Demokratik Qüvvələri Milli Şurasının sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov avqustun 16-da “Media forum” saytına danışıb.
O bildirib ki, Rusiya vətəndaşlığından çıxmaq müraciətinə cavab verilməyib: “Hələlik yeni informasiya yoxdur. Cavab gözləyirəm. Məsələni tez bir zamanda həll etmək üçün cəhdlərimi davam etdirirəm”.
Rüstəm İbrahimbəyov Milli Şuranın avqustun 18-də keçirəcəyi mitinqə də toxunub və insanları aksiyada iştiraka çağırıb: “Mitinq Milli Şuranın qərarı ilə keçirilir. Çox vacib aksiyadır. Çünki Azərbaycanda seçkiqabağı mühit çox mürəkkəbdir. Hakimiyyət tam gücü ilə demokratik qüvvələrə hücuma keçib, günahsız insanları müxtəlif bəhanələrlə həbs edir, əsassız ittihamlar irəli sürür, dövlət çevrilişində günahlandırır. Bütün bunlar insanların gözünü qorxuzmağa yönəlib. Ona görə də mitinqdə iştirak çox vacibdir. Yəqin ki, mitinqdə səsləndirilməsi üçün müraciət göndərəcəm”.
Rusiya vətəndaşlığından çıxması ilə bağlı sənəd ala və bununla da prezidentliyə namizəd ola bilməyəcəyi halda qurumun namizədinin kim olacağına gəlincə, Rüstəm İbrahimbəyov deyib: “Mən bununla bağlı mövqeyimi bildirmişəm. Milli Şura da mövqe ortaya qoyub. Məsələ müsbət həll olunacaq. Müzakirələr gedir”.
Şərhlər