Ölkə 13:30 17.07.2017

"Xaliq Faiqoğlu” şirkətinin rəhbərindən açıqlama

Bir neçə gün əvvəl “Xaliq Faiqoğlu” şirkətinin rəhbəri Faiq Seyidovun oğlu Xaliqin 2014-cü ildə ağır yol qəzası törədərək adam öldürməsi və məsuliyyətdən yayınması ilə bağlı məlumatlar yayılmışdı. Bu gün şirkət rəhbəri bəyanat yayaraq özü və ailəsi ilə bağlı yayılan məlumatları təkzib edib. Həmin bəyanatı olduğu kimi təqdim edirik:

"Çox təəssüf ki, son günlər bir sıra elektron KİV-də bizə məlum olan şəxslərin təşkilatçılığı, sifarişi və icrası ilə 2014-cü ildə baş vermiş hadisəni gündəmə gətirməklə mənim və ailə üzvlərimin adına ləkə yaxılır və mənim işgüzar nüfuzuma xələl gətirməyə çalışırlar. Bu qarayaxma kampaniyasının arxasında duran şəxslərin kimliyi bizə məlumdur və bu şəxslərə qarşı qanun çərçivsində ölçü götürülməsi üçün DTX-nə müraciət edilmişdir. Belə ki, özünü “jurnalist” adlandıran iş icraçıları KİV-də tanıdıqları şəxslərə müraciət edərək pul vəsaiti təklif etməklə həmin hadisəni və hətta sahibi olduğum şirkət haqqında şantaj və yalan xəbərləri işıqlandırmağa çalışırlar və buna qismən nail olmuşlar. 

Qeyd edək ki, 18.05.2014-cü il tarixdə Nəsimi rayonu ərazisində övladımın idarə etdiyi maşınla yol-nəqliyyat hadisəsi baş vermişdir, zərər çəkmiş şəxs dərhal övladım tərəfindən xəstəxanaya aparılmışdır. Hadisədən 5 gün xəstəxanada vəfat etmişdir. Ehtiyatsızlıqdan baş verən bu hadisədə cinayət tərkibi olmadığı üçün işə xitam verilmişdir. Bundan başqa xəbərdə bizə aid olmayan marşrut xəttlərini bizə məxsus kimi təqdim edilmiş və hətta vergidən yayındığımız bildirilmişdir. Halbuki şirkət iri vergi ödəyicilərindən biridir.

Hal-hazırda gündəmə gətirilən bu yazı hələ 2015-2016-cı illərdə reket jurnalist kimi fəaliyyət göstərən “Gündəlik Bakı” qəzetinin hal-hazırda həbsdə olan baş redaktoru Habil Vəliyevin yazılarıdır. Bu gün özünü jurnalist adlandıran həmin şəxslər sifariş əsasında bu yazıdan məharətlə istifadə etməklə bizə psixoloji təsir göstərməyə çalışırlar. Lakin bəyan edirəm ki, bu qara qüvvələr heç bir şeyə nail ola bilməyəcəkdir. 

Bu gün dövlətimiz xüsusilə ölkə başçısı cənab Prezident tərəfindən sahibkarlara diqqət və qayğı göstərilir. Hər zaman dövlətimizin bizə dəstəyinə güvənərək fəaliyyətimizlə bu dəstəyə layiq olmağa çalışmışıq. 

Bu şəxslər barədə ölçü götürülməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət ediləcəkdir. Fürsətdən istifadə edib jurnalist adını şərəflə daşıyan şəxslərə və bu qarayaxma kampaniyasında iştirak etməkdən imtina edən KİV-nə təşəkkür edirəm".

Qaynarinfo.Az