Siyasət 16:11 06.08.2019

Rusiyalı ekspert: "Nikol Paşinyan üçüncü qüvvələrin əlində oyuncaqdır"

Ermənistanın baş naziri Nikol Paşinyan xalqın rəğbətini tamamilə itirib və Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Xankəndi şəhərində verdiyi son populist bəyanatlar vasitəsilə onu qaytarmaq üçün uğursuz cəhdlər göstərir.

Xatırladaq ki, ötən gün Ermənistanın hökumət başçısı Azərbaycanın işğal etdikləri torpaqlarında keçirilən "Ümumerməni oyunları” ilə bağlı buraya qanunsuz səfər edərək Qarabağ məsələsi və "ermənilərin birliyi” barədə bəzi bəyanatlar verib.

Bununla bağlı fikirlərini "Report”a çatdıran rusiyalı politoloq Yevgeni Mixaylov "ümumerməni oyunları”nın işğal altındakı Dağlıq Qarabağda keçirilməsini dünya erməni diasporunun Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini əngəlləmək üçün həyata keçirdiyi təxribat kimi dəyərləndirib.

"Paşinyan bu məqsədlə seçilən bir simadan başqa bir şey deyil, əsas oyunçu isə Fransada, ABŞ Senatında lobbiçiliklə məşğul olan Qərbin erməni diasporudur. ABŞ prezidenti Donald Trampın Türkiyəyə "S-400” raketləri aldıqlarının əvəzini çıxmaq üçün "erməni soyqırımı”nı tanıyacağı barədə bu yaxınlarda ötəri şəkildə verilən xəbəri misal gətirmək istəyirəm. Bütün bunlar ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatı ərəfəsində regionda münaqişə törətmək üçün atılan addımlardır”, – deyən rusiyalı ekspert ABŞ-ın gərginlik yaradıb öz mənafeyini təmin etməyə çalışdığını qeyd edib.

Hakimiyyətə populist bəyanatlar və vədlərlə gələrək heç birini yerinə yetirməyən Nikol Paşinyanın xalq arasındakı nüfuzunu tamamilə itirdiyini dilə gətirən ekspert Ermənistan baş nazirinin işğal etdikləri Dağlıq Qarabağa gəlib dünyada ermənilərdən başqa heç kimin xəbəri olmadığı "ümumerməni oyunları”nın açılışında nitq söyləməsini Qarabağdakı separatçı rejimlə həmrəylik göstərmək, bununla da öz hakimiyyət mövqeyini gücləndirmək cəhdi kimi qiymətləndirib.

"Lakin Nikol Paşinyanın bu gün-sabah məğlubiyyətə uğrayacağını hamı gözəl anlayır. Ermənilərə soz danışan yox, iş görən, vədlər verən yox, uzlaşan lider lazımdır. Belə keyfiyyətlərə malik olmayan Paşinyandan Qarabağ məsələsinə dair konstruktiv danışıqlar gözləmək əbəsdir”, - deyən rusiyalı ekspertin fikrincə, Azərbaycan tərəfi Ermənistanın yeni hökumətinə qarşı da diplomatik təzyiq və təkləmə siyasətini davam etdirməlidir.

"Məsələnin dinc həllinin zəmanətçisi olan ölkələrlə, ilk növbədə, Rusiya və Türkiyə ilə yaxından əməkdaşlıq etmək vacibdir. Öz xalqının əmin-amanlığını istəməyən üçüncü qüvvələrin əlində oyuncaqdan başqa bir şey olmayan Ermənistan baş nazirinə isə fikir verməyə dəyməz”, - deyə ekspert fikrini tamamlayıb.