İdman 10:36 09.03.2013

“Real Madrid"in sabiq baş məşqçisi “Xəzər Lənkəran”da!


Uelsli Con Benjamin Toşakla rəsmən anlaşan “Xəzər Lənkəran”ın bu addımını müstəqil Azərbaycan futbolunda Berti Foqtsdan sonra ən səs-küylü məşqçi transferidir. Ümumilikdə isə bunu gələn il 10 illik yubileyini keçirəcək “Xəzər Lənkəran”ın tarixi ərzində supertransferi adlandırmaq olar.

Bəs, Con Toşak kimdir?

Bu məşqçinin təkcə Madrid “Real”ı kimi komandanı müxtəlif vaxtlarda iki dəfə çalışdırması bu anlaşmanın nə qədər önəmli olduğunu göstərir. Konkret faktlara müraciət edərək Toşakı oxucularımıza bir qədər yaxından tanıdaq.

C.Toşak 1949-cu ildə Uelsin Kardiff şəhərində doğulub. Futbolçu kimi “Kardiff Siti” (Uels), “Liverpul” (İngiltərə) və “Suonsi Siti”də (Uels) oynayıb. 1969-80-ci illərdə Uels millisində də çıxış edən hücumçu Toşak 63 oyuna 25 qol vurub.

1978-ci ildə məşqçilik karyerasına başlayıb. Həmin ildən 1984-cü ilə qədər “Suonsi Siti”də məşqçi işləyib. 1984-cü ildə Portuqaliya “Sportinq”inə baş məşqçi təyin edilib. Onun baş məşqçi kimi faəliyyət göstərdiyi klublar və milli komandalar bunlar olub:

1984-1985.  “Sportinq” (Portuqaliya)
1985-1989.  “Real” (Sosyedad, İspaniya)
1989-1990.  “Real” (Madrid, İspaniya)
1990-1994.  “Real” (Sosyedad)
1994.  Uels millisi
1995-1997.  “Deportivo” (İspaniya)
1997-1999.  “Beşiktaş” (Türkiyə)
1999.  “Real” (Madrid)
2000-2001.  “Sent-Etyen” (Fransa)
2001-2002.  “Real” (Sosyedad)
2002-2003.  “Kataniya” (İtaliya)
2004.  “Real” (Mursiya, İspaniya)
2004-2010.  Uels millisi
2011-2012.  Makedoniya millisi
 

Qeyd edək ki, 64 yaşlı Toşak baş məşqçi kimi Sosyedad “Real”ına İspaniya kubokunu (1986/87), Madrid “Real”ına ölkə çempionluğunu (1989/90) qazandırıb. La-Karunya “Deportivo”sunda işlədiyi dövrdə bu komanda 1995-ci ildə İspaniya superkubokuna sahib çıxıb. Türkiyədə isə Toşak “Beşiktaş”la (1997/98) ölkə kubokunun qazanmağa nail olub.

Qol.az