İdman 09:35 22.08.2013

Qurban Qurbanov “Ayntraxt”la oyundan danışdı


""Ayntraxt” oyun bizim üçün çox vacibdi. Mətbuatı izləyirəm və azarkeşlərin bu cür marağı bizi sevindirir. Rəqibimizin güclü komanda olmasına baxmayaraq, oyuna maksimum yaxşı hazırlaşmağa çalışırıq”. Qaynar.info xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ötən gün mətbuat konfransında deyib.

Qurbanov mətbuat konfransına gec gəlməsinin səbəbini açıqlayıb: "Buna səbəb sadəcə qonaqların məşqə gec başlaması oldu”.

"Qarabağ”ın baş məşqçisi rəqibdən çəkinmədiklərini bildirib: "Ayntraxt”la qarşılaşmalar bizim Avropada sonuncu oyunlarımız ola bilər. Həmçinin daha güclü komandaları Bakıya gətirə bilərik. Rəqibdən çəkinmirik və meydana inamla çıxacağıq. Futbolda hər şey ola bilər. Çalışacağıq ki, layiqli mübarizə aparaq”.

Qurbanov rəqibin "Qarabağ” haqqında məlumat topladığını bildirib: "Xəzər Lənkəran”la oyunda onların bir məşqçisi oyunumuzu izləyirdi. Hətta bizimlə bir oteldə qalırdı. Biz də öz qonaqpərvərliyimizi göstərmək üçün məşqçilərimizdən birinə onunla maraqlanmağı tapşırmışdıq. Onlar "Gefle” ilə matçlarımızı və digər oyunlarımızı izlbəyib. Hər bir futbolçumuzu tanıyırlar və necə oynadıqlarını bilirlər”.

"Rəqibin hansı üstün cəhətlərini qeyd edərdiz” sualına Qurban bəyin cavabı belə olub: "Rəqibin hansı sistemlə oynadığını sabah biləcəyik. Onlar "Hetra” ilə matçda yeni sistemlə, "Bavariya” ilə qarşılaşmada isə köhnə sistemlə oynadıqlar. Buna görə də hər iki oyun üslubuna hazır olmalıyıq. Rəqibə boşluq verməməyə çalışmalıyıq. Onların son nöqtəni qoymağı, yəni qol vurmağı bacaran futbolçuları var. "Ayntarxt”ın heyətində güclü oyunçular yer alıb. Biz zəif rəqibə qarşı oynamırıq”.

"Qarabağın oyununu "Şaxtyor”un oyununa bənzədirlər, Luçesku kimi braziliyalılardan ön xəttə istifadə etdiyiniz deyilir. Buna münasibətiniz necədi” sualına Qurbanov "Bunu ilk dəfə eşidirəm. Biz futbolda hər gün yeni şeylər öyrənirik. Bəzən braziliyalılarla işləmək daha çətin olur. Çalışırıq ki, öz oyun üslubumuzu daima yaxşılaşdıraq. Heç kimin yolunu getmirik. Öz düşündüyüm futbolu oynatmağa çalışıram”, cavabını verib.

"Qarabağ”ın baş məşqçisi "Ayntraxt”ın futbolçularından fərqli olaraq stadionun qazonundan şikayət etməyib: "Bundan da yaxşı olsa, daha yaxşı olar. Ama düşünmürəm ki, bu ot örtüyü bizim üçün problem yaratsın”.

Reynaldonun xidmətindən məhrum olan Qurbanov başqa bir taktika ilə oynamağı planlaşdırır: "Onun yoxluğunda biz başqa bir şey planlaşdırırıq. Ola bilsin ki, Leroy Corcun mövqeyini dəyişdik. Vüqar və ya Muarrem Vüqar neçə vaxtdır ki, oynamır. Buna görə ola bilər ki, onun srətindən ikinci hissədə istifadə edək”.

Qurban bəy sonda azarkeşləri sevindirəcəklərinə inandığını bildirib: "Bizim azarkeşlər uğurlara layiqdi. İnanıram ki, xalqımızı sevindirə biləcəyik”.

Qaynar.info