Video 16:30 23.01.2019

Rusiya azərbaycanlı qardaşların qəhrəmanlığından danışır (VİDEO)

Ukraynanın Nikolayeva şəhərində yaşayan Ümid və Sabir Şirinov yanan avtomobildən azyaşlı uşaq, qadın və kişini xilas edib.

Qaynarinfo xəbər verir ki, bu haqda Adil Babayev adlı istifadəçi "Facebook” səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, Ümid və Sabir Şirinov qardaşları işlədikləri "İngül” kafe-hotelindən geri qayıdan zaman TIR-dan qoşqunun ayrıldığını görüblər və maşını saxlayıblar.

Hadisə yerinə yaxınlaşanda yük maşınından 40-50 metr aralıda, yol kənarında minik avtomobilinin çevrildiyini, salonunda uşağın ağladığını görüblər.

"Böyük qardaş (Ümid) sürücüyə, nə dayanıb baxırsınız, kömək edin, yanan maşından uşağı və sərnişinləri niyə çıxarmırsınız?”, - deyə müraciət etdikdə, sonuncu artıq gec olduğunu və onun həyatını riskə atmaq fikrində olmadığını deyib.

Şirinov qardaşları isə sayıqlığı itirməyiblər. Onlar hər saniyənin qiymətli olduğunu anlayıblar. Öz həyatlarını təhlükəyə ataraq, yanan cipdən uşağı çıxarmağa başlayıblar”, - deyə Adil Babayev yazır.

Onlar avtomobilin əvvəl yan şüşəsini sındırıb, ancaq bu, heç bir nəticə verməyib. Sabir baqajı sındırıb, oradan avtomobilə daxil olmağı təklif edib. Beləcə, onlar yanan maşından uşağı, sonra isə anasını çıxarıblar. Qabaq oturacaqların arasında isə ata çıxılmaz vəziyyətdə qalmışdı. Bu arada, alov tədricən yanacaq bakına doğru irəliləyirdi. Hamı çığırırdı: "Qaçın! İndi partlayacaq”.

"Şirinov qardaşları, açıq-aşkar təhlükəyə baxmayaraq, baqajdan daxil olub, oturacağı sındırırlar  və huşsuz vəziyyətdə olan atanı çıxarırlar. Təxminən bir dəqiqədən sonra qaz balonu partlayır”, - deyə A.Babayev yazır.

Ailənin xilas edilməsindən sonra hadisə yerinə fövqəladə hallar xidmətinin əməkdaşları, təcili tibbi yardım briqadası və jurnalistlər axışıb. Şirinov qardaşları "təcili tibbi yardım” maşını ilə xəstəxanaya gedir. Onlar uşağın xilas edilməsi üçün maddi yardım göstəriblər və bu günə kimi də zərərçəkən ailəyə kömək edirlər.

"Şirinov qardaşları – Ümid və Sabir – hər ikisi evlidir, hər birinin iki övladı var. Onlar Ukraynanın Nikolayev vilayəti üzrə konqresinin üzvləridir. Hamımız onlara deyirik:

"İnsan həyatını xilas etmək üçün göstərdiyiniz bu şücaətə, kişiliyə və qəhrəmanlığa görə çox sağ olun, uşaqlar”, - deyə Babayev yazıb.