Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsindən 2 il ötür.
"Qaynarinfo" xəbər verir ki, 2015-ci ilin avqustun 8-də Rasim Əliyev “Qəbələ” futbol klubunun və milli komandamızın üzvü Cavid Hüseynovun qohumları tərəfindən Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən "Bayıl market" mağazasının qarşısında bir qrup şəxs tərəfindən döyülüb. Ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilib. Rasim Əliyev avqustun 9-da səhərə yaxın Bakı Klinik mərkəzində vəfat edib. Jurnalist Mehdiabad qəbiristanlığında dəfn edilib.
Rasim Əliyevin öldürülməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər - Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Cavid Hüseynov isə 4 il müddətinə azadlıqdan məhrum olunub.
Lakin 2016-cı ilin 12 oktyabrında Bakı Apellyasiya Məhkəməsi Cavid Hüseynovun apellyasiya şikayətini təmin edərək onu azadlığa buraxıb.
Qaynarinfo.Az
Şərhlər