Ekonomiks 19:30 18.08.2015

"Qiymət artımının yeni dalğası gözlənilir" - Qubad İbadoğlu

Tanınmış iqtisadçı alim Qubad İbadoğlu ölkəmizdə qiymət artımı ilə bağlı fikirlərini sosial şəbəkə vasitəsilə paylaşıb. Qaynar.info həmin paylaşımı təqdim edir: 

"Bu günlərdə Mərkəzi Bank bankların faiz dərəcələrinin aşağı düşməsini stimullaşdırmaq məqsədilə bir sıra yeni qərarlar qəbul edilib. Bu qərarın hədəfində bankların əməliyyat xərclərinin optimallaşdırılması olsa da indiki şərtlərlə faiz dərəcələrinin aşağı düşəcəyi inandırıcı görsənmir. Çünki, banklar yüksək faiz dərəcələrinə risklərin idarə edilməsi siyasətinin tərkib hissəsi kimi baxırlar. Ümumiyyətlə isə faiz dərəcələrinin yüksək olmasını şərtləndirən başlıca amil inflyasiyadır. Rəsmi statistik məlumatlara inansaq, bu ilin yanvar-iyul aylarında inflyasiya (istehlak mallarının qiymətləri və xidmət tarifləri) 3,7 faiz olub, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,9 faiz, xidmət tarifləri isə 1,2 faiz bahalaşıb. Mərkəzi Bank hələ ötən ilin sonunda bəyan etdiyi 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə sənəddə car ildə inflyasiyanı 2-3% səviyyəsində hədəfləyib. Lakin bəzi beynəxlalq təşkilatlar bu il üçün Azərbaycanda daha yüksək inflyasiya prornozlaşdırırlar. Belə ki, Azərbaycan üzrə 2015-ci il üçün inflyasiya proqnozunu Beynəlxalq Valyuta Fondu 8,5 faiz, Moody `s kredit-reytinq agentliyi 9 faiz elan edib. 

Yay aylarında mövsümi amillərlə əlaqədar olaraq xüsusilə də kənd təsərrüfatı məhsullarının qiymətində ucuzlaşma qeydə alınsa da, son qiymətləndirmələr payız və qış aylarında daha yüksək inflyasiya gözləntisinin olduğunu göstərir. Çünki, artıq mövsümi amillər qiymətlərə artırıcı təsir göstərməyə başlayıb. Bununla yanaşı, ərzaq bazarında hökmran mövqeyə malik olan şirkətlər yeni qiymət siyasəti ilə daha yüksək inflyasiyanı stimullaşdırmağa başlayıblar. Odur ki, həm biznes və həm də istehlakçılar yeni inflyasiya dalğasına hazır olmalıdır.  İnflyasiyanın artımının yeni dalğası həm əhalinin və həm də biznesin xərclərini artırmaqla Mərkəzi Bankın kredit faizlərinin aşağı düşməsi ilə əlaqədar verdiyi son qərarlarının əhəmiyyətini də xeyli kiçildəcək və sosial vəziyyətin gərginləşməsinə xidmət edəcək".

Qaynar.info