Siyasət 18:48 28.03.2013

Rüstəm İbrahimbəyov Elmar Məmmədyarovla qohumluğundan danışdı

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Rusiya Azərbaycan Təşkilatları İttifaqı Koordinasiya Şurasının üzvü, Ziyalılar Forumunun təsisçilərindən olan yazıçı Rüstəm İbrahimbəyov “Media forum” saytına verdiyi müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarovla olan qohumluğundan danışıb. 

İbrahimbəyov bildirib ki, deyildiyi kimi Məmmədyarov onun bacısı oğlu yox, əmisi qızının oğludur: "Elmar Məmmədyarov mənim əmim qızının oğludur. Atası Məhərrəm Məmmədyarov çox görkəmli alimdir. Naxçıvanlıdır, orada işləyib, uzun müddət Naxçıvanda Elmlər Akademiyasının rəhbəri olub. Gözəl insandır. Anası isə mənim əmim qızıdır. Elmar Məmmədyarovla qohum olsaq da, dünyagörüşlərimiz, mövqeyimiz tam fərqlidir, bir-birinə ziddir. Elmar yaşda məndən çox balacadır. Onun valideynləri ilə yaxın ünsiyyətdə idim, özüylə yox. Amma hesab edirəm ki, çox bacarıqlı, işgüzar nazirdir. İnanmıram ki, mənə görə ona nəsə etsinlər. Çünki son illər biz heç ünsiyyət saxlamamışıq, üç ildir bir-birimizi görmürük. Elmar Məmmədyarov Azərbaycan prezidentinə çox sadiq adamdır. Ona görə bizim görüşməyimizin heç bir mənası yoxdur, görüşmürük də". 

Qaynar.info