Siyasət 13:24 03.02.2022

Rusiya Ukrayna məsələsindən üzüsulu çıxmaq üçün kompromislər axtarır (ŞƏRH)

"Bu proses onu göstərir ki, Rusiya NATO-nun ayrı-ayrı üzvlərilə danışıqlara getməklə Ukrayna məsələsi ətrafında yaratdığı gərginlikdən üzüsulu çıxmaq üçün müəyyən kompromislər axtarır”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Ukrayna ilə bağlı Qərbdən sərt cavab aldıqdan sonra, Rusiya prezidenti Putinin indi NATO ölkələrilə ayrı-ayrılıqda danışıqlara getməsinin məqsədlərindən danışarkən deyib:

"Putin Ukrayna olayı ilə bağlı NATO və Avrop İttifaqı ölkələriylə ayrı-ayrılıqda danışıqlara getmək siyasəti həmin qurumları parçalama siyasətinin tərkib hissəsidir. Ancaq düşünürəm ki, Putinin bu ölkələr içərisində yalnız Macarıstan baş naziri Urbanla danışıqlarda özü üçün nəsə müsbət rəylər ala bilər. Amma Fransa prezidenti Makron, xüsusən də Böyük Britaniyanın baş naziri Conson isə sözün əsl mənasında Rusiyaya təzyiq göstərir və ona ultimativ xarakterli tələblər irəli sürürlər”.
 
 

Həmsöhbətimizin fikrincə, Rusiyanın müəyyən dərəcədə yumlaşdığı hiss olunur. Əvvəlki şantaj və əzələ nümayişindən müəyyən qədər imtina etmiş kimi görünür: 

"Bu səbəbdən də gah Türkiyəni barışdırıcı rolda görür, gah digər NATO ölkələrilə ayrı-ayrılıqda danışıqlar aparır. Fikrimcə, bütün bunların fonunda Rusiyanın baş verən proseslərdən çıxardığı nəticə odur ki, dünyanın mütləq əksəriyyəti Rusiyaya qarşıdır və onlar Moskvanın Ukraynaya təcavüzünü qəbul etməyəcək. Həmçinin, Rusiyaya tətbiq olunan sanksiyalar bu ölkənin iqtisadiyyatına ciddi zərbə vurmaqda davam edir”. 

Politoloq düşünür ki, yaranmış vəziyyətdə məsələnin diplomatik yollarla çözülməsində ciddi irəliləyişlər ola bilər:

"Rusiyanın bölgədəki şıltaqlığı, siyasi blefi özünün kulminasiya nöqtəsini keçərək, artıq enməyə başlayır”. 

Rüfət Sultan