İdman 14:09 23.07.2022

Qurbanov: “Azərbaycan adına onları futbolla təəccübləndirə bilmirik”

"Qarabağ” Çempionlar Liqasında "Sürix” üzərində qazandığı qələbə ilə azərbaycanlı azarkeşləri sevindirsə də, Konfrans Liqasında iştirak edən təmsilçilərimiz hələ ki, bizi üzməkdə davam edir. 
 
Klublarımızın çıxışları ilə bağlı "Şamaxı”nın sabiq baş məşqçisi Sənan Qurbanov fikirlərini Qaynarinfo ilə bölüşüb. Mövsüm bitəndən sonra bölgə təmsilçisindən ayrılan və hazırda klub axtarışında olan mütəxəssis PRO kateqoriyası almaq üçün oxuduğu məşqçi kurslarından və qarşıdakı planlarından da danışıb.

"Avrokubokda klublarımızın çıxışlarını izlədim. "Qarabağ” həm oyun, həm nəticə baxımından bizi sevindirdi. Bu komanda tam başqa səviyyədir. Digərlərinə gəlincə, "Zirə” güclü rəqiblə düşmüşdü. Ürəkaçan hesab olmadı. İnşallah, səfərdən yaxşı nəticə ilə qayıdarlar. "Qarabağ” heyəti uzun illər birlikdə olan komandadır, sistem qurulub. Amma "Zirə” yeni yaranıb, "Qəbələ” keçid dönəmini yaşadı və yenilənməkdədir. "Makkabi” təcrübəlidir. Macarıstan təmsilçisi tarixi komandadır. "Aris” isə... "Neftçi” bu komandanı keçməyə borcludur. Çempionatın səviyyəsinin qalxacağına ümid edirəm. Bu ildən Azərbaycan Premyer Liqasında 10 komanda olacaq. Bütün komandalar sistemli şəkildə, peşəkarcasına inkişaf etməlidir”.

- Qarşıdakı həftədə cavab matçlarına çıxacaq təmsilçilərimizin şanslarını necə dəyərləndirirsiniz? 

 - Hər üç komandamız qələbə qazana bilər. "Qəbələ” ilə "Zirə” böyük hesabla məğlub olublar. Evdə şans olacaq və bundan yararlanmaq lazımdır. "Zirə”nin işi daha çətin görünür. Çünki "Makkabi”nin heyətində təcrübəli futbolçular var. Macarıstan komandası haqda da eyni sözləri deyə bilərəm. Meydança, azarkeş amilindən istifadə etdilər. "Nefçi”yə gəlincə, məşqçi və bəzi futbolçular yenidir. Bir qədər zamana ehtiyac var. "Neftçi” səfərdə gördüyüm qədərilə müdafiədən oynadı. İstənilən halda, azarkeşlərin də dəstəyi ilə ilk dəqiqələrdən "Aris” təzyiqlər görməlidir. Şəxsən "Neftçi”dən qələbə gözləyirəm. Yeni baş məşqçilərinin təcrübəli olduğu görünür. Çox komandalarda işləyib. Həm ölkə çempionatı, həm Azərbaycan Kuboku həm də avrokuboklarda "Neftçi”dən nəticə tələb olunur. İlk oyunda açığı, taktiki, fiziki, futbolçuların dinamikası baxımından heç nə görmədik. "Aris” komandamızı əməlli-başlı şoka salmışdı. Xeyli təhlükəli vəziyyət yaratmışdılar, xoşbəxtlikdən əksəriyyətini qola çevirə bilmədilər. Ona görə də tənqidlər normaldır. İkinci qarşılaşmada "Neftçi” tam fərqli oynamalıdır. Artıq məşqçi də bunu başa düşür. Mətbuat Konfransında hiss etdim ki, məşqçi sanki "silkələnib”.

- Komandalarımızın məşqçiləri var və növbəti mövsümə hazırlıq görürlər. Bu da o deməkdir ki, yalnız kiminsə istefa verməsindən, yaxud göndərilməsindən sonra iş tapa bilərsiniz. Meydanın kənarında dayanmaq üçün darıxırsınız? 

- Məşqçilərin işi belədir. İşsiz qalmaq istəmərik. Amma bu, futbolun bir tərəfidir. Hazırda PRO lisenziyası almaq üçün kurslarda iştirak edirəm. Vaxtım səmərəli keçir, daha çox maariflənirəm. Dünya futbolunda baş verən yeniliklərlə bağlı məlumatlara ehtiyacımız var ki, maariflənək. PRO-nu alandan sonra CV-lərimizi ölkə xaricinə göndərmək məcburiyyətindəyik. Gənc məşqçilərin daha çox işdə olmaq, təcrübə toplamaq, aktiv fəaliyyət göstərmək ehtiyacı var. Nə zaman iş olarsa, canla-başla çalışmağa hazıram. Dediyiniz kimi, real təkliflər yoxdur, komandaların məşqçiləri var, hamısına uğurlar arzulayıram. Oturub şansımı gözləmək məcburiyyətindəyəm.

- Son illərdə azərbaycanlı məşqçilərin xaricdə işləməyə maraq göstərdiyini görməmişik. Bunun səbəbi nədir, problemlər haradan qaynaqlanır?

- Bəzən danışıqlar olur. Əslində, menecerlərdən də çox şeylər asılıdır. Eyni zamanda məşqçilərin CV-ləri də cəlbedici olmalıdır. Avropaya getmək üçün ən azı ölkə çempionluğunu qazanmalı, avrokuboklarda hansısa uğura imza atmalısan. Məsələn, hansısa postsovet ölkəsinə gedəndə Azərbaycan adına onları futbolla təəccübləndirə bilmirik. Bir çox hallarda xorvat məşqçi Avropaya daha rahat gedə bilir. Serblərin fiziki hazırlıq üzrə məşqçiləri başqa ölkələrdə, məsələn, İspaniyada daha rahat işləyə bilir. Bizdə futbolun inkişafına ehtiyac var. Bəzən Ukraynada, Rusiyada, Türkiyədə kurslarda oluruq. Vallah bizim məşqçilər daha üstündür, bunu səmimi deyirəm. Əslində, heç kimdən geri qalmırıq. Bəlkə də Azərbaycanda futbol baxımından nəticələr az olduğuna görə sıxıntılar var. Əcnəbilər gəlib Azərbaycanda, hətta ərəb ölkələrində rahat çalışa bilirlər. CV-si zəif olan məşqçilər var ki, ilk addımlarını Rusiyada, Belarusda, Moldovada Ukraynada atıblar. Bizim də ilk addımları başqa ölkələrdə atmaq şansımız var. Sadəcə, zaman və öz üzərində işləmək lazımdır. 

- Məşqçilərimizin menecerlərlə işləməsinə maraq göstərməməsinin səbəbi nədir?

- Sırf öz hesabına xaricə gedə bilməzsən. Menecerlərin bunda böyük rolu olur. Açıq etiraf edək, Mahir Emrelidən başqa xaricdə yüksək səviyyəli klubda oynayan hansı yerli futbolçumuzu tanıyırıq? Bu yöndə də sıxıntılarımız var, söhbət təkcə məşqçilərdən getmir. Kənara futbolçu da çıxara bilmirik. Ukraynada seminarlarda olmuşam. Həddindən artıq çox uşaq var. Hətta hər yaş qrupu üzrə iki komanda var. Onlara köməkçi məşqçilər, baş məşqçilər tələb olunur. Bizdə isə bu yöndə sıxıntılar var. Az sayda üzdə olan futbolçularımızı kənara çıxarmaqda da əziyyət çəkirik. 

- Azərbaycanda keçirilən kursların keyfiyyəti ilə bağlı nə düşünürsünüz? Başqa ölkələrlə müqayisədə hansı səviyyədədir?

- UEFA tələbi əsasında kurslar keçirilir. Maarifləndirmə yüksək səviyyədə aparılır. UEFA nə tələb edirsə, o da olur. Məsələn, fiziki hazırlıq üzrə mütəxəssis gəldi, bizə bir həftə dərslər keçdi. Psixoloji dərs modulları var, başda Aslan Kərimov olmaqda mütəxəssislər məşqlərimizi izləyir. Açığı, dərs, intizam, yanaşma baxımından, Ukraynadan, Rusiyadan, Türkiyədən heç də geri qalmırıq. Yerli məşqçilərimiz savadlıdırlar. Hər məşqçinin baxış şəkli başqadır. 

- PRO kurslarında oxuyanlar ən azı bir xarici klubun düşərgəsində olmalıdır. Bu məsələni necə həll edəcəksiniz?

- Hazırda axtarışdayam, danışıqlar gedir. Viza ilə bağlı problemlər oldu. Bir neçə komanda ilə danışıqlar aparmışam. UEFA-nın turnirlərində çıxış edən klubların düşərgəsinə getmək mənə sərf etmir, çünki həftəlik proqram keçməliyəm. Onlar həm ölkə çempionatında həm də UEFA-nın yarışlarında iştirak edəndə məlumat ala biləcəyim heç nə qalmır. Sadəcə, oyunu və bərpa prosesini izləmiş oluram. Halbuki şərtlərə görə, həm oyunu izləməli, həm də analiz etməliyəm. Bu yöndə də sıxıntı var. Ayın 16-19-u arasında modullar, dərslər var, həmin vaxta qədər məsələni yoluna qoymalıyam. 

Səbuhi Həsənov