Rusiya Kiyev yaxınlığında keçirilən dron texnologiyaları sərgisinə üç ballistik raketlə hücum edib. Hadisə nəticəsində 10 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Eyni zamanda, Ukrayna Rusiyanın Kirov şəhərindəki fabrik və anbarlara zərbələr endirib.
Rusiya ballistik raketlərlə Kiyev yaxınlığında keçirilən dron texnologiyaları sərgisinə hücum edib. Nəticədə 10 nəfər həlak olub.
Qaynarinfo-nun
BBC-yə istinadla verdiyi xəbərə görə, Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə bildirib ki, sərgidə 100-ə yaxın insan yaralanıb. Tədbirdə müdafiə sənayesinin tanınmış nümayəndələri iştirak ediblər.
Ukraynanın şərqində yerləşən Slovyansk şəhərində isə Rusiyanın planer bombaları ilə həyata keçirdiyi hücum nəticəsində beş nəfər ölüb.
Gecə saatlarında Ukrayna Kirov şəhərindəki fabrik və anbarlara zərbələr endirib. Hücumlar nəticəsində altı nəfər həlak olub, 26 nəfər yaralanıb. Kirov cəbhə xəttindən 1000 kilometrdən çox məsafədə yerləşir. Ukrayna, həmçinin Rusiyanın ən böyük onlayn pərakəndə satış şirkətlərindən biri olan "Wildberries”in anbarlarına hücum edib.
Hadisədən sonra Ukrtayna Müdafiə Nazirliyinin müşaviri Serhiy Beskrestnov və texnologiya mütəxəssisi Lyuba Şipoviçin təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb. Hər iki şəxs sosial şəbəkələrdə vəziyyətlərinin yaxşı olduğunu bildirib. Beskrestnov təhlükəsizlik səbəbindən sərgidə iştirak etmədiyini qeyd edib.
Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İhnat bildirib ki, hücum zamanı üç ballistik raketdən istifadə olunub və onlardan yalnız biri zərərsizləşdirilib.
Rusiya Müdafiə Nazirliyi hücumu təsdiqləyərək bildirib ki, yüksək dəqiqlikli uzaqmənzilli raketlərlə Ukraynada Rusiya ərazisindəki mülki obyektlərə hücumlarda istifadə olunan dronların nümayiş etdirildiyi əraziyə zərbə endirilib.
Rusiya tərəfinin məlumatına görə, sərgidə dron istehsalçıları, Ukraynanın dron qüvvələrinin və təhlükəsizlik xidmətlərinin nümayəndələri iştirak ediblər. Nazirlik onların "birbaşa Rusiya ərazisinə zərbələr planlaşdırdığını və həyata keçirdiyini” bildirib.
Bu, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra oxşar sərginin üçüncü dəfə hücuma məruz qalmasıdır.
Tədbirin yeri və vaxtı barədə ictimaiyyətə açıq məlumat verilməsi geniş etiraz doğurub.
Zelenski hadisənin araşdırılması barədə göstəriş verib. Ukraynanın baş prokuroru sərginin keçirilməsi barədə qərar qəbul edən şəxslərin və görülən təhlükəsizlik tədbirlərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparıldığını bildirib.
Azərbaycan vaxtı ilə cümə günü Rusiyanın şimal-qərbində, Sankt-Peterburq bölgəsində yerləşən azı iki "Wildberries” anbarı da daxil olmaqla, bir sıra obyektlərə zərbələr endirilib. Hücumların ölkədəki kiçik və orta sahibkarlıq subyektlərinə ciddi ziyan vurduğu bildirilir.
Ukrayna Rusiya ordusunun hərbi təchizatında istifadə oluna bilən logistika marşrutlarını və mərkəzlərini hədəf alır. "Wildberries” kimi rəqəmsal ticarət şirkətlərinin anbarları da bu cür hücumların hədəfinə çevrilir.
Məlumata görə, Zelenski gələn həftə ABŞ-a səfər edəcək və orada Prezident Donald Trampla görüşəcək. Görüş ABŞ-ın Ukrayna ilə Rusiya arasında sülh danışıqlarını canlandırmaq cəhdləri çərçivəsində keçiriləcək.
Rumıniya Prezidenti Nikuşor Dan bildirib ki, Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı ölkənin hava məkanını pozan Rusiya dronunu vurub. Bundan əvvəl Rumıniyanın şərq və cənub-şərq bölgələrində hava hücumu xəbərdarlığı elan edilmişdi.
Şərhlər