Siyasət 15:35 04.09.2019

Rus ekspert: “Bu planın baş tutmayacağına Paşinyanın özü də əmindir" (ŞƏRH)

"Bu günlərdə "Plan 2050” barədə açıqlama verən Ermənistanın baş naziri Nikol Paşinyan da qarşıya qoyduğu məqsədlərin heç vaxt baş tutmayacağına tam əmindir”.

Bunu "Report”a Moskva Dövlət Universitetinin (MDU) Dünya siyasəti fakültəsinin dosenti Aleksey Fenenko bildirib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan avqustun əvvəllərində işğal etdikləri Azərbaycan ərazisindəki mitinqdə nitqi zamanı 2050-ci ilədək qarşıya qoyduqları "strateji hədəflər”dən söhbət açaraq ölkə əhalisinin 5 milyona çatdırılmasının, 1,5 milyon iş yeri yaradılmasının, yoxsulluğa son qoyulmasının, habelə Ermənistanın sənaye ölkəsinə çevrilməsinin, ÜDM-in 15 dəfə, orta əməkhaqqının 7 dəfə artırılmasının, ölkəyə gələn turist sayının 15 milyona çatdırılmasının və s. vacibliyini diqqətə çatdırmışdı.

Bu "hədəf”ləri şərh edən rusiyalı ekspert onların "ağlabatan”lıq dərəcəsinin göz qabağında olduğunu qeyd edib: "Dənizlərə çıxışı olmayan, heç bir iri sənaye müəssisəssi olmayan bir ölkə ÜDM-ni 15 dəfə artırmaqdan dəm vurur? Bunun nə qədər "ağlabatan” olduğunu yəqin siz də anlayırsınız”.

Ekspertin fikrincə, Ermənistanın baş naziri bu kimi aşıqlamalar verərək həmin hədəflərin heç vaxt baş tutmayacağını gözəl bilir və deməli, bunu müəyyən məqsədlə söyləyir: "Fikrimcə, Qarabağ klanını şirnikləndirməyə çalışır. Qarabağ klanı ilə indi münasibətləri gərgin olduğuna görə həmin qrupun, heç olmasa, bir hissəsini öz tərəfinə çəkmək üçün bu kimi açıqlamalar verir. Yəni "mən də sizdən biriyəm, mənimlə də iş görmək olar” deyə işarə vurur”.

Ermənistanın hazırkı rəhbərlərinin Avropa istiqamətli xarici siyasətinə toxunan rusiyalı ekspert Avropa İttifaqına həmsərhəd olmayan, Avropadan tam tədric olunan, dənizə yalnız Gürcüstan vasitəsilə çıxan bir ölkənin Avropaya hər hansı inteqrasiyası barədə bəhs etməyin yersiz olduğunu diqqətə çatdırıb: "Bu ölkənin, əslində, Avropa İttifaqına bir neçə növ bəzək daşdan başqa təklif etməyə heç nəyi yoxdur. Onun üçün də inteqrasiyaya ehtiyac yoxdur, elə həmin daşların tədarükünə dair İtaliya şirkətlərilə müqavilə bağlasalar kifayətdir”.

Rusiyanın Ermənistandakı mövcud vəziyyətdən narahat olduğunu deyən Moskva Dövlət Universitetinin əməkdaşı səbəb kimi Ermənistanın Avrasiya İqtisadi İttifaqını tərk etməsi ilə bu təşkilata problemlər yarada biləcəyini qeyd edib: "Ermənistanın üzvlükdən çıxması Aİİ-də böhran olduğu barədə səs-küyə rəvac verəcək”.