Siyasət 12:16 08.08.2017

"Türkiyənin hərbi bazaları Azərbaycana yerləşdirilməlidir" (ŞƏRH)

"Ermənistan Rusiyaya güvənərək Tovuz və Qazax istiqamətdə bizim mövqeləri vurur, insanlarımızı hədəf alır. Mütləq bunun cavabı elə həmin istiqamətlərdə verilməlidir. Əks halda İrəvan elə biləcək ki, biz Rusiya-Ermənistan hərbi qoşun birliklərindən çəkinirik. Ondan çəkinirik ki, prosesə Rusiya qarışar deyə seyrçi qalacağıq".

"Qaynarinfo" xəbər verir ki, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.


Politoloq bildirib ki, Rusiya erməniləri təxribatlara həvəsləndirir: "Rusiya Azərbaycana mümkün olan pisliyi edib, vaxtilə Dağlıq Qarabağ və ətraf rayonların işğalında Ermənistana dəstək verib. İndi də Moskva erməniləri bütün sərhəd boyu təxribatlara həvəsləndirir".

Elxan Şahinoğlunun fikrincə, Türkiyənin hərbi bazalarını Azərbaycanda yerləşdirmək lazımdır: "Mən “Türkiyə ilə hərbi ittifaqı yeni mərhələyə qaldırmaq, qardaş ölkənin hərbi bazalarını Azərbaycanda yerləşdirmək üçün Ankara ilə danışıqlara başlamaq lazımdır” deyərkən elə bugünü nəzərdə tuturdum. Hərbi ittifaqın qarşısında başqa hərbi ittifaq dayanmalıdır. Qətər kimi dövlət belə gələcəkdə başına gələ biləcəkləri nəzərə alaraq ərazisində ABŞ-la yanaşı Türkiyənin hərbi bazalarını yerləşdirdi. O ki qaldı, Tovuzda yaralanan uşağa, bunun cavabı Qarabağda deyil, məhz elə həmin istiqamətdə verilməlidir. Bir də Azərbaycan XİN-lə Müdafiə Nazirliyi birgə açıqlama yayınlayaraq Ermənistanın Rusiyanı müharibəyə qatmaq prosesinin yaxşı nəticə verməyəcəyi haqqında indidən Moskvanı xəbərdar etməlidir".

Qaynarinfo.Az