Xəbər lenti

REAL sədrindən daha bir qalmaqallı açıqlama: “Bu böyüklükdə yalan...”
Siyasət 10:43 07.04.2021

REAL sədrindən daha bir qalmaqallı açıqlama: “Bu böyüklükdə yalan...”

"Populistlərin gündəmini indi məhv etməsək, seçkidə onların öhdəsindən gəlmək hər kəsə daha da çətin olacaq.  Seçkiyə hələ var, ona görə xalqı aldadan, yerinə yetirilməsi mümkün olmayan, ya da uzunmüddətli inkişafa zərərli sosial şüarlar indidən ifşa edilməli, bu şüarların seçki şansları indidən heçə endirilməlidir”.

Qaynarinfo xəbər verir ki, bu qalmaqallı fikirləri REAL partiyasının sədri İlqar Məmmədov səsləndirib. Onun sözlərinə görə,  populistlər bir çox azərbaycanlının şüuruna yeridiblər ki, ali və orta məmurların və onların yaxın-uzaq qohum-əqrabasının birbaşa ya da dolayısı ilə korrupsiyadan əldə etdikləri var-dövlət müsadirə olunarsa və yoxsullara birbaşa yardıma sərf edilərsə, xalq yaxşı yaşayacaq: 

"Bu böyüklükdə yalanı tarixdə ancaq kommunistlər xalqa danışmışdı, sonra isə elə həmin xalqı güllələmiş, ya da acından öldürmüşdülər.

Sovetin dağılmasından sonra kapitalın ayrı-ayrı ictimai nöqtələrdə cəmləşməsinə tarix-xalq şərait yaradıb. Bu cəmləşmə bütün ölkələrin tarixində baş vermiş bir hadisədir (daha çox orta əsrlərin sonunda, yeni tarixin əvvəlində). Amma onu milli inkişaf məqsədləri üşün istafədə etməyi bacarmış və bacarmamış xalqlar var.

Populistlər deyir ki, rüşvətxor məmurdan və onun biznesdəki ortağından hər şeyi al, yoxsula payla. Bu, gediləsi yol idisə, kommunistlər tarixdə özlərini doğrultmuş olardı.

Bəs nə etməliyik? Kapitalın cəmləşməsi faktını milli inkişafın xidmətinə qoymalıyıq. Qismən maliyyə amnistiyası, qismən müsadirə, əsasən isə bu cəmləşmiş var-dövlət iş yerləri, elm və mədəniyyətə təkan verəcək sərmayələrə çevrilməlidir. Bəzən lap elə dövlətin yumşaq məcburlama alətlərindən istifadə etməklə. Amma bütün bunlar qanun aliliyi və sərmayə üçün digər cazibəli xüsusiyyətləri olan iqlimdə edilməlidir.

Bu baxımdan, hazırda oliqarxik çevrələrdə baş verən daxili çəkişmə çox ziyanlıdır. Yerli populistlərin bir çoxunun sponsoru da bəlkə elə o oliqarx qruplaşmalarıdır. Məhz bu cür çəkişmələr kapitalın cəmləşməsi kimi bir tarixi faktı başqa xalqlarda milli inkişafa xidmətdən yayındırıb, bizdə də yayındıracaq - əgər məsuliyyətli siyasi planlama əvəzinə qeyri-sağlam, populistlərə söykənən oliqarxlararası rəqabət üstün çıxarsa”.

Orxan Əhmədli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->