Foto 17:23 22.11.2017

"Qurd qapısı"nda susmayan məzarlar (REPORTAJ)

"Baxın! Baxın! Yaxşı baxın! Diqqәtnən baxın! Sizin tarix kitabında bu, qanla yazılmış bir sәhifәdir. Sizdәn sonra gәlәnlәr bu kitabı vәrәqlәyib, bu sәhifәni görәndә sizi yada salıb deyәcәk: (ucadan) tfu sizin üzünüzә! ("Tüpürür camaata tәrәf". Hamı başını aşağı salıb dinmir).
 
Bağışlayın, kefli İsgәndәr bir az biәdәblik elәyir. Amma indi dә növbәt mәnimdir. Mәn demirәm ki, siz niyә bu balaca uşaqları (qızları göstәrir) zornan gәtirib qatdız bu fahişәxanaya. Söz yox, siz bunlara deyәndә ki, sәni verirәm bu şeyxә, bu biçarәlәr çığırıb bağırırdılar vә sizin çirkli ayaqlarınızı öpә-öpә yalvarırdılar: "Ata, aman günüdür, mәni anamdan ayırma!"
 
Kefli İsgəndərin yox, elə Cəlil Məmmədquluzadənin bu monoloqunu xatırlayırsanmı ölüsü ilə ərəbcə, dirisi ilə rusca danışan, millətim! Yox daha dövr başqadı. Bir qədər dəyişiklik edib, dirimizlə ingiliscə danışırıq, amma ölən kimi yenə keçirik ərəb dilinə.
 
Qaynarinfo-nun bugünkü reportajı heç bir tədbirdən deyil. Gedəcəyimiz yerdə hamı ərəb dilində danışır. Amma mən sizə onların dediklərini və gördüklərimi öz dilimizdə çatdıracam. Dirilərimizlə onsuz da heç kim maraqlanmır. Hərə öz hayında, iş-gücündədir. Bəlkə bir az da ölülərimizlə danışaq, əziz oxucu. Bəlkə onların bizə demək istədikləri var. Axı onlar dünyəvi problemlərdən arınmış və bizi gözləməklə məşğuldurlar. 

Fikrimi iş yoldaşlarımla bölüşdüm və mənə qəbirstanlıq məsləhət görmələrini istədim. Yekun qərar olaraq "Qurd qapısı"na getməyə qərar verdim və fotoqrafımızla yollandıq hamımızın son dayanacağı olan həmin məkana.
 


Sizə burda basdırılan şəxslər haqqında danışmaq fikrim yoxdur. Həmsöhbətlərimin adını da bilməyinizə ehtiyac yoxdur heç. 
 
Öncə onu deyim ki, bura Fəxri xiyaban olduğu üçün sadə qəbirlərlə yox, mərmərdən hazırlanmış qəbir və heykəllərlə qarşılaşırsınız. Bu çox yaxşıdır. Heykəllərlə danışmaq sadə qəbir daşları ilə söhbətdən daha maraqlıdır. Ən azından gözünə daşdan da olsa, bir göz baxır. 

- Salam bəy, artıq iki ildir bu qəbirdə yatırsınız. Yerinizdən razısınızmı?

Siz elə Kefli İsgəndərə də dəli deyirdiniz. Ona görə də mənim ölülərə sual verib onlardan cavab almağım sizi narahat etməsin. Bizi siz kefləndirmisiniz. İndi də zəhmət çəkin, dinləyin.

Heykəl bir az duruxub mənə baxdı. Bu dünyada yeganə həqiqi olan bir şey var o da ölülərdir. Meyitin üstündə boy atmış heykəl daşa dönmüş baxışlarını gözümün içinə zilləyib mənə cavab verdi:

- Salam ay bala, nə əcəb bizi yada salmaq qərarına gəlmisən. Həm bayaqdan ölülər belə, ölülər elə getdi deyirsən. Biz ölməmişik ki... İndi yaşamağa başlayırıq. Hazırda bu məkanda bir ölü var o da sənsən.
 

 
Birdən emosiyalarımı tətikləyən bu cavaba qarşı aqressiya ilə reaksiya göstərmək istədim. Amma biz uşaq vaxtından böyük-kiçik hörməti saxlamağı bilirik deyə, soyuqqanlılığımı qorudum. Düzdü ölü əmi məni sağ insan hesab etməsə də, mən onun öldüyünü bildiyim üçün az da olsa vahiməyə qapılmışdım. Özümü ələ alıb ikinci sualımı ünvanladım:

- Bütün camaat sizin öldüyünüzü bilir. Və bura qəbirstanlıqdı. Amma siz deyirsiniz ki, burda bir ölü var o da mənəm. Niyə bu cür düşünürsünüz?
 
Söhbət etdiyim ölü bzim dünyada olduğu zaman akademik olub, ona görə düşündüm ki, indi mənə məntiqli cavab verəcək. Amma əksinə oldu, gözlədiyimin tam tərsinə fikirlərim atəşə məruz qaldı:

- Mən ölü olanda akademik idim. Elə ki, dirildim oldum insan. İndi heç adım da yoxdu. Bu daşın üstünə yazılanlar da ölü vaxtı qohumlarım olan insanların işidir. Əşi, niyə belə gözlərini döyüb baxırsan? Qorxub eləmə, sən də bir gün yaşamağa başlayacaqsan. Burdan özünü diri hesab edən insanlara baxanda, bəzən kədərlənirəm. O gün iki gənc elə mənim qəbrimin yanında dayanıb söhbət edirdilər. Söhbət də deməzdim ona. Şikayətlənirdilər. Son yeri bəlli olan insanlar elə ancaq şikayətlə məşğulsan. Hələ utanmaz-utanmaz qəbirstanlıqda şikayət edirlər. Özünü sağ adlandıran siz insanlar çox cahilsiniz. Adama deyərlər adının belə sənin olmadığı yerdə nəyin davasını edirsiniz axı? Ümumiyyətlə, bura tez-tez tanımadığım adamlar gəlir. Kimi ziyarət üçün, kimi sonunu görmək üçün, gənclər də boş ev tapa bilmədiyi üçün. Nə gözünü döyürsən? Sevgilərin ən yaxşısı elə bu qəbir daşlarının arasında göyərir də. Musa Yaqub da deyir ki "Bu dünyanın qara daşı göyərməz". 
 
Akademik əminin yanından uzaqlaşıb, ailə qəbirstanlığına yaxınlaşdım. İnsan düşüncəsi necə maraqlı olur hə, əziz oxucu? Ölmədən öz meyidimiz üçün yer alırıq. Bəziləri hətta qəbir daşını da düzəltdirir. Bu ailənin də bir üzvü ölüb, qalan yerlər boş qalıb:

- Salam, yanınızda o boş yerdə kim yatacaq, xanım?
 
Heykəlin ürəyi olmur amma, bu səsdə bir təlaş duydum:
 
- Əvvəl həyat yoldaşım hər gün gəlib, burda yanımda yatacağını deyirdi. Sonra evləndi. Arada bir gəlib baş çəkir, amma sizin dünyanızda hər şey dəyişir. Bir Nəsrullahın ölülərindən başqa. Ona görə də bu yer elə boş qalacaq. 

Heykəli orda öz fəlsəfi dünyasında qoyub, yenidən qəbirlərin arası ilə gəzişməyə başladım. Və birdən bu mərmər daşlardan biri məni yanına çağırdı:
 
- Mediadan gəlmisiniz?

Mən axı bu ölünü (dirini) tanıyıram. Elmar Hüseynov... Yox, nə gözlərim doldu, nə kədərə boğuldum. Utandım. Suallardan çəkindim. Birdən qayıdıb desə ki, mediada nələr baş verir? Kim bütün cəsarəti ilə yazır? Adlarını çək, desə birdən... Öncə qaçmaq istədim, amma elə bil kimsə ayaqlarımı yerə bərkitdi və sakit səs tonu ilə: "Bəli" deyə bildim. 
 


Qəbir daşı üzümə gülümsədi. 2005-ci ildə Elmarın ölüm xəbəri yayılanda mənim 13 yaşım var idi. Elmarın isə 37 yaşı. Birdən səs yenidən eşidildi: 
 
- Yerə düşən bayrağı qaldır, külək bəzən amansız əsir buralarda. Bura gəlişinin səbəbini soruşmayacam səndən. Narahat olduğun sualları da verməyəcəm sənə. Eləcə bayrağı qaldır, yerinə qoy. Mən hər şeyi bilirəm.
 
Birdən fotoqrafımız mənə səsləndi: "Dayan, fotonu çəkim". Çəkdi fotomuzu. Amma nə Elmarın, nə də mənim içimdə boğulan səslər fotoya düşmədi. Bəzən üzr istəmək istəyirsən, "bağışla" demək istəyirsən, amma sadəcə susursan. Elə fotoda susduğumuz kimi...
 
Bu qarşılaşmadan sonra mənim deyəcək sözüm qalmadı. Çünki mən özüm də ölüyəm. Siz məni yox, Elmarın sözünü dinləyin. 

Lalə Niftaliyeva
Fotolar: Sultana Əhmədbəyli