Ölkə 18:12 20.10.2018

"Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində növbəti görüş keçirilib

"Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti "Regionlarda maarifləndirmə və sorğu” layihəsini davam etdirir. Layihənin əsas məqsədi "Aqrolizinq” ASC-nin fəaliyyəti, o cümlədən texnikaların, texnoloji avadanlıqların, damazlıq heyvanların lizinqə verilməsi şərtləri, mineral gübrə və pestisidlərin satış qaydaları, aqrotexniki xidmətlər barədə fermerləri məlumatlandırmaq, tətbiq edilən elektron xidmətlər, innovativ yeniliklər barədə vətəndaşların maarifləndirilməsi, vətəndaşlara ASC-nin əlçatanlığının və yaxınlığının təmin edilməsi, bununla əlaqədar onların problemlərini, müraciət və təkliflərini dinləyərək həlli istiqamətində addımların atılmasıdır.

Qaynarinfo Azərtac-a istinadən xəbər verir ki, Ağcabədi şəhərindəki Bayraq Muzeyində keçirilən növbəti görüşdə Ağcabədi, Zərdab, Beyləqan, Füzuli, Bərdə, Ağdam və Tərtər rayonlarından olan fermerlər iştirak ediblər.

Görüşdə tədbir iştirakçıları kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsi, mineral gübrə və pestisidlərin əhəmiyyəti, lizinq qaydaları və tətbiq edilən güzəştlər, o cümlədən innovativ yeniliklər barədə maarifləndirilib, tətbiq edilən elektron xidmətlər barədə ətraflı məlumat verilib.

Tədbirdə sahibkarların, fermerlərin və məhsul istehsalçılarının qarşılaşdıqları problemlər və onların həll yolları müzakirə edilib, təkliflər dinlənilib. Sonra region üzrə 20 vətəndaşa səyyar xidmət çərçivəsində güzəşt müqavilələri təqdim edilib.

Qeyd edək ki, "Aqrolizinq” ASC respublikanın bütün regionlarına kənd təsərrüfatının, eləcə də pambıqçılığın inkişafı ilə bağlı yeni texnikaların bölgəyə gətirilərək lizinq yolu ilə vətəndaşların istifadəsinə verilməsini həyata keçirməkdədir. Cəmiyyətin yarandığı 2005-ci ildən bəri Ağcabədi, Zərdab, Beyləqan, Füzuli, Bərdə, Ağdam və Tərtər rayonlarından olan 1341 istifadəçiyə lizinq yolu ilə ümumi dəyəri 54 milyon 309 min 913 manat təşkil edən 3287 ədəd kənd təsərrüfatı texnikası verilib.