İdman 13:50 02.04.2018

“Революція Максима”

Amal Abuşov

Səmimi sözümdü, mənim Yuri Maksimovun düşdüyü duruma görə ürəyim ağrayır. Əvvəllər ona qarşı aqressiv idim. Düşünürdüm ki, özü bilə-bilə Zaur Axunodvla işbirliyinə girib, Azərbaycana öz cibini doldurmağa gəlib. Amma indi görürəm ki, onu da aldadıblar.

Buna nə sözünüz, ay Zaur Axundov? Ukraynalı mütəxəssis sizin əlinizdən fəryad edir. Açıq dillə, hamının başa düşəcəyi sözlərlə deyir ki, onu aldadıblar. Özü da siz aldatmısız. Əvvəlcədən vəd olunan məbləğdə maaşlar verilməyib, özünün və futbolçuların pulları kəsilib. Adam peşakardı və aldadıldığını çox düzgün izah edir. "Özünə hörmət edən heç bir futbolçu bu qiymətə və 4 aylıq müqavilə qarşılğında Bakıya gəlməz, futbol oynamaz" deyir. Mən onunla ikiəlli razıyam.

Buyurun, susmayın. Heç utanırsızmı? Bir-neçə gün bundan əvvəl Axundovun Rauf Əliyev haqqında dediklərini oxudum. Fəxrlə deyir ki, Rauf "Keşlə”yə vaxt keçirməyə gəlirdi. Burda oynayacaqdı, formasını bərpa edəcəkdi və sonra da başqa yerə gedəcəkdi. Olsun da. Siz bundan nə itirəcəkdiz? Heç nə. Əvəzində Rauf oyunuyla və vuracağı qollarla "Keşlə”yə fayda verəcəkdi, onun yaxşı nəticələr qazanılmasına kömək edəcəkdi. Lap yayda başqa kluba keçsəydi belə. Vurduğu qolları, qazandırdığı qolları özülə aparmayacaqdı ki. Üstəlik, Azərbaycan futbolu da bundan qazanacaqdı. Rauf yaya qədər formasını bərpa edəcəkdi. Millətlər Liqasının startına qədər hazır olacaqdı, milliyə də kömək edəcəkdi. Azərbaycan futbolunu düşündüyünüzü hər kəlməbaşı deyirsiz. Sizə necə inanaq?

Maksimov sizin yalançı olduğunuzü uca və aydın səslə dedi. Bu vaxta qədər hamını günahkar çıxarırdız, öz yaxanızı kənara çəkirdiz. Ukraynalı çalışdırıcı "özünə hörmət edən futbolçu 4 aylıq müqavilə ilə futbol oynamağa gəlməz. Gələnlər də fırıldaqçılar olar” dedi. Həmin fırıldaqçılara da məhz Zaur Axundov qucaq açıb. Raufu isə itələyib, karyerasını məhv etməyə çalışıb. Onun bəyənib-seçdiyi legionerlərin də səviyyəsini görürük. Olsa-olsa 60 dəqiqə oynamağa gücləri çatır. Ömrü futzalda, braziliyalı məşqçi və futzalçıların arasında keçən Axundovun isə böyük futboldan, futbolun 90 dəqiqə oynanmasından xəbəri yoxmuş.

"Keşlə"ni istədiyi kimi idadə edən Zaur Axundov Maksimovun istefa xəbərini yayanları yalançı çıxarmışdı. Jurnalistləri böhtançı adlandırmışı. "Keşlə”nin çalışdırıcısı "Neftçi”ylə oyundan sonrakı mətbuat konfransında "ola bilsin ki, bu oyun mənim üçün sonuncu idi” dedi. Bundan o tərəfə nə var idi? Adam diliylə getmək istədiyini deyirdi. Ona da bir bəhanə tapdılar. Zaur Axundov dühasını Maksimovun hissə qapıldığı haqda bəhanə uydurdu. Daha bəhanəyə, yalan-palana yer də qalmayıb.

Yuri Maksimov artıq üsyan edir. Yalançılara, qeyri-peşəkarlara, fırıldaqçılara qarşı. Ukraynalı mütəxəssisin sözləri Azərbaycan futbolunun hansı vəziyyətdə olduğunu, klublarımızın hansı təfəkkür sahibləri tərəfindən idarə olunduğunu bütün çılpaqlığı ilə ortaya qoydu. Biz də üsyan etməli, futbolumuzu belələrindən təmizləməli, fırıldaqçı və qeyri-peşəkarlardan xilas etməliyik. Başqa yolumuz yoxdu.

Дуже дякую, Юрій Максимов!