Siyasət 12:52 24.06.2013

Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmazsa…

Eldəniz Quliyev: “İlham Əliyev beynəlxalq görüşlərdə öz alternativlərinə qarşı basqı olmadığını dedi”

“Demokratik düşərgənin - Milli Şuranın vahid namizədi olacaqsa və bu, qeydə alınmayaqsa, hakimiyyətin böyük problemi olacaq. Adını nə qoyub qeydiyyata almayacaqlar?”.

Bunu Qaynar.info-ya açıqalamasında Milli Şuranın üzvü Eldəniz Quliyev deyib. O bildirib ki, demokratik düşərgənin namizədinin qeydə alınmaması o deməkdir ki, hakimiyyət saxtakarlıqla seçki prosesinə əngəl törədir: “İlham Əliyev beynəlxalq görüşlərdə öz alternativlərinə qarşı basqı olmadığını dedi. Amma müdaxilələr olarsa, Azərbaycan iqtidarı dünyanın tənqidinə tuş gələcək”.

E.Quliyevin sözlərinə görə, Rüstəm müəllimin dediyi "Öldürülməkdən də, həbs olunmaq da qorxuram" fikri xəbərdarlıq idi: "Bu, preventiv addımlardır. Rüstəm müəllim nə öldürülməkdən, nə də başqa təhlükələrdən qorxur. Rüstəm müəllim rasional, praqmatik adamdır. Onun belə deməsi ondan xəbər verir ki, Azərbaycanda günahsız adamı öldürə də, tuta da, ona qarşı təhlükə də yarada bilərlər”.

E.Quliyevin qeyd edib ki, demokratik düşərgə Rüstəm müəllimin vahid namizədliyini dəstəkləyir: “Ola bilər, Milli Şuranın bir neçə namizədi olsun, amma sonda onlar vahid mövqedən çıxış edərək bir nəfərin namizədliyini irəli sürəcəklər. Hamı anlayıb ki, Rüstəm İbrahimbəyov şəxsiyyəti vahid namizəd parametrlərinə cavab verir. Bu və ya digər formada hamı onu qəbul edir, onun ətrafında birləşməyi məqbul hesab edirlər”.

İlkin
Qaynar.info