"Milliyə qayıdışım barədə Qurban Qurbanovla rahat danışmamışıq. Telefonla danışığımız olub. Onun dediklərini internetdən oxumuşam".
Qaynarinfo xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov "CBC Sport"da yayımlanan "Üçüncü hissə" verilişində Azərbaycan millisinə qayıtma variantına münasibət bildirərkən deyib.
Təcrübəli müdafiəçi artıq milli ilə bağlı qərarını verdiyini xətırladıb: "Qurban müəllim milliyə baş məşqçi təyin olunanda aramızda qayıtmağımla bağlı söhbət oldu. O, mənə bunu təklif etdi. Dedi ki, istəyirəm milliyə qayıdasan. Hansısa qarşılaşmada oynaya bilərsən, hansındasa yox, ancaq istəyirəm ki, milinin içində olasan. Cavab verdim ki, dəvətinizə görə çox sağ olun, ancaq qərarımı vermişəm, milli karyeramı başa vurmuşam. Sözün düzü, qısa, 10 dəqiqəlik söhbət oldu. Qurbanov mənə dedi ki, necə məsləhətdir, elə də elə.
Qurban müəllim açıqlamasında "Lazım gələrsə" ifadəsini də işlədib. Özüm də əvvəllər demişəm ki, Allah göstərməsin, birdən yığmada zədə və cəza üzündən stoper olmasa, özüm isə formada olsam, yığmada oynamağa hazıram. "Lazım gələrsə" sözünü mən də işlətmişəm. Yəni, hara lazımamsa, orada olacağam. Həm oyunçu, həm də insan, dost kimi harada lazımamsa, orada o insanın yanındayam. Həmçinin də bu məsələdə.
Bu gün belə bir mövzu yoxdu ki, qayıdım. Neçə oyundu baxıram, mərkəz müdafiəçilərimiz normal çıxış edirlər. Üstəlik, Bədavi Hüseynovun bərpa prosesi gedir. O da sağalandan sonra tam hər şey qaydasına düşəcək. Qurban Qurbanovun əlində yetərincə seçim imkanı olacaq. Heç bu söhbətə də ehtiyac olmayacaq".
Futbolçu karyerası ilə bağlı danışan R.Sadıqov hələ bir il də oynamaq fikrində olduğunu bildirib: "Hələ qərar verməmişəm ki, nə vaxt yaşıl meydanda çıxışımı başa vuracam. Zədə problemi olmasa, daha bir il də oynamağı düşünürəm. Məni futbolçu karyeramı davam etdirməyə sövq edən futbol oynamağa olan sevgimdir. Bunun "Qarabağ"la yaxşı maddi şərtlər qarşılığında müqaviləmin olmasıyla bağlı fikir söyləyənlərə demək istəyirəm. Onlar bilirlərmi mənə məşqçiliklə bağlı necə təkliflər gəlib? Bunu deyənlər iki səbəbdən belə fikir söyləyə bilərlər: ya məni sevmirlər, ya da məni tanımırlar. Məni tanıyan belə şey deyə bilməz. Məni tanımayan, sevməyən belə fikir söyləyə bilər".
Şərhlər