Sənət 13:22 13.08.2017

"Yazarlarımız keyfiyyətsiz yazır deyə oxucuları cəlb edə bilmirlər" (MÜSAHİBƏ)

"Tualet kağızı, "Ümid Arısı" və "Bataqlıq Donuzu" kimi kitablarının müəllifi olan İkinci Mahmud ədəbi mühitdə kifayət qədər tanınır. Bir müddətdir ki, ondan xəbər yoxdur. Bu günlərdə sosial şəbəkələrdən uzaqlaşan yazarla görüşüb söhbətləşdik. Olduqca maraqlı keçən söhbətimizi təqdim edirik.

"Özümə sığışdırmırdım deyəm ki, depressiyadayam"

- Uzun müddətdir sosial şəbəkələrdən uzaqsan. Yaradıcılıqla məşğulsan, ya depressiya səni də öz ağuşuna alıb?

- Depressiya deməzdim... Amma depressiya idi. Mən bir az əzilib-büzülməyi xoşlamayan bir xarakterə malik olduğuma görə, özümə sığışdırmırdım deyəm ki, depressiyadayam. Bir psixiatır dostumla söhbət etdim və ona keçirdiyim sarsıntıları, yaşadıqlarımı danışdım. Dedi ki, "neçə müddətdi beləsən?" 5-6 aydı artıq bu halda olduğumu bildirdim. "İki həftədən artıq davam edibsə, deməli depressiyadır" dedi. Qəbul etmək lazım idi ki, depressiyadam. Mən də qəbul etdim. Ondan sonra beyin özü cavab verdi ki, hər şey yaxşıdır. "Facebook" hesabımı bağlamağıma gəlincə, informasiyalardan qaçıram. Müdrikləşməyə çalışıram. Geri qayıdıb, müdrikləşməmiş insanları görəndə, anlayıram ki, doğru yoldayam. İnformasiya verən hər şeydən özümü qoruyuram. Uzun müddətdir ki, televizor da izləmirəm. Mümkün qədər insanların dərdlərini, həyat hekayələrini dinləməməyə çalışıram. Ortada görünməməyimin səbəbi də budur. Hansısa yeniyetmə qız sevgilisindən ayrılıb, "türk caps"ləri paylaşırsa, bu məni yorur və mənfi enerji ilə yükləyir. İndi yaxşıyam, müdrikləşmişəm. Bunu tam səmimi deyirəm, heç kimi qıcıqlandırmaq fikrim yoxdur (gülür...). Daxili rahatlığı tapmışam. Ümumiyyətlə mənim daxili aləmim hər zaman rahat olub. Bir ara bunu itirmişdim. Yəqin ki, buna səbəb elə sosial şəbəkələr idi. 

"Artıq uşaq ölümü, zorlama barədə xəbərlər məni qətiyyən narahat etmir" 

- Bayaqdan müdrikləşməyindən danışırsan. Hər kəsin bir müdriklik anlayışı var. Mahmuda görə müdriklik nədir?

- Açığı mücərrəd anlayışlar haqqında yaxşı danışa bilmirəm. Bəlkə də bu çox eqoist səslənəcək, amma artıq uşaq ölümü, zorlama barədə xəbərlər məni qətiyyən narahat etmir. Bu iki halda baş verə bilər: Ya sən laqeydləşirsən, insanlıqdan çıxırsan, ya da müdrikləşirsən. "Narah etmir"i hansı mənada deyirəm, indi izah edəcəm. Artıq anlayıram ki, bir insan bütün dünyanı xilas edə bilməz. Müdriklik sənin daxili aləmini, özünü xoşbəxt və ya bədbəxt hiss etməyini, kədərlənməyi, sevinməyi, ümumiyyətlə, emosiyalarını idarə etməyi bacarmağındır. Yəni, sənin əhvalını heç nə korlaya bilmir. Küçədə kimsə sənin ayağını tapdalasa, buna gülüb keçə bilirsən. Anlayırsan ki, maddi nemətlər uğrunda öz daxili tarazlığından imtina etmək, onlara qurban vermək çox böyük axmaqlıqdır. Artıq maddi nemətlər səni o qədər də narahat etmir. Təbii ki, biz real cəmiyyətdə yaşayırıq. Hamı istəyir ki, yaxşı evdə yaşasın, bahalı maşın sürsün, yüksək maaşlı işdə çalışsın. Amma bunlar sənin həyat amalın olmadıqda, sadəcə öz yerində vasitə rolunu oynadıqda, artıq müdrikləşirsən. Mən müdrikliyi belə anlayıram. Bəlkə də səhv bilirəm. Müdriklik özü də böyük aldanışlardan biridir. Hər halda belə daha yaxşıyam. Həyat 30 yaşı keçəndən sonra mənə maraqlı gəlməyə başlayıb. Həyat eşqim də yerindədir. 

"Ölmək istəyən insanın fikrinə hörmət etmək lazımdır"

- Yaradıcı adamlar da depressiyada olduqları zaman intihar haqqında çox düşünürlər. Bəziləri bu vəziyyətdən çıxa bilir, bəziləri isə yox... Sən də intihar haqqında düşünmüsən?

- Mən həyatı sevirəm? Əgər, biz bioloji fərdiksə və instinktiv olaraq yaşamağa planlaşdırılmışıqsa, mən yaşamağı sevirəmmi, sevmirəmmi, bunun heç bir mənası yoxdur. Mənim orqanizmim, hüceyrələrim, beynim deyir ki, sən yaşamalısan. Dünya yaşamağa dəyərmi, dəyməzmi? Tutaq ki, birbaşa radikal qərar vedik ki, dəyməz. Əvvəl axır bu orqanizm ölümə məhkumdur. Kamyunun dediyi kimi ifadə etsək, bu absurd olar. Mən bu absurdu ömrümün sonuna kimi davam etdirmək niyyətindəyəm. Deyə bilmərəm ki, intihar edən adam zəif və ya güclüdür. Şopenhauer deyirdi ki, bu insanın öz seçimidir. Bu fikrin özü təbliğat ola bilər. Fikir əgər təbiətə ziddirsə, deməli, mənim fikirlərim boş söz yığını olacaq. Çünki təbiətə zidd heç nə ola bilməz. İntihar haqqında düşünmüşəmmi? Yox... Mən çox yaşamaq istəyirəm. Bunun mənim dünyanı sevib-sevməməyimlə əlaqəsi yoxdur. Çox yaşamaq istəyirəm, çünki hamımız öləcəyik. Bəzən mənəvi iztirablar insanı çox sıxır. 

Hər kəsdə olduğu kimi məndə də olur, lakin insan bunları aşmağı bacarmalıdır. İntiharı seçən adamın da fikrinə hörmət etmək lazımdır. Nəticədə həyat onundur. Həyat odur ki, sən ondan azad şəkildə istifadə edə bilərsən. Əgər yaşamaq hüququndan istifadə etməkdə və etməməkdə azadsansa, demək intihar hüququn da var. İntihar konstitusiyada yeganə cinayətdir ki, ona cəza vermək olmur. Çünki belə bir şeyin olması absurda gətirib çıxarar. Cəzaların hamısı fiziki və mənəvi mənada nəzərdə tutulub. Yaşamaq hüququ olduğu kimi, ölmək hüququ da olmalıdır. Kimsə ölmək istəyirsə, təbii ki, bu zədələnmiş psixika fonunda deyilsə, yəni, həmin adamın psixologiyası yoxlanılmalıdır. Əgər hər şey qaydasındadırsa və bu adam ölmək istəyirsə, artıq onun seçimidir. Evtanaziya deyilən bir akt var. Bu insanın özünü və yaxınlarını öldürmə haqqıdır. Bəzi ölkələrin qanununda var. Dünyada nə qədər günahsız insan ölür. Əgər bunların fonunda bir insan ölməyi seçirsə, onun fikrinə hörmət etmək lazımdır. Aclıqdan ölən nəinki ailələr, hətta materiklər var. Ölmək istmədiyi halda... Onları xilas etmək lazımdır. Bəzi məqamlarda bu barədə düşünsəm də, heç vaxt intihar etmərəm. Cənab əzrayılı gözləyirəm. 

"Bizim yazarlar keyfiyyətsiz yazır, ona görə də oxucuları cəlb edə bilmirlər"

- Hazırda Azərbaycan ədəbiyyatında durğunluq hökm sürür. Oxucular öz yazarlarımızdan daha çox xarici ədəbiyyatı oxuyur. Bizim yazarların əsərlərini sosial şəbəkədə çox kiçik bir kütlə və elə özlərinin dost-tanışından başqa heç kim oxumur. Və biz dünyaya çıxa bilmirik. Bu barədə sən nə düşünürsən?

- Biz dünyadan qıraqda deyilik. Azərbaycan ədəbiyyatı da dünyada gedən proseslərə qoşulur. Məsələn, "Əli və Nino" romanını dünyada oxuyur və tanıyırlar. Bundan başqa Çingiz Abdullayevin yazdığı dedektiv əsərlər dünyanın bir çox ölkələrində satılır. 

İndi isə oxucular bizi niyə oxumur, bu barədə danışaq. Çünki bizim yazarlar keyfiyyətsiz yazır, ona görə də oxucuları cəlb edə bilmirlər. Bu birinci səbəb idi. İkinci səbəb isə Azərbaycanda ümumiyyətlə, insanlar kitab oxumur. Niyə bizim yazarlar yaxşı əsər yaza bilmir? Çünki intellektual səviyyələri demək olar ki, yoxdur. Bizim bir qrup yazıçı ədəbiyyatla intellekti ayrı təsəvvür edən etika və estetikaya sahibdir. Onlar hətta intellektdən iyrənir. Düşünürlər ki, ədəbiyyat sentimental əsərlər yazmaqla oxucuya maraqlı olmaq olar. Bəlkə də, orta Azərbaycan oxucusuna maraqlı olmaq olar. Lakin dünyaya Azərbaycanda yaşayan bir yazarın lokal həyatı, yaşantıları, hansısa subyektiv lokal şərtlənən faciələri maraqlı ola bilməz. Mən roman yox, hekayə və povest yazmışam. Və məncə, o da uğursuz alınıb. Düşünürəm ki, özünə hörmət edən oxucu niyə Verberin hekayəsini yox, İkinci Mahmudun hekayəsini oxumalıdır. Niyə mən ona maraqlı olmalıyam? Əgər biz özümüzü yazıçı hesab ediriksə, o zaman Azərbaycan ədəbi prosesinin məhsullarıyıq. Və bu prosesdə ədəbi tənqidlə, ədbiyyat tarixi, onun sistemləşdirilməsi, təsnifatı ilə bağlı ciddi problemlər var. Ədəbi mətnlər böyük rəqabətin içində formalaşır. İstəyirəm ki, tam səmimi qəbul edəsiniz, hazırda Azərbaycanda məni heyrətləndirə bilən yazıçı yoxdur. Bəzi məqamlarda olur ki, kiminsə bir cümləsi, bir başqasının toxunduğu mövzu səni təəccübləndirir. Lakin kult olaraq qəbul edilə biləcək yazıçı yoxdur. 

Türkiyə, İran, Rusiya, Gürcüstan, Ermənistan ədəbiyyatında bu cür yazarlar var. Niyə bunları sadaladım? Dünya ədəbi prosesinə nəzər yetirdikdə, bir az geridə olan ölkələr olduğu üçün. Rafiq Tağı sağ olsaydı, mənim üçün kult ola biləcək yazıçı olardı. Azərbaycanda hazırda onun yaratdığı standartlara uyğun yazıçı yoxdur. Ola bilər ki, bu da bəhanədir. Mən azərbaycanlı yazıçı olsam da, özümü dünya ədəbiyyatının bir nümayəndəsi hesab edə bilərəm və mənimlə yaşıd olan dünya yazıçıları ilə bəhsə girərəm. Bayaq sadaladığım ölkələrin müasir yazarlarını oxuyuram. Demirəm sistemli şəkildə, amma müəyyən ədəbi portallar var ki, onları daim izləyirəm. Bilirəm ki, mənimlə yaşıd bir erməni, gürcü, rus, İran yazıçısı nə yazır. Öz qələm dostlarımla müqayisə etdikdə, anlayıram ki, bizim yazıçıların əsərlərinin keyfiyyəti çox aşağıdır. Bizim iki ədəbi estetikanın nümayəndələri - AYB-yə (Azərbaycan Yazıçılar Birliyi) üzv olanlar AYO-nun (Azərbaycan Yazıçılar Ocağı) üzvlərini bəyənmir, bir-birlərini oxumurlar və ya əksinə. Axırıncı dəfə məni heyrətləndirən kitab Əjdər Olun ədəbi portretlərlə bağlı kitabıdır. O, AYB-nin üzvüdür. AYO-dan Seymur Baycan məni heyrətləndirə bilir. Ədəbiyyat müstəvisində çox xırda məsələləri "arvad qeybəti" səviyyəsinə endirən caynaqlaşamalar ədəbi prosesin keyfiyyətinə təsir edir və ciddi ədəbi nümunə yaranmır. Ona görə də oxucu dünya ədəbiyyatından olan tərcümələri oxuyur. Ədəbi prosesin arxasında mütləq böyük maddiyyat dayanan mükafatlar olmalıdır. Düşünürəm ki, bunda daha çox indi burjua adlandırdığımız təbəqə maraqlı olmalıdır. Bütün dünyada bu var. Təəssüf edirəm ki, bizim burjuada intellektə dəyər verən yoxdur. Pul kimin əlindədirsə, oxucunun və sənət adamının da səviyyəsi ona uyğunlaşmağa məhkumdur. Çünki bütün dünyada qaydalar bu cürdür. 

"Sevgilisindən ayrılıb romantikləşən, sənin hesabına pivə içib keflənən yazarları heyrətləndirməkdənsə,.."

- İkinci Mahmud yazmağa davam edəcəkmi? Oxucular və sənət yoldaşların səndən yeni əsərlər gözləsinmi?

- Müdrikləşməmişdən qabaq (gülür) yazdığım statuslara görə də tanınmağım mənə xoş gəlirdi. Amma indi anlayıram ki, sosial şəbəkələrdə oxucu deyə tanıdığımız adamların 2/3-sinə lətifə lazımdır. Mən lətifə yazmağı tərgitmişəm. Bu mənim yazıçılıq taleyim üçün çox ciddi məslə idi. Hazırda 50 yaşına çatmış və lətifə quraşdırmağı tərgitməyən yazıçılarımız var. Mən mərhələləri tez keçə bilirəm. Çünki tez sıxılan insanam. Özümdən tez bezdiyim kimi, insanlardan da tez bezirəm. 3 kitabım çıxdı və bəzi insanlar anladı ki, mən istəsəm, yaza bilərəm. Özüm də anladım ki, yazmalıyam. Artıq bu yaşdan sonra yazmağa davam edəcəmsə, bunlar çox ciddi matreallar olmalıdır. Bütün natamamlıq komplekslərimi atıram və bildirirəm ki, mən dünya vətəndaşıyam. İspan dilli ədəbiyyatdan tutmuş, Kenya dilli ədəbiyyata kimi bütün olan dənizin içindəyəm. Azərbaycanda sevgilisindən ayrılıb romantikləşən, sənin hesabına pivə içib keflənən yazıçıları heyrətləndirməkdənsə, istəyirəm ki, bütün dünya ədəbi dənizindən başı çıxan, qidalanan ciddi oxucu vahidini heyrətləndirə bilən, onların oxuduğu bir yazıçı olmaq istəyirəm. Mətnlərin üzərində çox işləməyə başlamışam və fədakarlıq edib onları hər hansı portallara vermək fikrim yoxdur. 

Yəqin ki, yaxın zamanda kitabımı ortaya qoyacam ki, bu qədər yekə-yekə danışdım və işim də budur. Əgər oxucu onu güldürən, əyləndirən bir obraz axtarırsa, mən o insan deyiləm. Müasir müəlliflərdən Seymur Baycanla Qismət ədəbiyyatla yaşayır. Mən hələlik tam o adam deyiləm. Bəzi yazarlarımız yazıçılığı atıb bazarda kartof sata bilər və bununla da xoşbəxt ola bilərlər. O tipə çevrilməmək üçün məqsədim, yolum böyük olmalıdır. Həmin səviyyəyə çata biləcəm ya yox, vacib deyil. Əsas odur ki, mən bunu istəyirəm. Dünyada tanınıb-tanınmayacam, və ya kimsə məni oxuyacaq-oxumayacaq, bu daha mənə maraqlı deyil. Beynimdə çox ciddi bir film ssenarisi var və o qədər müdrikləşmişəm ki, onu çəkməsələr də, bu məni narahat etməyəcək. İki ciddi roman ideyam var. Qoy bir az məni unutsunlar. 

Lalə Niftalıyeva

Qaynarinfo.Az