Xəbər lenti

Reklam şirkətlərinə hücumun pərdəarxası: Eldar Əzizov nə istəyir? - FOTOFAKT
Foto 11:50 28.10.2021

Reklam şirkətlərinə hücumun pərdəarxası: Eldar Əzizov nə istəyir? - FOTOFAKT

Xəbər verdiyimiz kimi, 2021-ci  ilin sentyabr ayından başlayaraq Bakı Şəhər İcra Hakimiyyəti reklam şirkətlərinə total hücuma başlayıb. Qeyd edək ki, reklam şirkətləri qanunun tənzimlədiyi çərçivədə reklamverənlərlə çalışır. Bakı Şəhər İcra Hakimiyyəti isə səlahiyyətində olmayan işlərlə məşğul olaraq reklam agentliklərinin əmlaklarını məhv edib. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir rəsmi sənəd təqdim edilmədən, səlahiyyəti olmadığı halda  (bu səlahiyyət Azərbaycan Dövlət Reklam Agentliyinə həvalə olunub), Bakı şəhərinin müxtəlif ünvanlarında yerləşən binaların fasad və dam hissələrində bir sıra reklam agentliklərinə məxsus müasir və olduqca baha qiymətə alınan LED monitor tipli reklam qurğuları yararsız hala salaraq sökülüb. Nəticədə reklam şirkətlərinə külli miqdarda  zərər vurulub. Bakı Şəhər İcra Hakimiyyətinin bu qanunazidd əməlinin qurbanı olan reklam agentlikləri öz pozulmuş hüquqlarının bərpası məqsədi ilə müvafiq dövlət qurumlarına, o cümlədən, Azərbaycan Respublikasının Baş Prokurorluğuna rəsmi müraciət edib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin bu qanunsuz əməli barədə ölkəmizdəki Kütləvi İnformasiya Vasitələrində məlumat verilib.

Lakin bu günə qədər Bakı Şəhər İcra Hakimiyyətinin bu qanunsuz əməli hüquqi qiymətini almayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı qanuna zidd hərəkətlərinə haqq qazandırmaq məqsədi ilə bəzi rusdilli (?) mətbu orqanlarında öz müdafiəsi məqsədi ilə yazılar yazdırır, reklam şirkətlərini qanunsuz fəaliyyətdə günahlandırır. Qəribədir ki, bu yazılar "Meriyanın korrupsiyaya zərbə vurması” adı ilə təqdim olunur. Halbuki söhbət bütün qanuni sənəd və icazələri olan reklam şitlərinin məhz meriya tərəfindən qanunsuz sökülməsindən gedir! Burada vəzifə səlihiyyətlərindən sui-istifadə, yəni korrupsiya halından danışılırsa yaxud, yüksək ranqlı dövlət məmuru olan Eldar Əzizovun hər hansı korrupsiya halından məlumatı varsa, niyə bunları hüquq mühafizə orqanlarına təqdim etmir? 

Məqalənin birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin diktəsi ilə yazıldığı göz önündədir. Çünki qarşı tərəf olaraq reklam agentliklərinin fikirlərinə yer verilməyib.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti qanunsuz əməllərinə haqq qazandırmaq üçün yazdırdığı bu məqalədə rus dilində bildirir ki, reklam qurğularının söküldüyü binalar tarixi binalardır.  Ən maraqlısı isə odur  ki,  Bakı Şəhər İcra Hakimiyyəti hansı binanın tarixi, hansı binanın isə müasir tikili olduğunu bilmir (şəkillər əlavə olunur - red.).
 
Reklam lövhələrində yerləşən eskizlərə gəldikdə isə, onu da qeyd etmək vacibdir ki, bütün eskizlər müvafiq qaydada təsdiq edildikdən sonra yayımlanır. 

Bundan başqa nümunə kimi misal göstərilən London şəhərində London Piccadilly küçəsi və Nyu York şəhərində Times Square küçəsi müasir monitor tipli reklam lövhələri ilə zəngindir.
 

 
Ümumiyyətlə, reklam şirkətlərinin iradları BŞİH-i tərəfindən söküntülərin qeyri-qanuni aparılmasından ibarətdir. Meriyanın reklam qurğularını demontaj etmək hüququ yoxdur. Bu ancaq məhkəmə qərarı əsasında icra oluna bilər və bu aksiomadır. 

Ancaq görünən odur ki, Bakı Şəhər İcra Hakimiyyəti ölkə başçısı cənab İlham Əliyevin verdiyi fərmanları ayaq altına atır. Çünki ölkə başçısı bütün çıxışlarında sahibkarlara dəstək olur, məmurların sahibkarların işinə qanunsuz müdaxiləsini sərt tənqid edir. Bakı Şəhər İcra Hakimiyyəti isə səlahiyyət həddini aşaraq reklam löhvələrini və monitorları sökmək və sındırmaqla, reklam agentliklərinə külli-miqdarda ziyan vurmuş, həmçinin agentliklərin işgüzar nüfuzuna xələl gətirmişdir. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->