Ekonomiks 12:38 17.08.2013

Rusiyadan Aydın Bəşirova ZƏRBƏ

Qaçaq neft daşıyan “Naftalan” tankeri hələ də Mahaçqala limanında qalır; Rusiya ekspertiza başa çatmadan onu azad etmək istəmir

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçirdiyi əməliyyat nəticəsində iyulun 31-də Xəzərdə qaçaq neft daşıdığına görə saxlanılan Azərbaycan tankeri hələ də Mahaçqala limanında saxlanılır.

Virtualaz.org-a mötəbər qaynaqlardan məlum olub ki, “Naftalan” tankerini azad etmək üçün Xəzər Dövlət Dəniz Gəmiçiliyinin rəhbəri Aydın Bəşirov hazırda Rusiya tərəfi ilə danışıqlar aparır. Xəzər Dövlət Dəniz Gəmiçiliyinin yüksək rütbəli şəxsləri məsələ ilə bağlı Mahaçqalaya gediblər və tankerin azad olunması üçün şərtləri müzakirə ediblər. Lakin Rusiya tərəfi tankeri azad etmək üçün konkret vaxt deməyib.

Xəbər verildiyi kimi, FTX 4,5 min ton neft yüklənmiş tankerin Mahaçqaladan Bakıya, Səngəçal limanına doğru üzərkən saxlanıldığı haqda prezident Vladimir Putinin Bakıya səfəri ərəfəsində rəsmi məlumat yaymışdı. Məlumatda deyilirdi ki, sənədlərdə tankerin mazut daşıdığı göstərilsə də yoxlama nəticəsində məlum olub ki, yük “LUKoil” şirkətinin Xəzərin Rusiya sektorundan hasil etdiyi xam neftdir. FTX gəminin kapitanını və heyət üzvlərini saxlayıb, faktla bağlı strateji əhəmiyyətli yüklərin qaçaqmalçılığı maddəsi üzrə cinayət işi qaldırılıb. Azərbaycan tərəfi bu insidenti heç cür şərh etmir.

Tankerin 20 günə yaxındır Mahaçqala limanında saxlanılması Xəzər Dövlət Dəniz Gəmiçiliyi üçün ciddi maliyyə itkilərinə başa gəlir. Belə ki, “Naftalan” neft daşıyan tankerlər arasında ən irilərindən biridir və onun dayanması heç cür sərfəli deyil. Mahaçqala Nəqliyyat Prokurorluğu neft qaçaqmalçılığı ilə bağlı qaldırılmış cinayət işini araşdırır. Prokurorluqdakı qaynaq bildirib ki, tanker ekspertizanın başa çatmasına qədər Mahaçqalada saxlanılacaq.

Mənbə işin FTX-in Dağıstan idarəsi tərəfindən araşdırıldığını, tankerin heyət üzvvlərinin həbs edilmədiyini, ancaq nəzarət altında olduqlarını və istədikləri vaxt şəhərə çıxa bildiklərini qeyd edib. Ekspertizanın nə vaxt başa çatacağı isə bilinmir. FTX isə məsələ ilə bağlı şərh vermir.

Ekspertlər hesab edir ki, “Naftalan” tankerinin saxlanılması Xəzər üzərindən müntəzəm olaraq iri neft qaçaqmalçılığı əməliyyatlarının həyata keçirildiyini təxmin etməyə əsas verir.

Qaynar.info