Xəbər lenti

Rektorlar sovet qəbul sisteminə qayıtmaq arzusunda
Ölkə 09:34 21.04.2021

Rektorlar sovet qəbul sisteminə qayıtmaq arzusunda

Son vaxtlar ali məktəblərə tələbə qəbulunun sovet dönəmində olduğu kimi universitetlər tərəfindən aparılması, bu məsələdə test sistemindən imtina ediməsi ilə bağlı müxtəlif təkliflər səslənməkdədir. Bu cür təkliflər isə əsasən universitet rəhbərləri tərəfindən irəli sürülür.

Bəs ekspertlər bu təklifi necə dəyərləndirir?

Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı "Yeni Müsavat”a danışıb. Deputat qeyd edib ki, bu və ya digər məsələlər barəsində cəmiyyətdə müxtəlif fikirlərin olması normal haldır: "Biz azad, demokratik cəmiyyətdə yaşadığımızdan hər bir fikri dinləmək lazımdır. Qəbul edib-etməmək isə həmin fikrin, ideyanın cəmiyyətə, konkret halda təhsilimizə nə kimi faydalar verib-verməyəcəyindən asılıdır. Məsələ barəsində mənim fikrim belədir: qəbul imtahanlarının test üsulu ilə aparılması müəllim tərəfindən keçirilən üzbəüz formasından daha sağlamdır və nəticələri ədalətlidir. DİM-in keçirdiyi imtahanların nəticələri cəmiyyətdə narazılıq və sosial gərginlik yaratmır. Subyektiv amil varsa da (buna dair bəzən müəyyən fikirlərə də rast gəlinir) test üsuluna olan güvəni, etibarlılığı sarsıda biləcək gücdə deyildir.



Musa Qasımlı: "Qəbul imtahanlarının müəllimlə üzbəüz aparılması istənilən halda başqa meyarlara yol açacaq”

Qəbul imtahanlarının müəllimlə üzbəüz aparılması istənilən halda, subyektivliyə yol açacaq, ali məktəb auditoriyalarına biliklə deyil, başqa meyarlara yol tapılacaq, savadlı gənclərin bir qismi kənarda qalacaq. Hər halda, 80-ci illərdə bunun acı təcrübəsini obyektiv ali məktəb müəllimləri yaxşı bilir. Nəticədə təhsilin keyfiyyəti aşağı düşəcək, mənfi hallar semestr imtahanlarına da sirayət edəcək, əlində diplomu olan, lakin ixtisasını bilməyən şəxslərin sayı artacaq,  cəmiyyətimizdə narazılıq, sosial gərginlik yaranacaq. Belə vəziyyətin heç kimə faydası yoxdur.


 
Bütün bunlarla yanaşı, məncə, test üsulunun, testlərin məzmununun təkmilləşdirilməsinin zəruri olduğuna qarşı kimsə çıxmaz. Məsələn, orta məktəbin buraxılış və ali məktəblərə qəbul imtahanlarının birləşdirilməsi və ya orta məktəb qiymətləri ilə müvafiq ali məktəbin əvvəlcədən müəyyənləşdirdiyi minimum balla qəbulu həyata keçirmək üzərində düşünməyə dəyər. Test suallarında statistlikdən uzaqlaşmağın zamanı çoxdan gəlib çatıb".

Kamran Əsədov: "Yeni tədris ilinin başlaması qaçılmaz idi”

Kamran Əsədov: "Ali təhsil müəssisələri özlərinin kommersiya maraqları üçün imtahanları keçirməkdə maraqlıdırlar”

Təhsil eksperti Kamran Əsədov isə qeyd etdi ki, 1992-ci ildən etibarən Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanlarına mərkəzləşmiş qaydada keçməsinin əsas səbəbi indiyə qədər bu prosesin qeyri-şəffaf olması, əsasən yoxlanılan və ölçülən bilik və bacarıqlar deyil, rüşvət hesabına olması idi: "Həmin illərdə universitetlərə qəbul qeyri-şəffaf keçirilirdi və bir çox hallarda bilik və bacarıqları yüksək olan şəxslər aşağı ixtisaslara qəbul olunurdu. Lakin 1992-ci ildən etibarən prosesin mərkəzləşmiş qaydada təşkil edilməsi bilik və bacarıqlı, savadı yüksək olan şəxslərin ali təhsil müəssisələrinin prestijli ixtisaslarına qəbul olunmasına şərait yaratdı. Artıq 30 ilə yaxındır ki, bu proses mərkəzləşdirilmiş qaydada həyata keçirilir.


 
Əvvəlki illərlə müqayisədə müəyyən qədər mərkəzləşdirilmiş imtahanlar tələbatı ödəyə bilmir. Etiraf edək ki, eyni qaydalarla müxtəlif ixtisasdakı insanları yoxlaya bilirik. Məsələn, 3-cü ixtisas qrupunda hüquq ixtisasına daxil olan şəxslə ibtidai sinif müəllimliyinə gedən abituriyenti eyni testlərlə yoxlayırıq. Və yaxud 4-cü ixtisas qrupunda müalicə işi, stomatologiya ixtisaslarına gedənlərlə baytarlıq, kənd təsərrüfatı ixtisasına gedənləri eyni testlərlə yoxlayırıq. Hesab edirəm ki, bu, düzgün yanaşma tərzi deyil. Müəyyən qədər yoxlama alətlərində və vasitələrində dəyişikliklər etməliyik".

Ekspert qeyd edib ki, prosesin ali təhsil müəssisələrinə verilməsi doğru olmazdı: "Amma bu o demək deyil ki, proses ali təhsil müəssisələrinə verilməlidir. Çox təəssüf ki, bu gün də müəyyən qədər ali təhsil müəssisələri özlərinin kommersiya maraqları üçün imtahanları keçirməkdə maraqlıdırlar. Yəni istəyirlər ki, ali təhsil müəssisələrinə imtahanları, qəbulu özləri həyata keçirsin. Bu, sosial vəziyyəti aşağı olan, kasıb ailələrin ali təhsil müəssisələrinə yolunu bağlaya bilər. Çünki ali təhsil müəssisələrində şəffaflıqdan, keyfiyyətli və obyektiv ölçmə həyata keçirilməsindən narazı və narahatıq. Bunu biz keçirilən semestr imtahanlarından da görürük ki, ali təhsil müəssisələri şəffaflığı ciddi şəkildə pozur, əsassız müdaxilələr olur və sairə. Bunların aradan qaldırılması üçün prosesin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi zəruridir. Dünyanın bütün ölkələrində Azərbaycanın qəbul imtahanları mütərəqqi imtahan olaraq qəbul edilir. Yəni obyektivdir, təhlükəsizdir, əlçatandır, şəffafdır. Beləliklə, Azərbaycanın bu gün keçirdiyi qəbul imtahanları istənilən beynəlxalq imtahanlarla eynilik təşkil edir və hətta təhlükəsizlik tədbirlərinə görə dünyada ən ön sıralardadır.

Lakin müəyyən qədər qiymətləndirmə alətlərində dəyişiklik etmək lazımdır. Yeni təklif edilən ali təhsil haqqında qanunda universitetlərə muxtariyyətlərin verilməsi nəzərdə tutulur. Lakin bu muxtariyyət heç bir halda tələbə qəbulunun tam olaraq həyata keçirməsi istiqamətində olmamalıdır".



 Qoşqar Məhərrəmov

Təhsil eksperti Qoşqar Məhərrəmov isə qeyd etdi ki, əgər ali məktəblərə,  rektor və dekanlara güvən yoxdursa, idarəçilik mexanizmi dəyişdirməlidir: "Qərbə baxanda nə görürük? Orada ümumi beynəlxalq keçərliyi olan imtahanlar və yaxud milli imtahanlar var. Təklif edirəm ki, abituriyent Dövlət İmtahan Mərkəzinə müraciət edərkən attestat balı, sertifikatlarını, orta məktəbdə iştirak etdiyi tədbirlər, təşəbbüskarlıqlar, motivasiya məktubunu təqdim etsin. Yəni hazırda beynəlxalq məktəblərin abituriyentləri xarici təhsil müəssisələrinə müraciət edərkən, onlardan nə tələb olunursa, bizdə də yaxın gələcəkdə bu tətbiq edilsin.

Ali təhsil müəssisələri bundan sui-istifadə, tələbələrdən hansısa maddi  gəlir əldə etmək üçün onlardan istifadə edəcəksə, deməli, idarəetmə sistemini yanlış qurmuşuq, ya da universitetə yanlış insan rektor təyin olunub. Necə olur ki, Latviyada, Polşada, Macarıstanda bu baş vermir, dünyanın müxtəlif ölkələrindən orada yerləşən universitetlərə müraciətlər olunur. Çünki həmin universitetlərdə müasir sistem qurulub. Universitet abituriyentdən IELTS nəticələrini tələb edir, onunla müsahibə edir, müsahibənin nəticəsində həmin tələbəni bəyənərsə, onu tələbə kimi qəbul edir. Bu zaman tələbə ixtisasını daha şüurlu şəkildə seçmiş olur. Yəni 4-cü qrupda həkimliyi istəyib, biologiya müəllimliyinə düşmür və yaxud 2-ci qrupun tələbəsi olmur. Bu zaman ali təhsil müəssisələri sözün əsl mənasında ali təhsil ocağı olur.


 
Amma təsəvvür edin ki, bizim abituriyentlərimiz 5-6 fənni öyrənməlidir və buna görə repetitor yanına getməyə məhkumdur. Orta məktəbdə 5 ilin materialını 5 fəndən öyrənmək imkanı demək olar ki, yoxdur. Çox istisna hallarda abituriyentlər öz-özünə, təhsil aldığı məktəbin müəllimləri ilə hazırlaşıb, universitetə qəbul olunur. Digərlərinin hamısı repetitor yanına gedir. Bu isə normal hal deyil, çünki o zaman məktəblərin mahiyyəti ortadan qalxmış olur. Beləliklə, Dövlət İmtahan Mərkəzi qrupları ləğv edib, fənn imtahanlarını saxlaya bilər, yəni bu zaman abituriyent  biologiyadan, fizikadan, riyaziyyatdan hazırlaşıb, bu fənlərdən aldığı balı universitetə təqdim edir.  Müşahidə edirik ki, indi xeyli sayda abituriyent xarici ölkəyə təhsil almağa gedir. Səbəbini soruşanda isə bildirir ki, "5 fəndən hazırlaşmaq əvəzinə riyaziyyatla ingilis dilindən balımı yığıb, onlarla, yüzlərlə universitetlərə sənəd göndərə bilərəm”. Yəni Azərbaycanda qalıb, 5 ilin materialını 5 fəndən hazırlaşmağa vaxt sərf etmək istəmir.

Beləliklə, bizdə də bu üsul tətbiq edilərsə, qəbul asanlaşacaq, yəni universitetlərin qapısı bir qədər də aralanmış olacaq. Lakin hazırda bu yolda maneələr var. Həmin maneələri ortadan qaldırmaq lazımdır".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->