Video 18:04 23.05.2019

RF səfirliyinin qarşısında növbəti aksiya: Fuad Abbasov azad edilsin! (VİDEO)

Təxminən 20-25 nəfərdən ibarət qrup RF səfirliyinin qarşısında azərbaycanlı jurnalist Fuad Abbasovun deportasiya edilməsi məqsədilə Moskvada saxlanmasına etiraz olaraq aksiya keçirib.

Öncə polis etirazçıları binaya yaxın buraxmayıb və onlar avtobus dayanacağında sıraya düzülərək F.Abbasovun azad edilməsini və saxlanma zamanı ona qarşı güc tətbiq edənlərin cəzalandırılmasını tələb ediblər.

Sonradan aksiya iştirakçılarını binaya buraxıblar. Səfirliyin nümayəndəsi onların qarşısına çıxıb və etirazçıların tələblərinin rəhbərliyə çatdırılacağını vəd edib.

O qeyd edib ki, diplomatik missiya Azərbaycanın Rusiyadakı səfirliyi ilə əlaqə saxlayır və məsələnin qanun çərçivəsində həllini gözləmək lazımdır.

Ötən gün Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri F.Abbasova baş çəkiblər.

Qeyd edək ki, ötən gün - mayın 22-də də RF-in Bakıdakı səfirliyinin qarşısında da F.Abbasova dəstək aksiyası keçirilib. Aksiyanın təşkilatçısı siyasi fəal, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılıdır R.Hacılı jurnalist F.Abbasov azad edilənə qədər aksiyaların davam edəcəyini bildirib.

Jurnalist F.Abbasov 2015-ci ildə Rusiya telekanallarnda Rusiya hərbi təyyarəsinin Türkiyədə məhv edilməsinin müzakirəsinə dair tok-şoulardakı çıxışları ilə tanınır.

F.Abbasov Türkiyənin mövqeyini açıqlamaq üçün İhlas agentliyinin müxbiri kimi dəvət edilmişdi.

Sonradan o, Azərbaycana dair məsələlərə həsr olunmuş tok-şoularda da iştirak edib.

Son vaxtlar F.Abbasov azərbaycanlıların bəzi diaspor təşkilatlarını soydaşlarının maraqlarını yetərincə müdafiə etməməyə görə tənqid edib, onları ermənilərlə əməkdaşlıqda suçlayıb və Rusiyada azərbaycanlıların partiya yaradacağını anons edib.