Xəbər lenti

Ruhani: “Böyük bir sərvət istifadəsiz qalıb”
Siyasət 23:34 28.03.2018

Ruhani: “Böyük bir sərvət istifadəsiz qalıb”

"Böyük Azərbaycan və İran xalqlarını qarşıda xoş günlər və aylar gözləyir".

"Ölkə.Az"ın məlumatına görə, bunu İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşündə deyib.

İran Prezidenti qeyd edib: "Cənab Prezident, mən və məni müşayiət edən nümayəndə heyəti çox şadıq ki, bu gün və sabah Sizin və dost, qardaş Azərbaycan xalqının qonağıyıq. Bu günlər bizim üçün şadlıq günləri və Novruz bayramıdır ki, bu da qardaş xalqların ortaq bayramıdır.

Zati-aliləri, Sizin dövlətinizə və bütün Azərbaycan xalqına uğurlar arzulayıram. İnşallah, iki böyük İran və Azərbaycan xalqlarını qarşıda xoş günlər və aylar gözləyir. Çox şadam ki, ötən illər ərzində Sizinlə birlikdə keçirdiyimiz görüşlərin, habelə nazirlərin, müştərək komissiyanın və səfirlərin gördüyü işlərin səmərəli nəticələrinin şahidiyik".

H.Ruhani vurğulayıb ki, İran və Azərbaycanın əməkdaşlığı təkcə iki ölkənin deyil, həm də bütün bölgənin xeyrinədir: "Şimal-Cənub dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun çəkilişi istiqamətində tərəfdaşlığımız qiymətcə sərfəli, rahat və qısa yol olmaqla hər iki dövlət və həm də bölgənin ölkələri, hətta Afrika, Asiya qitələri üçün faydalı olacaqdır. Bu, onun göstəricisidir ki, əməkdaşlığımız bölgənin və dünyanın mənafeyinə xidmət edir. Xəzər dənizində başladığımız yeni əməkdaşlıq o mənanı daşıyır ki, Allahın verdiyi bu nemətdən, yəni, Xəzər dənizinin sahilyanı ölkələrə verdiyi töhfəsindən maksimum dərəcədə bəhrələnək.

Əslində, qərarın qəbul edilməməsinin nəticəsidir ki, böyük bir sərvət istifadəsiz qalıbdır. Biz ya əmək resurslarının, ya pulun, ya sərmayənin, ya da sərvətin istifadəsiz qalmasının tərəfdarı deyilik. Biz qarşılıqlı səylər və əməkdaşlıq yolu ilə bu sərmayədən yararlana bilərik və hər iki xalq onun şahidi ola bilər ki, Xəzər dənizi inkişaf, sülh və dostluq dənizidir. Bu dəniz qardaşlıq əlaqələrimizi daha da gücləndirir. Qarşılıqlı sərmayə qoyuluşu və sabah açılışı olacaq bəzi layihələr onu göstərir ki, hər iki dövlət münasibətlərimizin genişləndirilməsi istiqamətində addımların atılmasında, ikitərəfli və çoxtərəfli əlaqələrimizin inkişaf etməsində qərarlıdır".

Prezident bildirib ki, İran iki ölkə arasında elm, mədəniyyət, ali təhsil sahələrində əlaqələrin genişləndirilməsinin və turizmin inkişafının tərəfdarıdır: "Bölgədə və dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında oxşar və yaxın baxışlarımız vardır. Biz bu baxışlardan istifadə etmək və bölgədə, həmçinin dünyada möhkəm sülhün və təhlükəsizliyin bərqərar olduğunu görmək arzusundayıq. Arzu edirəm ki, siyasət, iqtisadiyyat, mədəniyyət sahələrində, eləcə də regional və beynəlxalq əlaqələr müstəvisində günbəgün münasibətlərimizin inkişafının şahidi olaq".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->