İdman 21:35 30.03.2020

Ramil Şeydayevin sabiq klubu dağıldı

Slovakiyanın "Jilina" klubu fəaliyyətini dayandırıb.

"Report"un məlumatına görə, bu barədə eyniadlı şəhərin təmsilçisinin rəsmi saytı bəyanat yayıb.

Bildirilib ki, klubun dağılması maliyyə böhranı ilə bağlıdır: "Klubun maliyyələşmə strategiyası oyunçuların satışından əldə olunan gəlirlərə əsaslanır. Bu yay transferlərdən qazancın sıfıra yaxın olacağı ehtimalı daha çoxdur. Ləğv prosesi yaxın gələcəkdə klubun üzərindəki təzyiqi azalda bilər".

Klubun aprelin 1-dən fəaliyyətini rəsmən dayandıracağı vurğulanıb.

Qeyd edək ki, 1908-ci ildə yaranmış "Jilina" klubu 7 qat Slovakiya çempionudur. Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev 2017-ci ildə bu komandanın formasını geyinib.