İdman 13:25 27.07.2018

Ramin Musayev: "Gündə 2-3 nəfər prokurorluğa çağırılır, səsi çıxacaq"

"I divizionda iştirak etməyəcək klublar danışılmış oyunlarla bağlı UEFA-dan gələn hesabatda yer alanlardı".

Qaynarinfo xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Topaz Premyer Liqasının 2018/19 mövsümünün püşkatma mərasimindən sonra təşkil edilən mətbuat konfransıda söyləyib.

O bildirib ki, hansısa klubla bağlı UEFA-dan məktub gəlibsə, demək, nəsə var: "Ola bilər ki, hanısasa komandanın adı danışılmış oyunlarda hallanmasın, amma çempionata qatılmasın. Ruslan Tağızadənin atası canımı boğazıma yığıb. And verir ki, oğluma kömək et. Halbuki onun oğlunun adı danışılmış oyunlarda hallanır. Deyir ölkənin bayrağın qaldırmışıq. Harda qaldırıb, bilmirəm. Əvvəlki pullar yoxdu, səviyyəsi uyğun olmayanlar özlərinə başqa iş tapsınlar. Mənim oğlum çoxundan zəif deyildi. Amma gördü ki, alınmır, qırağa çəkildi. 22-23 yaşlı futbolçu özünü isbatlaya bilmirsə, başqa iş tapsın. Məsələn, "Binə” və İmişli klubunun rəhbərliyi gəlib demişdi ki, uşaqlarla bacara bilmirəm. 30-35 yaşlı futbolçular I divizionda nə futbola, nə də özlərinə xeyir verirlər".

Ramin Musayev bildirib ki, hazırda danışılmış oyunlarla bağlı araşdırma gedir: "Düşündük ki, 20 yaşlı oyunçu bu işə getməz. Ən azı gündə 2-3 nəfər prokurorluğa çağırılır. Yəqin ki, səsi çıxacaq. Bu, dövlətin adına ləkədi. UEFA-dan gələn məktubları özümə təhqir bilirəm. Bu yol kişi yolu deyil. Gedib daş daşısınlar, kişi kimi pul qazansınlar".