İdman 15:38 21.08.2013

""Qarabağ"ı keçsək, beş milyon avro qazanacağıq"

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Ayntraxt”ın maliyyə məsələləri üzrə direktoru Axel Helmann avqustun 22-də Bakıda baş tutacaq ilk oyun öncəsində açıqlama verib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, komandalarının hədəfi Ağdam komandasını mübarizədən kənarlaşdıraraq Avroliqanın qrupuna düşməkdir: “Bu, həm klub, həm futbolçular, həm də azarkeşlər üçün böyük bayram olar”.

O həmçinin bildirib ki, qrupa düşməklə “Ayntraxt” maddi tərəfdən də udacaq: “Əgər “Qarabağ”ı keçib qrupda oynamağa vəsiqə əldə etsək, o zaman ən azı beş milyon avro qazanacağıq. Bu vasait isə əlavə məsələləri yoluna qoymaq üçün klubumuzun büdcəsinə yönəldiləcək”.

Klub rəsmisi qeyd edib ki, bu günlərdə Çexiya “Sparta”sından transfer etdikləri Vaslav Kadles üçün üç milyon avro ödəyiblər: “Ona görə də bu gün əlavə gəlir əldə etmək bizim üçün vacibdir”. 

Qaynar.info