Ötən gecə Moskvada yolda 1 nəfərin ölümü, 1 nəfərin yaralanmasına səbəb olan atışmanın təfərrüatları məlum olub.

Qaynarinfo-nun ONA-ya istinadən verdiyi məlumata görə, atışmada ölən və yaralananların azərbaycanlı sahibkarlar olduğu üzə çıxıb.

Hadisənin səbəbi bir həftə əvvəl Rəsul və Aqil adlı azərbaycanlı iki sahibkarın digər azərbaycanlı sahibkara 300 min rubl ödəyərək 15 ton kartof alması olub. Ancaq maşına yüklənmiş kisələr boşaldılan zaman kartofların dondurulduğu və temperaturun artması ilə çürüməyə başladığı məlum olub. Kartof kisələrini maşına yükləyərək geri qaytaran sahibkarlar həmyerlilərindən ödədikləri pulu geri tələb ediblər.
Tərəflər pulun qaytarılması üçün aprelin 14-də gecə İzmaylovo qəsəbəsində görüş təyin ediblər. Ancaq pulu qaytarmaq niyyətində olmayan sahibkarla mübahisə başlayıb, sonra da atışma olub. Nəticədə aldadılmış sahibkarlardan 32 yaşlı Rəsul qarnından, onun tərəfdaşı Aqil isə başından yara alıb. Yaralanan sahibkarlar avtomobillə xəstəxanaya getməyə qərar veriblər. Avtomobili idarə edən Aqil "Don” magistralında Rəsulun artıq nəfəs almadığını görüb. O,  Lipetsk küçəsində avtomobili saxlayıb və təcili tibbi yardım xidmətinə zəng açıb. Ancaq həkimlər gələn zaman artıq yaralının qanaxmadan öldüyünün şahidi olublar. Aqil isə xəstəxanaya yerləşdirilib.

İki və daha artıq şəxsin qətlə yetirilməsi, qanunsuz odlu silah əldə etmə maddələri ilə cinayət işi açılıb. Hazırda azərbaycanlı sahibkarları güllələyən digər azərbaycanlı sahibkar axtarılır.
 
 ***
Rusiyada mübahisə zamanı iki Azərbaycan vətəndaşı güllələnib.

"Komsomolskaya pravda” nəşrinin yazdığına görə, onlardan biri ölüb, digəri isə təsadüf nəticəsində sağ qalıb.

Bildirilir ki, mübahisəyə səbəb çürük kartof olub. Sağ qalan azərbaycanlı bildirib ki, dostu ilə meyvə-tərəvəz bazarına gələrək bir nəfərdən 15 ton kartof alıblar. Lakin kartof anbara gətiriləndə, azərbaycanlılar aldadıqlarını başa düşüblər. Belə ki, məhsulun böyük hissəsi xarab olub.

Onlar bazara qayıdaraq satıcıdan pulun qaytarılmasını tələb ediblər. Kartofu satan şəxs isə malın dediyi əraziyə çatdırılacağı təqdirdə pulu qaytaracağını deyib. Vəd olunan saatda kartofla dolu maşın əraziyə gələndə, azərbaycanlılar orada naməlum şəxsləri görüblər. Sonra onların arasında mübahisə yaranıb. Bu zaman kartofu satan şəxsin adamlarından biri azərbaycanlılara odlu silahdan atəş açıb.

Qətli törədən şəxs polis tərəfindən axtarılır. (oxu.az)