İdman 23:44 23.09.2018

Qurban Qurbanov: "Onu sosial şəbəkələrdə daha az görəcəksiniz"

"Vacib qələbə qazandıq. Ağır qrafikə düşmüşük. Buna görə bir qədər rotasiyaya əl atdıq. Futbolçularım istəkli idilər. "Qəbələ”yə uğurlar arzulayıram".

Qaynarinfo xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Qəbələ"yə 4:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının V tur matçından sonra deyib. 

46 yaşlı mütəxəssis "Millinin baş məşqçisi kimi cavab verməyinizi istəyərdik. "Qarabağ”ın 2-ci heyətinin "Qəbələ”ni belə rahat məğlub etməsi sizi məyus etmir" sualına belə cavab verib: "Xeyr. Bu cür nəticələr nadir hallarda qeydə alınır. Məsələn, "Sumqayıt”la oyunda fərqli nəticə olmuşdu".

Bu gün mərkəz hücumçusu kimi oynayan Araz Abdullayev çox yaxşı təsir bağışladı. Qurbanov onun hücum potensialının yüksək olduğunu bildirib: "Araz universal oyunçudu. Hücumda oynamaq potensialı yetərincədi. Bu gün əlimə belə fürsət düşdü və özünü yaxşı tərəfdən göstərdi. Arazın təcrübəsi artıb. Hansı mövqeyə qoysan, ümumi ansambldan düşməyəcək".

Qurbanov Mahir Mədətovun sosial şəbəkədə azarkeşlərin birinə kəskin reaksiya verməsinə münasibət bildirib: "Son vaxtlar Mahirin adı mənfi obrazda hallanır. Sosial şəbəkədə olmasam da, bu barədə məlumatlar alıram. Uşaqlarla söhbətim olub. İnanıram ki, Mahiri gələcəkdə sosial şəbəkələrdə daha az görəcəksiniz. Sosial şəbəkəyə aludə olmaq insanın çox vaxtını alır".