Dünya 23:26 09.08.2019

Rusiyada silah-sursat anbarında növbəti partlayış

Rusiyanın Krasnoyarsk vilayətində silah-sursat anbarında daha bir neçə partlayış baş verib.

Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, Krasnoyarsk diyarının Açinsk şəhəri yaxınlığında yerləşən anbarda partlayış nəticəsində 9 nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hərbi sursat olan stellaja ildırım düşməsi nəticəsində yanğın və partlayış baş verib.

Xatırladaq ki, avqustun 5-də də həmin anbarda partlayış baş vermişdi. Nəticədə bir nəfər həlak olmuş, 13 nəfər yaralanmışdı. Bölgədə fövqəladə vəziyyət elan olunmuş, anbarın yaxınlığındakı yaşayış məntəqələrindən 16 mindən çox adam köçürülmüşdü.