Dünya 10:11 19.03.2024

Rusiyanı yalnız neftin qiymətinin düşməsi dayandıra bilər - "Reuters"

Vladimir Putin Ukraynaya qarşı müharibəni davam etdirməyə hazırdır. Qərb Rusiyanın neft gəlirlərini azalda bilsə, Putin öz qərarına yenidən baxa bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters"in materialında deyilir.

Karbohidrogen gəlirləri eyni səviyyədə qalsa belə, Rusiya hökuməti öz vətəndaşlarına təzyiq göstərməli olacaq. 24 illik hakimiyyətini uzatmaq üçün yeni altı illik prezidentlik müddəti qazanan Putin müharibəyə daha çox pul xərclədiyindən iqtisadiyyat problemlərlə üzləşir. Müharibə başlayandan bəri müdafiə xərcləri üç dəfə artaraq bu ilki büdcədə 118 milyard dollar çatıb. İnflyasiya 7,7% təşkil edir.

Mərkəzi bank faiz dərəcələrini 16%-ə qaldırıb və inflyasiyanın 4%-lik hədəfə endirilməsi üçün rəsmi borclanma xərclərinin "uzun müddət” yüksək qalmalı olacağını söyləyib. Hökumət rublu dəstəkləmək üçün kapitala nəzarət tətbiq edir. 

Hökumət həmçinin daxili istehlakı istehsala uyğunlaşdırmaq üçün fiskal tədbirlər görməlidir. Siyahıda yüksək ehtimalla varlı şəxsləri və şirkətləri hədəf alan vergi artımları olacaq. Putin artıq bununla bağlı siqnal verib. Bu cür qərarlar bəziləri tərəfindən isti qarşılanmasa da o, müqavimətlə üzləşməyəcək

Putin öyünür ki, Rusiya iqtisadiyyatı keçən il 3,6% artıb ki, bu da Ukraynanı dəstəkləyən zəngin "G7” ölkələrindən daha yüksəkdir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, ÜDM bu il 2,6%, gələn il isə 1,1% artacaq.

Ancaq əsas mənzərə rəqəmlərin təklif etdiyi qədər yaxşı deyil. Birincisi, müharibə iqtisadiyyatı öz təbiətinə görə adi insanların istehlak edə biləcəyi məhsullar istehsal etmir. "RBC BlueBay Asset Management”in strateqi Tim Eş bildirir ki, hökumətin daha çox milli gəliri tank və mərmi istehsalına ayırması ilə istehlak malları və xidmətlər üçün daha az pulu olacaq.

Hökumət keçən il ÜDM-in 3,7%-i qədər büdcə kəsirini maliyyələşdirmək üçün suveren fonduna əl qoyaraq əhalini müharibənin iqtisadi xərclərindən qorudu. Lakin bu, dayanıqlı deyil, çünki iki il əvvəl Putinin Ukraynaya təcavüzündən sonra fondun likvid aktivləri iki dəfədən çox azalıb və hazırda milli gəlirin cəmi 2,7%-ni təşkil edir. Bu və ya digər şəkildə hərbi iqtisadiyyat qeyri-hərbi xərcləri sıxışdıracaq. Bu, daha yüksək vergilər, inflyasiya, yüksək faiz dərəcələri və xərclərin azaldılması ilə baş verəcək.

Üstəlik, müharibə Rusiyanın ortamüddətli perspektivlərinə zərbə vurur. Qərbin sanksiyaları onu qabaqcıl texnologiyalardan məhrum edir. Putinin artırmaq arzusunda olduğu əmək məhsuldarlığı müharibənin ilk ilində 3,6% azalıb. İnvestisiya 2017-ci ildəki 21,4%-dən 2022-ci ildə ÜDM-in 19,7%-nə düşüb.

ABŞ hökumətinin məlumatına görə, 315 minə yaxın rusiyalı hərbçi ölüb və ya yaralanıb, müstəqil "Re:Russia” nəşri isə ötən ilin iyul ayına qədər 800 mindən çoxunun ölkəni tərk etdiyini təxmin edir. Gənc və savadlı insanların beyin axını iqtisadiyyata daha bir zərbədir.

İqtisadiyyat durğun görünsə də, Rusiya prezidenti müharibənin davam etməsinə mane olan heç bir daxili maliyyə məhdudiyyəti ilə üzləşmir. Və eyni zamanda, o, hələ heç bir kənar məhdudiyyət altında deyil.

Putin buna tab gətirə bildi, çünki Rusiya hələ də karbohidrogenlərdən böyük gəlir əldə edir. Ukraynanın müttəfiqlərinin Rusiya neftinə embarqo qoymasına və Avropanın onun qazına alternativ tapmasına baxmayaraq, 2023-cü ildə Rusiyanın 51 milyard dollarlıq cari balansın profisiti yaranıb. Bu rəqəm əvvəlki ilin rekordu olan 238 milyard dollardan az olsa da, Moskva hələ də gəlirdədir.

Kiyev İqtisadiyyat Məktəbinin baş elmi işçisi Ceykob Nell bildirir ki, əgər Ukraynanın müttəfiqləri Rusiyanın ixrac gəlirlərini kəsirlə nəticələnəcək qədər azalda bilsələr, vəziyyət dəyişə bilər. O vurğulayır ki, Rusiya və ondan əvvəl Sovet İttifaqı cari hesabının mənfi olduğu zaman böhranla üzləşib. 

Lazım olduqda, Rusiya idxalı bir qədər azalda biləcəyi üçün Nell hesab edir ki, Putin iqtisadiyyatı sabitləşdirmək üçün ciddi tədbirlər görməzdən əvvəl ixracat təxminən 80 milyard dollar azalmalıdır. Bunun təxminən 30 milyard dolları qaz embarqosunun sərtləşdirilməsi, həmçinin gübrələrin və nikel kimi metalların ixracına qoyulan məhdudiyyətlərdən əldə edilə bilər. Lakin xərclərin əsas hissəsi Moskvanın neftə görə aldığı qiyməti bir barel üçün 50 dollara endirmək hesabına olacaq.

Bunu söyləmək etməkdən daha asandır. 2022-ci ilin sonunda G7 ölkələri və digər müttəfiqlər Rusiya neftinin barreli üçün 60 dollar qiymət limiti tətbiq ediblər. Bununla belə, Urals markalı neftin bir barreli 71 dollar civarında, Brent markalı neftdən təxminən 14 dollar aşağı satılır. ABŞ qiymət limitini pozan tankerlərə qarşı sanksiyaları sərtləşdirsə də, Rusiya öz donanmasından istifadə etməklə onlardan qismən yan keçə bilər.

Qlobal neft qiymətləri aşağı düşərsə, Ukraynanın müttəfiqlərinin bəxti gətirə bilər. Bu olmasa, Rusiya neftinin qiymətini 60 dollara, hətta 50 dollara endirmək üçün daha sərt tədbirlərə ehtiyac duyacaqlar.

Nell deyir ki, bu məqsədə çatmağın açarı Rusiyanın dəniz neftinin ən böyük idxalçısı olan Hindistanı yüksək qiymətləri ödəməyi dayandırmağa inandırmaq olacaq. O zaman ölkə daha ucuz neftdən faydalana bilər və onun emalçıları öz mənfəətlərini artıra bilərdilər.

Problem ondadır ki, Rusiya nefti belə aşağı qiymətə satmaqdan imtina edə, əvəzində hasilatı məhdudlaşdıra bilər. Bu, dünya bazarında neftin qiymətinin artmasına gətirib çıxaracaq ki, bu da Hindistana, eləcə də Ukraynanın müttəfiqlərinə ziyan vuracaq. Neft tədarükünün kəsilməsi Rusiyaya zərər versə də, yüksək neft qiymətləri Donald Trampın noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gəlmə şansını artırarsa, Putin bir müddət riskə getməyə hazır ola bilər.

Ukraynanın müttəfiqləri hələ ki, Rusiyanın gəlirlərini kəskin azaltmaq üçün lazımi riskləri götürməyə hazır deyillər. "Reuters”in məqaləsində qeyd olunur ki, onlar bunu etməyənə qədər Putinin müharibəni dayandırmaq üçün heç bir maliyyə səbəbi olmayacaq.

Nizami Bağırov