Dünya 14:17 02.04.2020

Raketləri, topları, müharibələri susduran koronavirus: dünyaya böyük dərs (ŞƏRH)

"Böyük dövlətlər gələcəkdə maliyyəni orduya, silaha deyil, tibbə, səhiyyənin inkişafına yönəldəcəklər".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, dünyanı bürüyən koronavirus pandemiyası bir çox hadisələri arxa plana keçirib: 

"Bəzi yerlərdə, ümumiyyətlə, sakitlikdi. Sanki atəşkəs elan edilib. Bəzi yerlərdə isə atışmalar var, amma bu barədə xəbərləri vermirlər. Çünki bu saat dünya informasiya agentliklərinin bir nömrəli xəbəri koronavirus pandemiyası və onunla mübarizə məsələləridir. Amma Suriyada həqiqətən də proseslər sanki bir qədər səngiyib. Dünən Rusiya ilə Türliyə dövlət başçılarının telefon danışığında koronavirusla mübarizədən başqa Suriyanı da müzakirə ediblər. Çünki bir müddət öncə tərərəflər arasında razılaşma olmuş, yenidən atəşkəs elan olunmuşdu. Düşünürəm ki, bu günlərdə atəşkəsə əməl olunur. Çünki Rusiya bu barədə məlumat verməsə də, Türkiyənin informasiya kanallarından mütləq məlumat alardıq. Görünür, toqquşma yoxdur ki, Türkiyənin xəbər kanallarında bu haqda məlumat yoxdur. Amma bu o demək edyil ki, koronavirusla mübarizə uğurla bitdikdən 1-3 ay sonra atəşkəsə yenə də riayət olunacaq. Yəni, vəziyyət o qədər kövrəkdir ki, toqquşmaların şahidi ola bilərik".   

Elxan Şahinoğlu qeyd edib ki, koronavirusun dünya siyasətinə təsiri böyük olacaq: 

"Böyük dəyişikliklər baş verəcək. Bu qədər orduya, raketlərə, nüvə silahlarına güc qoyan böyük dövlətlər virusun qarşısında aciz qaldı. Bu, ondan xəbər verir ki, böyük dövlətlər bir dərs aldı. Gələcəkdə böyük dövlətlər maliyyəni orduya, silaha yönəltməkdən çox tibbə, səhiyyənin inkişafına yönəldəcəklər ki, gələcəkdə belə təhlükələrlə üzləşməsinlər. Bu, birinci məsələ. 

İkinci məsələ isə böyük ehtimalla kapitalizm sisteminə və liberal dəyərlərə bir zərbə kimi qiymətləndirmək olar. Çünki bu arada insan hüquqları doğru olaraq məhdudlaşdırılır. İnsan küçəyə çıxa bilməz deyə qərarlar qəbul olunur, insan insanla ünsiyyətdə ola bilməz və s. Əslində, bunlar insan hüquqlarına uyğun deyil, amma doğru qərarlardır. Çünki bu da olmasa, insanlar bir-birini yoluxdurar və xəstəliyin miqyası daha geniş yayılar. Düşünürəm, bu kapitalist baxışları da bir qədər korrektə olsun. Çinlə bağlı müəyyən qərarlar veriləcək. Böyük dövlətlər Çinlə əməkdaşlığa yenidən əl gəzdirməli olacaqlar. Çünki böyük dövlətlər ucuz çinli qüvvəsindən istifadə edirdilər. Bunun səbəbindən koronavirus İtaliyada geniş yayıldı. Dünyanın ən böyük dövlətləri ucuz işçi qüvvəsinə görə, məhsulların qiyməti baha olmasın deyə zavod və fabriklərini Çinə köçürürdülər. Bütün məsələlərə virusla bağlı mübarizədən sonra yenidən baxacaqlar".

Elxan Şahinoğlunun fikrincə, koronavirusun Suriyada yayılmasına dair məlumat yoxdur: 

"Allah göstərməsin, əgər Suriyada yayılsa, bunun qarşısını almaq olmayacaq. Çünki Türkiyənin özündə 4 milyona yaxın Suriyalı qaçqın var, sərhədlərdə qaçqınlar yığılıb. Koronavirus qaçqınlar arasanda yayılsa, bunun qarşısını almaq olmayacaq. Ona görə nəzarəti gücləndirmək lazımdır. Çünki qaçqınlar arasında iki metr məsafəni saxlamaq mümkin olmayacaq. Hələ ki həyacanverici xəbərlər yoxdur".

Elxan Şahinoğlu bildirib ki, virusun yayılmasına baxmayaraq, PKK-ya qarşı mübarizə davam edir: 

"Mübarizə davam edir, mövqeləri bombalanır, terrorçular zərərsizləşdirilir. Bu istiqamətdə mübarizəyə ara verilməyib. Terrora qarşı mübarizə bir an da səngiməyib".

Bahar Rüstəmli