt reaksiya verməsinə və o cür də addım atmasına səbəb olur. Bu mənada Rusiyanın təcavüzə meyilli addımları və hansısa bölgələrdə stabilliyi pozmaq cəhdləri mümkündür. Heç şübhəsiz, Cənubi Qafqazda, o cümlədən Dağlıq Qarabağ münaqişəsində müəyyən fəsadlar yarana bilər. Nəzərə almaq lazımdır ki, Ermənistan müstəqil dövlət deyil, bu ölkə birbaşa Rusiyanın hərbi bazasıdır. O cümlədən, Gürcüstanın işğal altındakı ərazilərində də böyük miqdarda rus qoşunları, ağır texnikalar var. İstənilən halda bölgədə gərginliyin fitili tutuşdurula bilər. Əgər Rusiya buna təşəbbüs edərsə, ciddi fəlakətə düçar qalacağı şübhəsizdir.

Qaynarinfo.Az