phrase_var_qaynar. 17:50 18.05.2021

Rusiya KTMT üzvü olaraq Qaragöl məsələsinə necə yanaşacaq? (ŞƏRH)

"Rusiya KTMT nizamnaməsini əsas götürərək, sərhəd məsələsinə müdaxilə edə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. 

O bildirib ki, KTMT nizamnaməsinin 2-ci və 4-cü bəndləri buna əsas yaradır:

"2-ci bənddə "dövlətə hücum təhdidi”, 4-cü bənddə isə "dövlətə hücum” məsələsi qeyd olunur. Ermənistan son sərhəd məsələsindən sonra KTMT-yə müraciətini 2-ci bənd üzrə ünvanlayıb. Hüquqi cəhətdən KTMT prosesinə müdaxilə edə bilər, lakin siyasi baxımdan, Rusiyanın indiki halda KTMT-ni prosesə qoşması maraqlarına uyğun deyil. Rusiya özünü bölgədəki anlaşmaların təminatçısı, ümumiyyətlə, bu proseslərdə hakim rolunda görür və açıq tərəf tutmaq istəmir. Rusiyanın prosesə Ermənistan tərəfindən qoşulması Azərbaycanla üz-üzə gəlməsi deməkdir. Və neytral mövqenin pozulması, onun da marağı olan bu razılaşmaların icrasına problemlər yarada bilər. Bu baxımdan, Rusiya istəmir. İkinci məsələ odur ki, Rusiya Ermənistan tərəfindən prosesə qoşularsa, Azərbaycan Türkiyədən dəstək istəyə bilər. Əslində prosesdə əsas açar nöqtələrdən biri məhz Türkiyəni Rusiya ilə üz-üzə qoymaq cəhdləridir. Bunu Paşinyan hakimiyyəti edir”.
 
 

Asif Nərimanlı qeyd edib ki, məsələni süni şəkildə qıçıqlandırmaqda Paşinyan hakimiyyətinin bir neçə məqsədi var:

"Birincisi, seçkiqabağı məsələdir. Qarabağ müharibəsindən sonra Qaragöl məsələsində geri çəkilməsi onu üçün seçki öncəsi daha ciddi zərbə ola bilər. Ona görə çalışır ki, kiçik də olsa qələbə qazansın. Demarkasiya məsələsinə mane olmaqla Ermənistan cəmiyyətinə göstərmək istəyir ki, "mən Azərbaycanın qarşısını ala bildim”. Ən azından mübarizə apardığını göstərməyə çalışır. Bu, daxili prosesdən qaynaqlanan məsələlərdir. Lakin bu prosesdə Paşinyanın təkbaşına hərəkət etdiyi ehtimalı zəifdir. Çünki Rusiya ilə Türkiyəni üz-üzə qoyulmasında başqa maraqlı qruplar var. Xüsusən biz bunu ABŞ-ın sərhəd məsələsi ilə bağlı açıqlamasında gördük. ABŞ ilk açıqlamasında tərəfləri sülhə dəvət etdi, neytral mövqe tutdu. Bir gün sonra isə Dövlət Departamentinin açıqlamasında qoşunların bölgədən geri çəkilməsi ilə bağlı Azərbaycana çağırış edildi. ABŞ-ın Ermənistana dəstəyinin arxasında Rusiya ilə Türkiyəni üz-üzə qoymaq gedişi dayanır. Çünki Vaşinqton Paşniyana dəstək verməklə Rusiyanı da Ermənistana dəstək verməyə sövq edir, xüsusilə Ermənistanın KTMT üzvü olması bunu şərtləndirir. Qeyd etdiyim kimi, Rusiyanın tərəf olması Türkiyənin də tərəf olmasına zəmin yarada bilər”.

A.Nərimanlı bildirib ki, Nikol Paşinyan Rusiyanı dilemma qarşısında qoyur: 

"KTMT prosesə qoşularsa, Rusiya tərəf olacaq və həm Türkiyə ilə üz-üzə gəlmək riski yaranacaq, həm də Moskvanın bölgə üzərindəki hakimliyi təhlükə altına düşəcək. Qoşulmayacağı təqdirdə, bu faktordan seçki kampaniyasında əsas rəqibləri olan Rusiyayönümlülərə qarşı, seçkidən sonra isə Rusiyadan uzaqlaşmaq üçün istifadə edəcək. Lakin Rusiya indiki dövrdə prosesdə tərəf olmamağa çalışacaq”.
Bahar

Oxşar xəbərlər