Ölkə 11:51 03.02.2021

Rəbiqə: “Bioqrafiyasını oxumasam, yatsam, yuxuma da girməzdi ki...”

Qaynarinfo şair-tərcüməçi Rəbiqə Nazimqızı ilə müsahibəni təqdim edir.

- Rəbiqə xanım, bütün qadın yazarlara verdiyim şablon bir sual var, sizə də verirəm. Qadınlar daha ciddi, daha yaxşı yazır, yoxsa kişilər? Ən azından müqayisə edəsi olsaq, üstünlüyü kimdə görərsiniz bir qadın yazar olaraq?

- Sualın qoyuluşu ilə bir qədər razı deyiləm. Peşə məsələsində bu bölgü o qədər də işləmir. Demirəm ki, bölgünün əleyhinəyəm. Daha çox müqayisə xoşuma gəlmir. Mən çoxlu istedadlı və istedadsız müəllif tanıyıram. Kişilər arasında da, qadınlar arasında da. Məsələn, Etel Lilian Voyniçin "Ovod"unu götürək. Bioqrafiyasını oxumasam, yatsam, yuxuma da girməzdi ki, müəllif qadındır. Yaxud Stefan Sveyqin "Yad qadının məktubu" əsərinə baxaq. Məktubu ouxyanda heç deməzsən ki, onu qadının dilindən kişi qələmə alıb. Şərti məsələdi. Məsələnin sosial tərəfi var ki, bu mənada qadının imkanları bir qədər məhduddur. Ailə öhdəlikləri, uşaqların tərbiyəsi, daim əks cinsin reaksiyasını düşünüb, onunla razılaşmaq məcburiyyəti. Dünyada da belədi, Azərbaycanda xüsusən belədi... Bununla belə, istedad istedaddır. İstər qadında olsun, istər kişidə.

- Bəs, qadınlar bu qədər istedadlıdırsa, səncə, daha çox üzə çıxmamağa səbəb nədir? Axı, yaradıcı qadınların çoxu azad olur. Azad qadın üçünsə sərhədlər olmur. Bu halda mane olan nədir? Bəlkə elə bir az da istedadsızlıq?

- Mənə heç vaxt xüsusi bir mane olmayıb. Özümün də kifayət qədər istedadlı olduğumu bilirəm. Başqaları barədə isə danışmaq istəmirəm.

- Ümumiyyətlə, bizim ədəbi mühitdə də qadın yazarlara münasibət konkret olaraq niyə belədir? Bəlkə qadınlarda da günah çoxdur, onların özlərini təqdim etmə forması, ifadəsi yanlışdır? Kitab təqdimatlarında bəzən onlar haqqında bu cür ifadələr səslənir: "gözəl ana, qayğıkeş ana, bacı, elə qadın, belə qadın". Bir sözlə, yaradıcılıq keçir arxaya, sanki belə olanda daha yaxşı olur. Niyə?

- İstedadlıdırsa, qısqanclıqdan belə deyirlər. İstedadsızdırsa, başqa nə tərif desinlər? Bu problemlərlə qarşılaşmıram. Ümumiyyətlə, çalışıram bu cür "sağlıq" deyən adamları görməyəm, eşitməyəm, onların ola biləcəkləri təqdimatlarda iştriak etməyəm. Yoruluram.

- Sən paralel olaraq tərcümə işi ilə de məşğulsan. Səncə, daha yaxşı yazırsan, yoxsa tərcümə edirsən? Tərcümə işi yaradıcılığın qarşısını alırmı, tükədirmi? Bəzən narazılıq da olur jurnalist, tərcüməçi yazarlardan ki, vaxt qalmır, adamı tukədir.

- Burada kəskin sərhəd qoymaq olmaz ki, hansı yaxşı alınır. Düşünürəm ki, hamısı. Şair üçün yaradıcılığın qarşısını, demək olar, heç nə ala bilməz. Tufan kimi hiss, bir çalxalanma varsa, şeir gələcək. Yazmasan, olmur. Jurnalistika daha çox tükədir adamı. Razıyam. Amma məsələnin incə bir tərəfi var mənim üçün. Mən jurnalistika üçün zaman-zaman darıxıram və mütəmadi hara getsəm, ora qayıdıb, bir də gedirəm. Bu da şeir üçün ciddi problem deyil. Məndə özümə vaxt olmur. Ən çox buna əsəbiləşirəm. İş, yenə iş, yenə iş, diqqət istəyən adamlar və ya ümumiyyətlə, fikir, məsləhət və sair istəyən adamlar. Çox az qalır özümə. Zaman-zaman asosiallaşmaq arzum olur. Amma texnologiya bataqlıq kimidi, düşdünmü, çıxa bilmirsən. Məsələn, çörəkpulun sifarişlərdən çıxır, bunun üçünsə daim üzdə olmağa məcbursan... Ümumiyyətlə, son vaxtlar həyat heç xoşuma gəlmir.

- Amma bizdə tərcümələr də bir qədər yaxşı deyil, deyəsən. Oxucular çox narazılıq edir. Tərcüməçilər zəifdir, yoxsa qonorarın azlığından həvəssiz olurlar? Nədən qaynaqlanır?

- Yaxşı tərcümələr var. Tərcümə Mərkəzinin nəşrlərini tövsiyə edərdim. Çox gözəl də tərcüməçilərimiz var. Məsələn, redəktə elədiyim son əsəri Güldəstə Nəsibova çevirib. Yukio Misimanın seçilmiş əsərləridi. Ondan əvvəl Fərhad Abdullayevin tərcümələrini redaktə eləmişəm. Əla tərcümələrdir. Sadəcə, bu işi bəzən qeyri-peşəkarlara tapşırırlar özəl nəşriyyatlar - pul verməsinlər, ya az qonorar versinlər deyə. Amma gəlin Vilayət Haciyevin, Etimad Başkecidin, Salam Sarvanın da tərcümələrinə ədalətsizlik eləməyək. Yaxşı tərcümələr var. Maraqlanıb oxumaq lazımdı.

- Qadınların erotik şeir yazması da bir az qəribə qarşılanır cəmiyyətdə. Təbii ki, klassik adamlar tərəfindən. Sənin də bəzən erotik şeirlərin mənfi qarşılanıb. Ümumiyyətlə, bunu əksəriyyət qəsdən belə yazır ki, oxunsun, ya elə sadəcə ehtiras hisləridir? Çünki qadınlar ehtirasdan yazanda daha çox oxunur...

- Şeir mənfi qarşılanmır. Sadəcə, onu təqdim edən saytlar İP axtarırlar deyə, çəkici başlıqlar tapırlar. O mənfi rəy söyləyənlər şeiri oxumayanlardır. Onlara erotika başlığı maraqlıdı, vəssalam. Şeiri oxusalar, söyməyə səbəb tapmayacaqlar. Çünki şəxsən mənim şeirlərimdə iyrənc heç nə yoxdu, insan hislərinin tamamilə mədəni və poetik formada izharıdı, detallar ürək bulandırmır, sanki ortada yüngül pərdə var. Qalan məsələlər ki, qadınlar yazanda çox oxunur, o, mətnə munasibət deyil, təmin olunmamış ehtiyacların marağıdı. Açığı, mətndən kənarda ona məhrəm olmayan qadınla erotikadan danışan və ya bu zəmində ağzı sulana-sulana şərh yazan kişi, fikrimcə, qadınlarla bağlı uğur qazana bilməyən kişidi.

- Ədəbi mühitə münasibətin necədir? Məmnunsanmı? Aydındır ki, kişi yazarlar qadın yazarlardan daha çoxdur və mühitdə də kişilər çoxluq təşkil edir. Sən kişi mühitinin də içində olmusan. Amma görünən odur, qadınların elə də mühiti yoxdur. Bu da məişət məsələlərinə bağlıdır, ya necə? Niyə özünüz üçün mühit yaratmırsınız?

- Mən hardayamsa, ədəbi muhit oradı. (gülür) Zarafat edirəm, ədəbi mühitdən xüsusi razılığım, ya narazılığım yoxdu. Mühitdi də. Guya hansı sahədə vəziyyət ürəkaçandı ki... Həmişə və hər yerdə ən azı özümə hörmət aşılatmağı bacarmışam. Mənə kişilərin mühitində daha rahatdı - geyimdən, kosmetikadan, qaynanalarından danışmırlar, istəlik, mənə rəqib kimi yanaşmırlar. Birbaşadirlar, konkretdirlər, onlarla müzakirə aparmaq daha asandı. Əlbəttə, kişilər də bir-birilərini qısqanırlar, amma bu bir qadın kimi məni az maraqlandırır. Umumiyyətlə isə, mən qadınların da, kişilərin də arasından özümə yaxın adamları seçirəm. Mühitimi özüm yaratmağa və arada dəyişməyə çalışıram ki, təzələnmə olsun. Bu da heç. O ki qaldı qadın məclisinə, nə ehtiyac var ki? Yasxananı xatırlatdı e, bir mağarda qadınlar olsun, o birində kişilər... Qadınların da mühiti var. Amma heç bir mühit sənin yerinə şeir yazmır.

- Qadınların ədəbi mühiti varsa da üzə çıxmır. Yəqin, orda qeybət gedir. (Gülür) Həm də qadınlar arasında bir-birinə paxıllıq daha çoxdur. Kişilər əksərən ədəbi paxıllıq edir, amma bu qadınlarda demək olar ki, hər şeydə, hər sahədə belədir...

- Qadınlar daha praktikdirlər, deyərdim. İşləri çox olur, həm də çox görünmək qadın üçün problem yaradır. Kişilər daha paxıldırlar, buna əminəm. Qadın, uzaqbaşı, diqqət uğrunda mubarizə aparar bir-biriylə. Kişilər arasında paxıllığın yüzlərlə növü var. Konkretləşdirim? Vəzifə, qadın, şöhrət, pul və s. Deyə bilərsən ki, bayaq onlara üstünlük verdiyini söyləmisən axı. Maraqlarımız kəsişmir. Kişilər daha çox qeybətə meyillidirlər. Xüsusən qadınlar barədə qeybətə. Əsas verməyəcəksən səninlə bu mövzuda danışmalarına, məsələ bitəcək. Qadınlardan ən yaxın olduğum imzalardan biri Aysel Əlizadədi. Ondan misal cəkəcəm. Bir dəfə kimdənsə qeybət elədiyini eşitmədim...

- Bizə ədəbi mühitdə ən yaxşı yazan qadınların adlarını deyə bilərsən? Daimi oxuduğun. Hansı ki, şeirə ehtiyacın olanda açıb oxuyursan, rəfiqəsiniz deyə yox. (gülür) Varmı belə imzalar?

- Yox. Heç elə kişi də yoxdu. Məsələ istedadda deyil. Mən müəlliflərlə ölçmürəm mətni. Demək olar, hamını oxuyuram. Hamının güclü və zəif tərəfi barədə nəsə deyə bilərəm. Özüm də daxil. Şeirə ehtiyacım olanda özüm yazıram. Amma oxuyuram, dinləyirəm, bəyənirəm və ya bəyənmirəm. Ad çəkməyəcəm. Feysbuk dostluğumda varsınızsa, bəyənmə işarələrimdən görürsüz.

- Müsahibə üçün təşəkkür edirik, Rəbiqə.

- Buyur, mən də.

Orxan Saffari