İdman 16:13 04.06.2018

Rəşad Sadıqovdan heç-heçə şərhi: "Nəticə ikinci planda idi"

"Mənim üçün nəticə ikinci planda idi".

Qaynarinfo xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Sadıqov Astanada Qazaxıstan yığması ilə yoldaşlıq matçından sonra deyib.

1:1 hesablı heç-heçədən sonra danışan baş məşqçi görüşün 80-ci dəqiqəsində Azərbaycan millisinin qapısına təyin olunan və hesabın bərabərləşməsi ilə nəticələnən penalti qərarına da münasibət bildirib: 

"Oyunun maraqlı keçdiyini düşünürəm. Biz yaradıcı futbol izlədik. Hər iki komanda topa nəzarət etməyə çalışırdı. Nəticə yaxşıdı. Bizim çoxlu sayda gənc oyunçumuz vardı. Qazaxıstan yığması ilə tapşırıqlarımız fərqlidi: onlar qrupda 2-ci yer uğrunda mübarizə aparırlar, biz isə komandanı yeniləyirik. Penaltiyə detallı şəkildə şərh verə bilmərəm. Biz görmək istədiyimizi meydanda edə bildik. Oyundan razıyam. Qazaxıstanın yaxşı komandası var. Onlara azarkeşlik edəcəyik. Qazaxıstanda futbolun inkişafı xoş təəssürat oyadı. "Astana”nın uğurları bunu sübut edir. Doğru yolda olduğunuzu düşünürəm".

Sadıqov "Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun "Astana”nın sükanı arxasına gətirilməsi ilə bağlı sualı da cavablandırıb. O deyib ki, ukraynalı mütəxəssis maraqlı insan və yaxşı mütəxəssisdi: "Qriqorçukla birinci yer uğrunda mübarizə aparmaq maraqlı idi. Ona uğurlar arzulayıram”.