İdman 21:10 05.06.2018

Qurban Qurbanov: "Çox məqamları gördüm bu qarşılaşmada"

"İlk növbədə rəqibi həm yaxşı oyun, həm də qələbə münasibətilə təbrik edirəm. Bizə gəldikdə, danışılası çox şey yoxdu. Düşünürəm ki, komanda ilə çox danışacağıq. Bu oyun çox şey verdi mənə, çox məqamları gördüm bu qarşılaşmada. Demək olar ki, oyunun ilk 20 dəqiqəsində məğlub olduq. Qalan vaxtlarda isə, təbii ki, rəqib daha inamlı idi, hücumları qurmaqda bizim üçün çətinlik yaradırdılar. Nəyin üzərində daha çox işləməli və nəyə daha çox diqqət ayırmalı olduğumuzu görməyim baxımından mənim üçün çox vacib görüş oldu”.

Qaynarinfo xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov Qazaxıstanla səfərdə keçirilən yoxlama oyunundan (0:3) sonra təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, millimizin rəqibin təzyiqinin qarşısını almağa gücü çatmayıb: "Komandamızın buna hazır olduğunu desəm, inanmazsınız. Lakin biz bilirdik ki, rəqib ilk dəqiqələrdən pressinq edəcək. Komandama bu təzyiqlərin qarşısını almaq üçün güc çatmadı. Mən heyətdə dəyişiklikər etdim. Əvəzləmələr gələn oyunlarda meydana çıxa biləcəklərini futbolçulara göstərməkdi".