Xəbər lenti

Rasim Balayevin 40 mərasimi keçirilir
Ölkə 12:00 07.05.2026

Rasim Balayevin 40 mərasimi keçirilir

Bu gün Azərbaycanın görkəmli kino və teatr xadimi, Xalq artisti Rasim Balayevin vəfatından 40 gün ötür.
 
Qaynarinfo-nun məlumatına görə, mərhum aktyorun 40 mərasimi Heydər Əliyev məscidində keçirilir. 

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, şair Baba Vaziroglu sosial şəbəkə paylaşımında aktyorla bağlı xatirələrini bölüşüb. 

O, Rasim Balayevin sağlığında səsləndirdiyi "Məndən bir də olmayacaq” şeirini paylaşaraq "Sabah 40 mərasimindir, ay Balayev...” sözlərini yazıb. 

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli Isa Cabbarov isə aktyorun sənətdə və ictimai mühitdə böyük boşluq yaratdığını bildirib:

"Rasim Balayev bizim liderimiz idi. Onun oynaya biləcəyi rolların artıq mümkünsüz olması daha ağır  hissdir. Amma Rasim Balayev Azərbaycan  kinosuna  böyük irs qoyub. Bu, öyrənilməli və yaşadılmalı bir irsdir”. 

Qeyd edək ki, Rasim Balayev uzun sürən xəstəlikdən sonra martın 29-da vəfat edib. Xalq artisti Fəxri Xiyabanda dəfn olunub. 

Azərbaycan kinosunun ən  parlaq simalarından biri sayılan Rasim Balayev "Nəsimi”, "Babək”, "Dədə Qorqud” və digər ekran əsərlərində yaratdığı obrazlarla milli kino tarixində silinməz iz qoyub.

Bahar Rüstəmli
--> -->