phrase_var_qaynar. 12:51 17.11.2021

Rusiyanın Qarabağ məsələsində yaratdığı boşluqlar və acı nəticələr... (ŞƏRH)

"Belə yanaşma Rusiyanın vasitəçilik missiyasında götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində boşluğun yaranması və ondan da digərlərinin istifadə etməsinin nəticəsidir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Vaşinqtonun Bakı ilə İrəvana dərhal danışıqlara başlamaqla bağlı çağırışında ATƏT-in Minsk qrupu və Dövlət Departamentinin adını xüsusi olaraq vurğulamasına münasibət bildirərkən deyib:

"Rusiya yaz aylarında vasitəçilik prosesində passiv idi. Belə vəziyyətdə ABŞ Dövlət Departamenti təşəbbüs göstərərək, Gürcüstan vasitəsilə erməni diversantlarının mina xəritələrilə dəyişdirilməsinə nail oldu. İki həftədən sonra həmin prosesi Moskva təkrarladı. Bu onu göstərir ki, vasitəçilik missiyasında götürülən öhdəliklər yerinə yetirilmir və ləngimə baş verirsə, boşluqlar yaranır, ondan da digərləri istifadə edir. Ona görə belə boşluq yaranmamalıdır. Bu da artıq Rusiyanın işidir”.
 
 

Həmsöhbətimizə görə, Ağ Evin həmin çağırışında habelə kommunikasiyaların açılması və sərhədlərin delimitasiya, demarkasiya prosesini Bakı-Moskva-İrəvan-Ankara formatından çıxarıb, Minsk qrupu həmsədrləri formatına salmaq məqsədi güdülür:

"Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq, sərhəddə təxribatlar törətmək, Paşinyanın Rusiya Prezidenti Putinlə danışıqlar aparıb, hazırlanan görüşü inkar etmək - bütün bunlar məhz həmin məqsədə xidmət edir. İrəvanda Rusiyaya qarşı mitinq və piketlərin təşkili və hazırkı böhran Parislə Vaşinqtona imkan yaradır ki, onlar da fəal şəkildə vasitəçilik missiyasına qoşulsun. 

Rusiya 10 Noyabr bəyannaməsinin ildönümü ilə bağlı xüsusi bəyanat yaymışdı. Burada Minsk qrupuna sosisl-iqtisadi və humanitar məsələlərlə məşğul olmaq tövsiyə olunurdu. Deməli, əsas siyasi çəkisi olan məsələlər gözə görünən üçtərəfli və gözə görünməyən dördtərəfli formatda həll olunur. Bir sözlə, Paşinyan yaratdığı bu böhranla Minsk qrupu həmsədrlərinə stimul verib ki, onlar da ciddi məsələlərin müzakirəsinə qoşulsun. Beləliklə də, onlar ABŞ-ı da prosesə qoşmaqla Rusiyanın vasitəçilik rolunu aşağı salmaq istəyirlər”. 

Qeyd edək ki, Azərbaycan və Ermənistan sərhədində baş verən təxribat fonunda ABŞ tərəfləri dərhal danışıqları bərpa etməyə çağırıb. ABŞ Ermənistan və Azərbaycanı dərhal danışıqlara, o cümlədən, ATƏT-in Minsk Qrupu - Dövlət Departamentinin rəhbərliyi ilə danışıqları bərpa etməyə səsləyib.

Rüfət Sultan

Oxşar xəbərlər