Bu gün Füzuli rayonunun Horadiz qəsəbəsində "Qarabağa qayıdırıq" aksiyasının keçirilməsi planlaşdırılırdı.
Qaynarinfo-nun verdiyi xəbərə görə, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı ölkə və dünya ictimaiyyətinin diqqətini Qarabağ probleminə cəlb etmək üçün elan etdiyi aksiyanı saat 16:00-da Horadiz qəsəbəsinin Bayraq meydanında keçirilməsini nəzərdə tutmuşdu.
Qeyd edək ki, R.Hacılı 5 iyun tarixində özü Bakıdakı Bayraq Meydanından start verərək, təkbaşına Horadizə qədər piyada yürüşə başlamışdı. R.Hacılı ölkə ictimaiyyətinə səslənərək, yaşadığı yerdən asılı olmayaraq, hər kəsi fərdi qaydada Horadizdəki aksiyaya gəlməyə səsləmişdi. Sosial şəbəkələrdə böyük dəstək alan kampaniya, minlərlə insanın diqqətini çəkmiş marağa səbəb olmuşdu.
Eyni zamanda Ermənistan mətbuatı da aksiya əleyhinə çoxsaylı yazılar dərc edərək, bu təşəbbüsdən narahat olduqlarını ifadə etmişdilər.
Lakin 8 iyun tarixində günorta saatlarında Füzuli rayonuna daxil olan Ramin Hacılını ilk olaraq, polis əməkdaşları qarşılayıb. Həmin an canlı yayımda olan R.Hacılıya yaxınlaşan polis əməkdaşları onun telefonunu əlindən alaraq, canlı yayımı dayandırıblar. Bundan sonra bir neçə saat R.Hacılı ilə əlaqə saxlamaq qeyri-mümkün olub. Qaynarinfo-nun əməkdaşı Füzuli Rayon Polis Şöbəsinə məlumat almaq üçün zəng etsə də, buradan mövzu ilə bağlı əlavə heç bir məlumat verilməyib.
Daha sonra Qaynarinfo dəqiqləşdirib ki, polis tərəfindən saxlanılan R.Hacılı heç polis bölməsinə aparılmayıb, onu bir neçə saat yol polisinin avtomobilində saxlayıblar. Daha sonra isə aksiyanın təyin olunduğu saatlarda Füzuli rayonunun ərazisindən uzaqlaşdırıb, İmişli rayonunda sərbəst buraxıblar.
Faktı Qaynarinfo-ya açıqlamasında R.Hacılı da təsdiqləyib: "Polislər Horadizin cəbhə bölgəsi olduğunu əsas gətirərək, burada aksiya keçirməyə icazə olmadığını bildirdilər. Məni yol polisinin maşınında saxladılar, bir neçə saatdan sonra isə gətirib İmişli rayonu ərazisində sərbəst buraxdılar. Mən aksiyaya qatılmaq üçün gələn çoxsaylı vətəndaşların taleyindən narahatlığımı ifadə etdim. Amma polislər söz verdilər ki, heç kimi saxlamayacaqlar, hər kəsə aksiyaya icazə olmadığın izah edib, geri qaytaracaqlar".
14:54
Bu gün Füzuli rayonunun Horadiz qəsəbəsində saat 16:00-a Qarabağlı aksiya keçirməyi planlaşdıran Azərbaycan Avropa hərəkatının prezidenti Ramin Hacılı ilə əlaqə kəsilib.
Qaynarinfo-nun verdiyi xəbərə görə, 3 gündür Horadizə doğru piyada yol gedən R.Hacılı son olaraq, saat 13:45-də öz profilində Füzuli rayonundan canlı yayıma qoşulub. Canlı yayım zamanı bir dəstə polis ona yaxınlaşıb və araşdırma apardıqlarını bildiriblər. Daha sonra polislər R.Hacılının əlindən telefonu alıb və canlı yayımı dayandırıblar. Ondan sonra R.Hacılı ilə əlaqə kəsilib, telefon zənglərinə isə cavab yoxdur.
Füzuli Rayon Polis Şöbəsindən Qaynarinfo-ya məsələ ilə bağlı heç bir açıqlama verə bilməyəcklərini bildiriblər.
Mövzunu diqqətdə saxlayırıq.
12:25
Şərhlər